"Təhsil heç vaxt ticarətə çevrilməməlidir"
Tarix: 19-09-2020, 09:44



“Çox təəssüflər olsun ki, müstəqilliyə keçən kimi biz birdən-birə ödənişli təhsilə keçdik və təhsilə hələ də qazanc mənbəyi kimi baxırıq”

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu təhsil sistemində köklü dəyişiklik etməyin vacibliyini vurğulayıb:

“Mənim həmişə bu barədə fikrim birmənalı olub. Yəni təhsil heç vaxt ticarətə çevrilməməlidir. Təhsil mənəviyyatdır, bir ölkənin gələcəyidir və ona ticarət kimi baxmaq olmaz. Çox təəssüflər olsun ki, müstəqilliyə keçən kimi biz birdən-birə ödənişli təhsilə keçdik və təhsilə hələ də qazanc mənbəyi kimi baxırıq. Bir çox universitetlərdə lazımsız yerə ödənişli fakültələr yaradıldı. Təbii ki, bu da bir keçid dövrü idi. Amma şükür ki, indi həmin o ticarət yolunu tutan universitetlər yavaş-yavaş ləğv olunur. Nəhayət yuxarılarda dərk olundu ki, doğrudan da təhsil böyük investisiyadır. Amma bu gün dilident gətirən investisiya deyil. Bu ölkənin sabahını müəyyənləşdirən bir investisiyadır. Müsəlman öyrənib ki, elə bu gün dükan açan kimi işləyib gəlir əldə etsin. Bu, bizim psixologiyamızın təməlində var. Yəqin ki, peyğəmbərimiz də ticarətçi olub və ondan ayrı yaxşı şeylər götürməsək də, ticarəti götürmüşük. Otuz illik müstəqillik bir dövlət üçün elə böyük tarix deyil. Axır ki, başa düşmüşük ki, təhsil bizim ölkəmizin gələcəyidir. Qəribəsi odur ki, biz ancaq təhsil nazirlərini dəyişməklə məşğuluq, amma təhsili kökündən dəyişmək haqda heç kim fikirləşmir. Ona görə də bizdə tez-tez nazirləri dəyişmək əvəzinə, təhsili dəyişmək lazımdır. Bunun üçün isə dünya ölkələrinin təhsil sistemini götürüb onun üzərində bir sistem yaratmalıyıq. Biz ancaq eksperimentlər aparırıq və hələ ki, vahid sistem yarada bilməmişik. 
O ki, qaldı 30 mindən artıq tələbənin son illər təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən xaric edilməsi, böyük bir faciədir. Mənə elə gəlir ki, həmin uşaqlar tələbə cameəsinin “qaymaqlarıdır”. Çünki onlar hamısı kasıb balalarıdır və kasıb ailələrinin uşaqları da oxuyan olur. Bir çox uşaqların təhsil haqqına görə mən özüm də xahiş etmişəm. Məni hələ belə yandıran elə bir məsələ yoxdur. Buna görə rektoru da qınamaq olmur. Biz nə qədər ki, sağlam təməl qura bilməmişik, onun üzərində nə qədər dəyişiklik etsək, faydası olmayacaq. Bu gün yenə də gec deyil, çalışmaq lazımdır, amma hər ötən gün bizdən gedir. Çünki hər ötən gün ölkəmizin gələcəyi olan bu cür savadlı gənclərimizi itiririk”.

Paylaş: