"İstəyim gündəmdə qalmaq deyil, istəyim tarixdə qalmaqdır"
Tarix: 19-09-2020, 10:00



Tofiq Hacıyev - bir zamanlar hər kəsin sevə-sevə izlədiyi "İnterpapa" kinokomediyasından "Söhbət" kimi tanınan, hal-hazırda bəstəkar və müğənni kimi fəaliyyət göstərən gənc istedad...
Uşaqlıqdan incəsənətin əksər sahələrində özünü sınayan, çoxlarının "Mister Totu" kimi tanıdığı Tofiq Hacıyevlə həmsöhbət olduq. Özü barədə Sputnik Azərbaycan-a danışan sənətçinin dediyinə görə, onun "ulduz"u 2006-cı ildən parlamağa başlayıb. Amma həmin illərdə yaşı az olduğundan populyarlığının fərqində belə olmayıb: "Məktəblərarası "KVN" çempionatında 1-ci olmuşduq. Həmin çempionatın ən kiçik və ən sevilən aktyoru oldum. Çempionatdan sonra atamla əlaqə saxlayıblar. O dövrdə gündəm tez-tez dəyişmirdi. Filmlər az idi. Çox az sayda film çəkilirdi. Bir film çəkilirdi, uzun müddət danışılırdı. O dövrdə belə bir adət vardı: televizoru məhlədə qoyurdular, həmin televizora hamı baxırdı. Həmin filmin kirayə kasetləri satılırdı. O dövrün ulduzu idim. Hamı məni "Söhbət" kimi tanıyırdı. Maraqlı idi, amma mən bunun fərqində deyildim. Başa düşmürdüm bunları. O filmdə çox məşhur aktyorlar rol almışdılar. "İnterpapa" mənə təcrübə qazandırdı".




© PHOTO : COURTESY OF TOFİK HADJİYEV
Tofiq Hacıyev

"Məşhurluq, tanınmaq və s. - bunlar ötəri, gəldi-gedərdir. Yəni bu gün çox məşhur ola bilərsən, amma onu sabah itirə bilərsən. Amma təcrübə uzun illər sənə lazım olacaq, bu, sənin qazancındır. Peşəkar aktyorlarla çəkilirdim, bəzən 24 saatlıq çəkilişlər var idi. Bu, mənim üçün yenilik idi. Məktəbdə də icazə vermişdilər, amma uzun müddət məktəbdən uzaq düşmüşdüm", - deyə T.Hacıyev bildirdi.
Filmdən sonra aktyor olmağı düşünən qəhrəmanımız Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. Rejissor olsa, aktyoru daha yaxşı anlayacağını düşünüb: "Niyə rejissorluq? Düşünürdüm ki, yaxşı rejissor olsam, aktyoru daha yaxşı anlayaram. Bundan başqa, rejissorluğun sirlərini də öyrənərəm. Biz oxuduğumuz illərdə rejissorluqla yanaşı, aktyorluğu da öyrədirdilər. Öncə Azərpaşa Nemətovun, sonra da Bəhram Osmanovun tələbəsi oldum".
Tələbəlik illərində ətrafındakılar onun qeyri-adi səsi olduğunu söyləyirlər. Amma o özü buna əmin olmur: "Mənə qəribə gəlirdi. "Yox nə danışırsınız, mən müğənni ola bilmərəm" deyirdim. Amma sonra Mübariz Tağıyevin yanına getdim. O da məni dəstəklədi, dedi, çox fərqli səsin var. Bundan sonra fikirləşirdim ki, vəssalam, səhnəyə çıxan kimi olursan ulduz".




© PHOTO : COURTESY OF TOFİK HADJİYEV
Tofiq Hacıyev

Tofiq səhnə həyatına ilk addımlarını hamıdan gizlin atmağı qərara alır. Amma... ""Avroviziya" mahnı müsabiqəsinin seçim turları var idi. Əvvəllər gizli idi. Mən seçim turuna qatıldığım ilə qədər qapalı idi. Dedim, evdən gizlin gedim, müsabiqənin seçim turunda iştirak edim. Nə olar, olar. Onsuz da heç kim bilməyəcək. Dedim, bəlkə, doğrudan da mən istedadlıyam? Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır... Mən getdiyim il seçim turu açıq imiş. Bu sənətdə naşı idim. Qeyri-peşəkar çıxış idi, amma insanlar maraqla qarşıladılar. Sevilsəm də bu, peşəkarlığa görə deyildi. Bəlkə də səhnədə komplekslərdən uzaq oluram, bəlkə də bu onların diqqətini cəlb etdi. Həmin çıxışla mən anladım ki, mən özümü inkişaf etdirməliyəm".
Hacıyev 2015-ci ildə ilk dəfə dünya arenasına çıxır. Bu, onun həyatında mühüm bir hadisəyə çevrilir: "2015-ci ildə "Addım" Gənclər təşkilatı tərəfindən Bolqarıstanda Azərbaycanı təmsil etməklə bağlı təklif aldım. "Ən yaxşı kişi səsi" və "Avropanın ən xarizmatik kişisi" seçildim. Müsabiqədə ən çox nominasiya alan şəxs qalib sayılırdı. Mən də qaliblər sırasında idim. Düzdür, bu status 1 il ərzində gedir, amma mənim üçün ömürlük oldu. Hər müsabiqədə, hər çıxışda anlayıram ki, yox, hələ də yaxşı deyiləm. Heç vaxt qane olmuram".
"Xarizmatik artisti həm münsiflər heyəti, həm də tamaşaçılar seçirdilər. Bolqarıstanın Varna şəhərində idi. Həmin yarış şəhərin ən gündəmdə olan yarışı idi. Yarış bitər-bitməz olursan şəhərin ulduzu. Hər kəs səni tanıyır. Həmin müddət mən də Varnanın ulduzu oldum. Ermənilər orada da öz əbədi-əzəli xislətlərindən əl çəkmədilər. Orada da mənə mane olmağa çalışırdılar. Mənim üçün ilk idi, təcrübəsiz idim. Baxırdın, sənin üçün təyin olunan 1 saatlıq məşq vaxtı sıxışdırılıb, yarım saatını əlindən alıblar. Amma mən buna köklənmədim, çıxışımı düşündüm. Ümumiyyətlə, insanları yola verə bilirəm, düşünürdüm ki, ona fokuslanmayım. Əks halda, həvəsdən düşərəm, bu da mənə zərərlidir", - deyə o əlavə edib.




COURTESY OF TOFİK HADJİYEV
Tofiq Hacıyev

Sənətə aktyor kimi gələn, sonradan rejissorluq və müğənniliklə məşğul olan Tofiq daha bir sahəyə baş vurur – özünü bəstəkar kimi sınayır: "Gənc müğənni Ruslan Alişana mahnı yazmışdım. Həmin müğənniyə yazdığım "Bağışla" adlı mahnım Tünzalə Ağayevanın diqqətini çəkib. Zəng gəldi ki, Tünzalə xanım bu mahnını duet oxumaq istəyir. Tünzalə xanım öz sənətinə qarşı hədsiz həssaslıqla yanaşır. Hər mahnını qəbul etmir. Bu, məndə özümə inam yaratdı".
Həmsöhbətimiz bəstələdiyi mahnılar sevilsə də, özünü bəstəkar adlandırmır: "Həvəskar mahnı müəllifi desəm, daha doğru olar. Çünki bəstəkar çox böyük səslənir, mən hələ bu sahə üzrə təhsil almamışam. Çox istəyərəm,  bu sahə üzrə təhsil alım. Amma hələ ki buna vaxtım yoxdur. Çünki təhsillə inkişaf etdirmək istədiyim karyeramın yolları düz gəlmir. Ona görə yalnız bir yolu seçməliyəm. İndi karyeram da inkişaf mərhələsindədir, bunu dayandırmaq olmaz. Zamanında Azərbaycanda, eləcə də dünyada xeyli sayda bu sahədə kənar insanlar olub ki, onlar qeyri-peşə sahibləri olublar, amma xeyli mahnıları var. Bunu tamaşaçı həll edir. Zamanında onların yazdıqları qəbul olunmasaydı, dinləyicilər qəbul etməsəydilər, onlar bu sahə üzrə davam etməzdilər. İnsan mübarizə aparmalıdır, inandığı şeylərin arxasınca getməlidir.




© PHOTO : COURTESY OF TOFİK HADJİYEV
Tofiq Hacıyev

Müsahibimiz əlavə edir ki, onun müəllifi olduğu mahnılar ölkə əhəmiyyətli layihələrdə səslənib: ""Səs Azərbaycan" layihəsinə qatıldım. Ondan sonra Formula-1 yarışında könüllülər üçün himn müsabiqəsi elan olundu. Bir neçə şəxs himn göndərdi. Onların içində çox məşhur olanlar da var idi. Mən də göndərdim. Həmin il mənim yazdığım himn Azərbaycan rəsmi Formula-1 könüllülər himni seçildi. Bu da mənim üçün artıq bir təsdiq idi. Məndə bir motivasiya yarandı ki, bəli, məndə alınır. Bir neçə təklif gəldi. Teatrlarda uşaq tamaşalarına musiqi tərtibatı üçün təkliflər gəldi. Bundan sonra sifarişli mahnılar yazdım. Bəstəkar olaraq növbəti mərhələm - Prezident İlham Əliyevin sərəncamı ilə "Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş "Solğun çiçəklər" serialının sound-trekinin və serialda səslənən bütün musiqilərin müəllifi mən oldum".
"İstəyim gündəmdə qalmaq deyil. İstəyim tarixdə qalmaqdır" deyən qəhrəmanımızın ən böyük qorxusu unudulmaqdır: "Bunun üçün çalışıram, ömür vəfa etsə, Allah qismət eləsə, tarixdə qalmaq ən böyük arzumdur. Yaradıcılığım təkcə hansısa verilişə çıxmaq, şou-proqramda iştirak etmək üçün deyil. Təbii ki, onlar da lazımdır, günün nəbzini tutmaq gərəkdir. Amma arzum və məqsədim Azərbaycanın ən yaxşılarından olmaqdır. İstəyim Azərbaycandan kənarda, xaricdə ölkəmizi təmsil etməkdir. Əlimdə elə şanslar olub ki, bəlkə də başqası düşünmədən gedərdi. Bolqarıstandakı yarışdan sonra 5 ölkədən təklif gəldi. Amma mən istəyirəm, burada qalım, buranı inkişaf etdirim. Təbii ki, dünyaya çıxmaq istəyirəm, amma əvvəl buranı inkişaf etdirmək istəyirəm", - deyə bildirdi.
Hacıyev söyləyir ki, səhnədə onun üçün heç bir sərhəd yoxdur: "Tamaşaçının arxasınca getmək istəmirəm, onları öz arxamca aparmaq istəyirəm. İstəyirəm, mənim tərzimi, stilimi qəbul etsinlər. Həyatda utancaq, qapalı insanam. Amma səhnədə hər şeyi unuduram. İstənilən saç düzümü, istənilən geyimlə səhnəyə çıxa bilərəm. Necə ki, etmişəm. Saçımı bir dəfə saraltdım, bir dəfə də ağartdım. "King of the night" mahnısı üçün saçımı ağartdım. Mahnının klipi Kanadada çəkildi. Biz planlaşdırırdıq ki, bu, ingilis dilli mahnıdır və klip də Kanadada çəkilməlidir. Bununla dünya bazarına bir yoxlanış edək. Sözsüz ki, birdən-birə çıxa bilməzdik. Mahnı dünya musiqi telekanallarında bir çox ölkələrdə gün ərzində 2 dəfə yayımlanmaq hüququ qazandı. Bunun özü də böyük işdir. Həmin klipə görə saçımı ağartdım. O saçı rənglətdiyim vaxt nə çəkdim, bir Allah bilir. Yazıq xanımlar nələr çəkirlər".




© PHOTO : COURTESY OF TOFİK HADJİYEV
Tofiq Hacıyev

"Sənət baxımdan məni ən böyük dəstəkləyən ailəmdir" deyir müsahibimiz: "Atama desəm ki, işini at, gəl yanımda 24 saat dayan, bütün işini atıb mənim yanımda olar. Mən desəm ki, saçımı saraltmaq istəyirəm, o deyəcək, "bəlkə, qırmızı edəsən?" Hər addımımda yanımdadır. Bu barədə çox şanslıyam. Bəzən insan bunun fərqində olmur. Elə bilirsən ki, hamının ailəsi, atası belədir. Amma o qədər məşhurlar tanıyırıq ki, həyat hekayələrini danışanda deyirlər, "kaş ailəm mənim fikrimə hörmətlə yanaşardı".
Sənətçinin fikrincə, sənətə maddiyyata görə gələnlər uğur qazana bilməzlər: "Təəssüf ki, mənim üslubumda oxuyan insan yoxdur Azərbaycanda. Mən sağlam rəqabəti çox sevirəm. Gənc müğənniləri də izləyirəm. İçində inkişaf edəni də var, istedadlı olub yerində sayanları da. Əksəriyyəti bu sənətə pul qazanmaq üçün gəlir, pul xərcləmək istəmir. Pulu düşündüyün an sənət yox olur".




Paylaş: