Bu FM 3 dildə yayımlanacaq
Tarix: 16-09-2020, 11:36



Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu-Diaspor FM xaricdə yaşayan soydaşlarımızı Azərbaycanda baş verənlərdən xəbərdar etmək, diasporla bağlı xəbərləri operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırmaq və eyni zamanda Azərbaycan diasporu üçün bir çox məlumatları əlçatan etmək məqsədi ilə yaradılıb. Yarandığı  gündən Diaspor FM-də həm dünya azərbaycanlılarının şəbəkələşməsi, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bir çox layihələrə imza atılıb. 
Unikal.org Diaspor FM-in redaktoru  və aparıcısı Rəvan Rədlə müsahibəsini təqdim edir:
--Ölkəmizdə və dünyada tüğyan edən pandemiyaya baxmayaraq, iş başındasınız. Yaranmış vəziyyət radionun işinə necə təsir edir? 
-Bəli, qeyd etdiyiniz kimi dünyada Pandemiya elan olmasına baxmayaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu - Diaspor FM fasiləsiz fəaliyyət göstərir. Hər gün işə gəlirik, virusa yoluxmamaq üçün daha tədbirli olmağa çalışırıq. COVİD-19-un yayılmağa başladığı ilk gündən dinləyicilərimizi mütamadi olaraq karantin qaydaları və onlara əməl etməyin vacibliyi, virusdan qorumağın yolları barədə maarifləndiririk. Eyni zamanda onların zövqünü oxşayacaq musiqilər təqdim edirik, gündəlik proqramlarımızı davam etdiririk.
-Diaspor FM artıq neçə ildir fəaliyyət göstərir? Ümumiyyətlə, Dövlət Komitəsinin radiosunun yaradılması zərurəti necə meydana gəldi? 
-Diasporla İş üzrə Dövlət Komitəsinin Multimedia mərkəzində artıq iki ildir ki, həm Diaspor TV, həm də Diaspor FM fəaliyyət göstərir.  Diaspor TV və Diaspor FM dünya azərbaycanlılarının dil və düşüncə birliyinin qorunması, şəbəkələşməsi, ölkəmizlə və bir-birləri ilə əlaqələrinin möhkəmlənməsi üçün atılan addımlar çərçivəsində yaradılıb. Diaspor FM vasitəsilə onlarla, hətta deyərdim yüzlərlə soydaşımız müxtəlif mövzularda məlumatlandırılıb və onlarla sistemli əlaqə yaradılıb.
-Bəs Radionun fəaliyyəti əsasən hansı istiqamətləri əhatə edir? 
-24 saat fasiləsiz yayımlanan Diaspor FM-də ölkə gündəmində baş verən xəbərlər, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlar yer alır. Bundan əlavə, radiomuzda həm də Azərbaycanın sevilən, unudulmaz sənətkarlarının ifaları səslənir. Ümumilikdə isə Diaspor FM-in fəaliyyətinin əsasını əzəli Azərbaycan torpağı olan Qarabağa dair həqiqətlərin dünyaya çatdırılması təşkil edir. Bu məqsədlə bir sıra layihələr artıq reallaşdırılıb, bəzi layihələrin üzərində isə hələ də işləyirik. 

-Diaspor FM artıq təqdim etdiyi layihələr barədə daha  ətraflı məlumat verə bilərsiniz?
-Radiomuzda “Dünyadakı səsimiz”, “Tarixdə bu gün”, “Qarabağ -gerçək tarix”, “Qarabağ inciləri”, “Qarabağ məktəbləri”, “Azərbaycan diaspor tarixi” kimi layihələr yayımlanmaqdadır. 
“Dünyadakı səsimiz” verilişində Azərbaycanı dünyada tanıdan məşhur şəxslər barədə məlumatlar səsləndirilir. Bunlar arasında ifaçılar, rəssamlar, idmançılar və bir çox sahədə fəaliyyət göstərən azərbaycanlılar var.
“Tarixdə bu gün” verilişində isə Azərbaycan tarixində baş vermiş önəmli hadisələr qısa şəkildə dinləyicilərə çatdırılır.
“Qarabağ inciləri” verilişində Qarabağın yetirmələri, mədəniyyəti, mətbəxi, musiqisi və əvəzolunmaz muğamı barədə məlumatlar yayımlanır. 
“Qarabağ məktəbləri” - Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın 3 ölkəsində yaradılan “Qarabağ məktəbləri” və onların fəaliyyəti haqqındadır.
“Azərbaycan diaspor tarixi” verilişində isə ərəb  işğalı dövründən başlayaraq azərbaycanlıların müxtəlif ölkələrdə şəbəkələşmə, birləşmə tarixindən bəhs olunur.
-Bəs Radionun əsas dincləyici kütləsi kimlərdir?
-Diaspor FM-i həm Azərbaycanda, həm də  onun sərhədlərindən kənarda yaşayan həmvətənlərimiz dinləyir. Amma daha dəqiq  desəm, əsas dincləyici kütləmiz xaricdə yaşayan soydaşlarımızdır.
-Səhv etmirəmsə, çeşidliyi artırmaq məqsədi ilə Diaspor FM-in fəaliyyətinə kənardan  da dəvət olunanlar var. Kimlərlə əməkdaşlıq edirsiniz? 
-Diaspor FM-də artıq iki aydan çoxdur yayımlanan “Qarabağ-gerçək tarix” verilişi tanınmış hərbi diktor Şəmistan Əlizamanlının təqdimatında səslənir. Sadəcə, hazırda karantin rejimi tətbiq olunduğuna görə, bir çox insan evdən çalışır, bununla bağlı çətinliklərimiz olur. 
-Yəqin ki, Diaspor FM-in fəaliyyəti gələcəkdə daha da genişlənəcək. Gələcək layihələriniz, planlarınız nədən ibarətdir?
-Məqsədimiz Diaspor FM-in  daha çox dinləyiciyə xitab etməsidir.  Buna görə də yeni mövsümdən etibarən xəbərlər ingilis, rus və fransız dillərində yayımlanacaq. Bununla yanaşı Diaspor FM-in sosial şəbəkədə fəaliyyətinə xüsusi yer veriləcək. Həmçinin Qarabağ mövzusu daim gündəm mövzumuz olaraq qalacaq, fərqli və maraqlı formatda layihələrə yer veriləcək. 
-Sonda oxucularımıza Diaspor FM-i hansı platformada dinləyə biləcəklərini bir daha xatırladın. 
-Dinləyicilərimiz radiomuzu canlı olaraq App Store-dan və Playmarket App üzərindən “Diaspor FM” tətbiqini endirməklə dinləyə bilərlər. 

Paylaş: