"İstəməzdim ki, Azərbaycan əcnəbi dillərdə olan məktəblərin poliqonuna çevrilsin"
Tarix: 16-09-2020, 09:25



Azərbaycanda rus dilində tədrisin aparılması ilə bağlı yenidən müzakirələr başlanıb.
Rus dilli məktəblərin və məktəblərin rus bölmələrinin fəaliyyətinin indiki qaydada qalmasının tərəfdarları da, əleyhdarları da var. Birincilər Puşkinin, Dostayevskinin dilindən imtinanı elmdən, təhsildən, rus dilində yazılan kitablardan imtina kimi qiymətləndirsələr də, ikinci qrupun arqumentləri daha əsaslı görünür. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir.
Təhsil Qanunda da bildirilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində təlim dili Azərbaycan dilidir. Cəmiyyətin tələbinə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan coğrafiyası da tədris olunmaqla azsaylı xalqların dillərində, həmçinin xarici dillərdə də təhsil aparıla bilər. İkinci arqumenti də kifayət qədər əsaslı hesab etmək olar. Belə ki, Dövlət Statistika Komitəsinin 2019-2020-ci ilə olan "Əhalinin milli etnik tərkibinə" dair hesabatında yer alan məlumata görə, Azərbaycanda yaşayan rusların sayı 127 min nəfərə yaxındır. Bununla belə, hazırda orta məktəblərdə rus bölməsi üzrə oxuyan şagirdlərin sayı 100 min nəfərə yaxındır. Respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir. 340 məktəbdə isə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Ölkədə yaşayan 127 min nəfərlik bir millətin dilində dövlət büdcəsi hesabına bu qədər kütləvi formada tədrisin aparılması məqsədəuyğun hesab edilmir. Digər arqument isə ondan ibarətdir ki, rus dilində tədrisdən imtina heç də rus dilindən imtina demək deyil. Xarici dil bilgisinin zəngin olması hər bir gəncin imkanlarını genişləndirir. Bu baxımdan da rus dilinin Azərbaycan bölmələrində xarici dil olaraq tədris olunması, bununla yanaşı məhdud sayda rus dilli məktəblərin fəaliyyət göstərməsi mümkün hesab edilir. Qeyd edək ki, Azərbaycanda ingilis dilli məktəblər də fəaliyyət göstərir ki, onların sayı məhdud saydadır. Onu əlavə etmək yerinə düşərdi ki, post sovet ölkələrinin əksəriyyətində rus dilinin kütləvi tədrisindən imtina olunub. Rusiyanın özündə aparılan tədqiqatların nəticəsi də onu göstərib ki, son illər dünya ölkələrində rus dilinə maraq 50 faiz azalıb. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində rus dilində danışılmır. Rus dili bilgisinə malik olmaq diplomatik cəhətdən də vacib hesab edilmir.
"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan illərlə Rusiyanın tərkibində olub və həmin zamanlar rus bölmələrinin fəaliyyət göstərməsi normal qarşılanır: “Bunu Azərbaycanın müstəqillik qazananadək normal qarşılamaq olardı. Müstəqil dövlətin, müstəqil, milli təhsil sistemi olur. Bu təhsil sisteminin Azərbaycanın dövlət maraqlarına xidmət edəcək nəsil yetişdirmək məqsəsi daşıyan bir proqramı olmalıdır. Hesab edirəm ki, bu var. Ona görə də istəməzdim ki, Azərbaycan əcnəbi dillərdə olan məktəblərin poliqonuna çevrilsin. Ölkənin milli təhsil sistemi çox önəmlidir. Rus dili də xarici dil olaraq orta məktəblərdə keçirilə bilər. Rus dilində məktəblər də ola bilər, amma bu məhdud sayda olmalıdır”.
Tənzilə Rüstəmxanlı deyir ki, istər rus dilində, istərsə də ingilis dilində tədris aparan məktəblərdə təhsil alan şagirdlər Azərbaycanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına bağlı olmur:
“Şagirdin təhsil aldığı sistem hansı millətə məxsusdursa, onun mədəniyyətini, tarixini, ədəbiyyatını daha çox mənimsəyir. Ona görə də məsələyə ciddi yanaşılmalıdır və bu birdəfəlik həll olunmalıdır”.
Birlik sədri əhalinin məsələyə yanaşması ilə də razılaşmadığını deyir: “Dəfələrlə mənə valideynlər yaxınlaşıb ki, Azərbaycan bölməsində oxuyan uşağını rus bölməsinə köçürmək istəyir. Soruşanda ki, səbəb nədir, deyirlər ki, orada təhsilin keyfiyyəti yüksəkdir. Amma bunlar yalandır - belə bir eyforiya yaradıblar ki, rus dilində oxuyursa, deməli,` savadlıdır. Belə bir şey yoxdur, bu yanaşmanın qarşısı alınmalıdır. Azərbaycanın özünün təhsil sistemi yetərincə güclüdür. Hər yanımız düşməndir. Düşmənin dili öyrənilməlidir, amma düşmənin təhsil sistemi ilə yetişəcək uşaqlar bizə lazım deyil. Qarabağ müharibəsində biz Rusiyanın Azərbaycana düşmən olan Ermənistanın tərəfində durduğunu görmüşük. Belə bir millətin təhsil sistemin 400-ə qədər məktəbdə tətbiq etmək lazım deyil”.
Bununla belə, Tənzilə Rüstəmxanlı deyir ki, Azərbaycan məktəblərində daha çox dilin tədris olunmasının tərəfdarıdır: “Bizdə türk filmlərini gülünc formada Azərbaycan türkcəsinə tərcümə edirlər. Hansı ki, bizim insanlar bu dili çox yaxşı bilirlər və onun tərcüməyə ehtiyacı yoxdur. Bununla belə, mən Türkiyə türkcəsinin də məktəblərimizdə xarici dil olaraq keçilməsinin tərəfdarıyam ki, uşaqlarımız onu öyrənsinlər və ortaq türk dilimiz yaransın”.

Paylaş: