"Ancaq pandemiyaya görə gedə bilmədim"
Tarix: 12-09-2020, 09:32



“Bu dəfə məcburi köçkünlər yaşayan Qobu qəsəbəsində olduq və bir müddət sonra hərbi hissələrin birində kiçik formatda görüş keçirməyi planlaşdırırıq”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib. Yazıçı artıq beş ildir ki, Azərbaycan Yazarlar Klubunun oxucularla görüşlər keçirdiyini bikdirib:

“Azərbaycan Yazarlar Klubu hər il cəbhə bölgələrində yaşayan əhaliylə və hərbçilərlə görüşürlər. Artıq beşinci ildir ki, bu ənənəmiz davam edir. İndiyə kimi Cocuq Mərcanlıda, Füzulidə, Qazaxda, Tərtərdə, Ağdamda, Ağcabədidə və Biləuvar qaçqın şəhərciyində olmuşuq. Bu il də istəyirdik ki, cəbhə bölgələrinə səfər edək, ancaq pandemiyaya görə gedə bilmədim. Bu dəfə məcburi köçkünlər yaşayan Qobu qəsəbəsində olduq və bir müddət sonra hərbi hissələrin birində kiçik formatda görüş keçirməyi planlaşdırırıq. Onlara bu görüşdə bir neçə kitab hədiyyə etmək istəyirik və həmçinin də yeni çapdan çıxan “Vida” romanımın hədiyyə edəcəm. Roman Qarabağ mövzusundan bəhs edir. Növbəti görüşümüz isə Mərkəzi Zabitlər Evinin kitabxanasında olacaq. Bu, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir. Azərbaycan Yazarlar Klubu İctimai Birliyi isə həmin layihənin müəllifidir”.

Qeyd edək ki, sentyabrın 9-da "Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-1” və "Qobu Park-2” yaşayış kompleksinə səfər ediblər. Görüş zamanı oxuculara kitab hədiyyə edilib.

Paylaş: