"Qınadığınız şey başınıza gəlmədikcə, ölməzsiniz!" — ANS-ə sözardı və ya "Əli Həsənov"luq etmək
Tarix: 14-09-2020, 10:33



2014-cü ilin oktyabr ayıdır! ANS ÇM radiosunda səhər efirinin aparıcısıyam. Ölkədə rəsmi olaraq 4-5 oktyabr tarixləri “Qurban bayramı” elan olunub. Çıxdım efirə, Salamlaşdım dinləyicilərlə, bayramlarını təbrik etdim, mahnı buraxdım efirə, keçdim səsyazma otağına. Bayram olduğundan əvvəlcədən planlaşdırmışam ki, “Salamlaşmanı” edim, sonra bir-iki “naqovor”u (radio efirində aparıcının danışdığı hissə- red.) yazdırıb məscidə bayram namazına gedim. Çünki efir canlı olduğundan və iki müqəddəs bayramdan birinin namazının qaçırmamaq üçün bir-iki “naqovor”umu “zapis”lə verməli oldum efirə.

Nə isə… Tez-telesik bayram namazını qılıb efirə qayıtmışdım ki, bir də baxdım mühafizəçi girdi içəri və dedi ki, Şef (mühafizəçilər bəzən ANS rəhbərini belə çağırırdılar- red.) zəng eləmişdi. Yolda gələndə sənin verilişini eşidib, Dedi ki, niyə aparıcı efirdə camaatı bayram münasibətilə təbrik edir? Bəs bayram bu gün deyil, sabahdır! Aparıcı efirdə desin ki, bu gün bayram axşamıdır, bayramsa sabahdır! Qeyd edim ki, bir çox illərdə olduğu kimi həmən il də bayramın günləri ilə bağlı məhzəblərarası fikir ayrılığı var idi. Və mən də bizim kanal rəhbərinin bu həssas “yerini” bilirdim.

Lakin ölkədə 4-5 oktyabr rəsmi şəkildə bayram elan olunduğundan və ən yüksək səviyyədə Azərbaycan xalqı bayram müsanibətilə təbrik edildiyindən elə ilk “naqovur”umda mən də xalqımızı bayram münasibətilə təbrik etmişdim. Əlqərəz… Kanal rəhbərinin bu “irad”ından sonra məsələnin mübahisə yaratmaması üçün verilişin davamında bayramla bağlı heç nə səslədirmədim. Nə dedim bayramdır, nə də bayram axşamıdır. Adi qaydada verilişi aparıb, yekunlaşdırdım. Kanal rəhbəri işə çatan kimi bir də baxdım, bütün departamentlərə səs düşdü ki, bəs yığışın, iclasdir. Dalağım sancdı! Ürəyimə damdı ki, bu dəfə əsas hədəf mənəm! Bu arada, bizim “iclas”lar ayrı “aləm” idi

Yığışdıq! Təsadüfən yerim Xəbərlər Departamentinin baş redaktoru ilə yan-yana düşdü. İclas başlamamış ona dedim ki, deyəsən iclasın keçirilmə səbəbi mənəm. Artıq vəziyyətdən xəbəri olar baş redaktorum isə mənə dedi ki, narahat olma, sadəcə, nə irad bildirilsə, mübahisə etmə!

İclas başladı! Həmin vaxt işdə olan, demək olar ki, hər kəs iclasda idi. Güclə yan-yana sıxılıb oturan kim, ayaq üstə qalan kim! Kanal rəhbəri içəri daxil olan kimi mənə verdiyi ilk sual bu oldu: “Sən kimsən ki, mənim kanalımda təxribatla məşğulsan?! Sən kimsən ki, mən deyirəm, efirdə de ki, bu gün bayram axşamıdır, sən demirsən?! Sən mənim kanalımda terrorçuluqla məşğulsan!” Söhbət qızışdı, nə qızışdı!Aləm dəydi bir-birinə! Sonra mən Yaponiyada terrorla məşğul olan adamlarla müqayisə olundum. Daha sonra qərar verildi ki, məni araşdırmaq üçün xüsusi xidmət orqanlarına müraciət etsinlər. Mənsə susub oturmuşam. Daşdan səs çıxır, məndən yox! Heç özümü də müdafiə etmirəm.

Hər dəfə nəsə demək istəyəndə baş redaktorun iclasın əvvəlində mənə dediyi “mübahisə etmə” sözü yadıma düşür və özümü birtəhər sıxıb saxlayıram. Hərdən də fikirləşirəm ki, bəlkə, məni edam etsə idilər daha ədalətli olardı, mən nə böyük “cinayət”ə qol qoydum bu bayram təbrikini etməklə?! Bir sözlə, iclasda hamı susub, üç kanal təsisçisindən ikisi və bir də onların “zuy” tutan başqa bir qadın redaktoru danışır və onlar bir neçə dəqiqənin içində bütün həmkarlarım yanında məni “terrorçu” elan etdilər. Təsəvvür edirsiniz?  Dinləyiciləri “Qurban bayramı” münasibətilə təbrik etdiyimə görə, “təxribat və terrorçuluqda” “təqsirli bilinərək” efirdən uzaqlaşdırılıdım. Bir ay müddətində işə çayxanaya gedirmiş kimi gedib, oturub, gəldim. Haqq naminə deməliyəm ki, o, ay maaşımdan heç nə tutulmadı. (bizdə o vaxt maaşdan tutulmalar tez-tez olurdu-red.) Amma çox ciddi sarsılmışdım!

Bu hadisədən iki il sonra, 2016-cı ildə ANS-də mənə qarşı edilən haqsızlığın eynisini Əli Həsənov kanala qarşı edərək, media qurumunu “terrorçuluğu təbliğ edir” ittihamı ilə bağlatdırdı. “Qınadığınız şey başınıza gəlmədikcə, ölməzsiniz!” Bəlkə, İlahi ədalət, bəlkə də məzlumun ahı! Bilmirəm! Bildiyim isə odur ki, bu qərardan sonra yüzlərlə insan uzun müddət işsiz qaldı! Ən böyük zərbəni isə kanal rəhbəri aldı. O, kanalsız qaldı! Onun “zuy” tutan redaktoru isə məlum sujetə görə ölkədən getməli oldu!

Əslində məni bu yazını yazmağa bir neçə gün əvvəl ANS-də çalışdığım həmkarlarından birinin Əli Həsənov haqda yazdığı geniş bir yazı ilhamlandırdı. Əli Həsənov haqda dedikləri tam haqlı idi. Amma gəlin etiraf edək ki, bu gün və bəlkə də bundan sonra da Əli Həsənov və onun kimilər var və onların etdiyi əməllər bir “simvol”dur. Haqsızlığın, fironluğun, şər-böhtanın simvolu! Siz siz olun, heç kimə qarşı “ƏLİ HƏSƏNOV”luq etməyin!

Xəyal Orucoğlu (konkret.az)

Paylaş: