Qulu Məhərrəmli: “Tənqidçilərin efirdə çıxış etməsi dövlət və hakimiyyət üçün təhlükə deyil, əksinə...”
Tarix: 17-09-2020, 08:45



Azərbaycanda internet televiziyalarının bir bumu başlanıb. Bunun peşəkarlıq, rəqabətlilik baxımdan nə dərəcədə pozitiv olduğunu birmənalı söyləmək çətindir, lakin tək reallıq var - həmin efirlərdə siyasətə, tənqidə geniş yer verilir.
İstər Musavat TV-nin, istər Xural TV-nin, Reaksiya TV-nin, istərsə digər internet kanallarının canlı yayımları, debatları, hər birində qızğın polemikalar gedir, fərqli fikirlər, tənqidlər eşidilir.
Bu müzakirələrdə hakimiyyətlə eyni mövqedə olmayan siyasətçilərə efir verilməsi isbat etdi ki, siyasətin televiziyaya gəlməsi heç də qorxulu deyil. Əksinə, cəmiyyətdə atomlaşan gərginliyi boşaldır, canlı efirdə deyilən sözlər insanların ürəyindən “tikan çıxarır”. Habelə, bu halda insanlar qeyri-sağlam, dövlət əleyhinə yönələn, xaricdən idarə olunan, yayımlanan tv-lərə deyil, məhz sağlam tənqidçilərə tamaşa etməyə üstünlük verirlər. 
O baxımdan tənqidin, siyasətin, müxalif fikirli siyasətçilərin efirlərə daşınmasında hakimiyyət üçün hər hansı qorxulu məqam yoxdur.
Necə ki, 90-cı illərdə, o cümlədən 2000-ci illərin əvvəllərində müxalifət partiyalarının sədrləri AzTV, ANS, Space kimi telekanallarda çıxış edirdilər.
Amma indi internet televiziyalarına siyasətin gəlməsini ənənəvi telekanallarda görmürük.
Televiziyanın radio, qəzet, portaldan fərqli olaraq, kütləvi baxılan informasiya məkanı olduğunu nəzərə alsaq, siyasətin efirə gətirilməsinə ciddi zərurət var.
Futbol termini ilə desək, bu gün internet TV-lər ənənəvi telekanalları driblinq üslubu (önündəki rəqibi sürətli və uğurlu manevrlə ötmək) ilə keçib gedirlər.
Telejurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat” bildirdi ki, bu gün televiziyaların auditoriyasının daralmasının bir səbəbi də ekranlarda ictimai müzakirə proqramlarının az olması, diskussiyalarda müstəqil düşüncə sahiblərinin, siyasi partiya təmsilçilərinin, tənqidçilərin iştirak etməməsidir.

Professorun fikrincə, vaxtilə telekanallarda bu kateqoriyalı insanlar görünürdü, fikir mübadiləsi aparılırdı, səslənən fikirlər subyektiv ola bilirdi: “Amma tamaşaçı baxırdı, nəyin doğru, nəyin yanlış olduğunu təhlil edirdi. Bu gün birtərəfli qaydada təbliğatın aparılması media siyasətinin ən ciddi nöqsanlarından biridir. İnternetə qonşuluq şəraitində televiziyaların uduzmasının əsas səbəbi həmin seqmentin onlayn TV-lərdə görünməsidir.
Bu gün internet televiziyalarında bir bum yaşanır, efirə çıxışı qadağan olunmuş siyasətçilər, partiya sədrləri canlı yayıma qoşulurlar, fikirlərini cəmiyyətə çatdırırlar.
Onlar mütləq həqiqətin daşıyıcısı deyillər, amma müəyyən toplumun istəklərini çatdırırlar, ifadə edirlər.
Bununla auditoriyanın rəğbətini qazanırlar, həm də yutub kanallarının populyarlaşmasına xidmət edirlər. Ona görə bizim media siyasətini aparanlar bunu dərk etməlidirlər".
Q.Məhərrəmli ictimai müzakirə proqramlarının sayının artırılmasının vacibliyini vurğuladı: “Bu gün İctimai Televiziyada bu tendensiya gedir. Arzu edərdim ki, daha geniş spektrdə ifadə olunsun.
Anlamaq lazımdır ki, bu adamlar cəmiyyət üçün təhlükə deyil. Kimlərin təhlükə olmasını cəmiyyət yaxşı görür.
Aydın görünür ki, tənqidi söyləyənlər dövlətə, hakimiyyətə təhlükə deyil. Əksinə, təhlükəli vəzifə tutub büdcə oğurluğu ilə məşğul olanlardır. Bu mənada televiziyalarda pəncərələri geniş açmaq lazımdır.
Ən kəskin tənqidçilərin efirə çağırılması işin xeyrinədir. Bu, gərginliyi azaldır, fikir müxtəlifliyini əks etdirir. Mən arzu edərdim ki, bu məsələləri nəzərə alsınlar. Biz media siyasətinə yenidən baxmalıyıq. Bu media siyasətini özünün qazanc yerinə çevirənlərə yaxa qurtarmaq imkanları açır. Biz gördük ki, bu siyasət zərərlidir, yanlışdır, müstəqilliyin möhkəmlənməsinə xidmət etmir, ayrı-ayrı məmurların ailəsinə, maraqlarına kömək edir".

TV Müsavatın “Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızının sözlərinə görə, Azərbaycan mediasında, xüsusən də internet televiziyalarında tənqid tamaşaçının ən çox gözlədiyi, tələb etdiyi məqamdır. Onun fikrincə, tamaşaçılar tənqidin defisit olmadığı bir televiziya məkanı arzulayır: “Onun sözünü, onun şikayətini, onun iradını ekrandan səsləndirənlər nə qədər çox olarsa, həmin TV-lərə inam da bir o qədər artır. Biz TV Müsavat olaraq 3 ilə yaxındır ki, bu missiyanı icra edirik. Efirimizdən ən səs-küylü, enerjili debatlar yayımlanıb.
Tənqidi bizimlə yanaşı, iqtidar-müxalifət nümayəndələri debat zamanı bir-birinin ünvanına səsləndiriblər. Siyasi personalar yox, arqumentlər, iddialar savaşıb və nəticədə ortaya həqiqət çıxıb".
S.Telmanqızı hesab edir ki, televiziya monoloq dönəmini artıq arxada qoyub, qoymayanlar da onunla vidalaşmalıdır:
“Çünki tamaşaçı uzun-uzadı monoloqları, aparıcının ”siz də bizim kimi düşünürsüz, deyilmi?" tipli suallarını qəbul etmir və etmək zorunda da deyil.
Opponentlik istəyir tamaşaçı, sağlam tənqid, söyüşdən, təhqirdən uzaq debat, mövqelər savaşı arzulayır.
İllər öncə Azərbaycan kanallarında olan debat, müzakirə verilişləri efirdən uzaqlaşdıqca meydanı “söyüşcül uşaqlar” tutdu.
Onlar xaricdən barmaq silkələdi, davada belə dilə alınmayacaq sözləri minlərlə tamaşaçının önündə səsləndirdilər, plankanı aşağı saldılar.
İndi ölkədəki internet televiziyalar sağlam tənqidi reanimasiya vəziyyətindən çıxarır, söyüşsüz, təhqirsiz alternativ fikrə meydan verirlər. Bu da sağlam cəmiyyətin təməl daşlarından biridir.
Mən TV Müsavatın “Canlı debat” verilişinin moderatoru olaraq bu missiyanın öhdəsindən gəlmək üçün əlimdən gələni edirəm.
Artıq hökumət nümayəndələri, hakim partiyanın deputatları da bizim efirə etimad göstərirlər, burada obyektiv yayımçılıq olduğunu bilir və bizə danışmaqdan çəkinmirlər".
Jurnalist qeyd etdi ki, qonaqlar bəzən debat, debat olmayanda isə təkbətək söhbətə üstünlük verirlər: “Sonuncu versiyada mən özüm onlara opponentlik etdiyim üçün tamaşaçıların enerjili bir polemika izləmək şansları da olur.
O baxımdan da ölkədə sağlam mühitin formalaşması üçün tənqidi media, tənqidi yayımçılıq ən vacib şərtlərdən biridir".
“Yeni Müsavat”

Paylaş: