“Bizdə bəzən xəbərdə görüntü qoyulur, amma hadisəyə heç bir aidiyyatı olmur...”
Tarix: 12-09-2020, 09:21



“Ola bilər ki, siz informasiyanı eyni şəkildə götürürsünüz, informasiya agentlikləri sizə məlumat verir, hansısa bir sayt bunu işıqlandırır. Amma peşəkar media qurumu odur ki, həmin informasiyaya əlavə çalarlar verir, yeniliklər nədirsə, onu əlavə edir”

Bunu Moderator.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib. O, xəbərdə jurnalistin əlavə çalarlar və görüntü əlavə etməsinin vacib olduğunu bildirib:

“Əslində bu doğru yanaşmadır. Ola bilər ki, siz informasiyanı eyni şəkildə götürürsünüz, informasiya agentlikləri sizə məlumat verir, hansısa bir sayt bunu işıqlandırır. Amma peşəkar media qurumu odur ki, həmin informasiyaya əlavə çalarlar verir, yeniliklər nədirsə, onu əlavə edir. Belə olanda xəbər həmin informasiya agentliyinin həm də öz materialı kimi olur. Yəni mənbə kimi hansısa saytı göstərsək də, mütləq çalarlar verməliyik. Bu baxımdan deyilənlər çox dəqiq yanaşmadır. Ümumiyyətlə, peşəkar xəbərçilərdə bu çox ciddi məsələdir. 
Əlbəttə, xəbərdə görüntü də böyük rol oynayır, çünki dövrün dili vizual dildir. Ən keyfiyyətsiz şəkildə çəkilmiş şəkil belə o informasiyanı canlandırır. Ona görə mənə elə gəlir ki, xəbər hazırlayarkən görüntüləri tapmaq, işləmək vacibdir. Bizdə bəzən xəbərdə görüntü qoyulur, amma baxırsan ki, hadisəyə heç bir aidiyyatı olmur. Yaxud da bir adam nəsə deyəndə onun uşaqlıq şəkilini qoyurlar. Təbii ki, bunlar heç bir effekt verə bilməz və peşəkarlıq baxımından yalnışdır”.

Qeyd edək ki, Türkiyənin tanınmış media təmsilçisi Ali Murat Kırık KİVDF-nin dəstəyi ilə jurnalistlər arasında onlayn şəkildə “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması” mövzusunda təlim keçirib. Ekspert təlim zamanı bizim xəbər agentliklərinin xəbəri paylaşarkən sadəcə kopya etdiklərini, ona əlavə çalarlar qatmadıqlarını bildirib. Buna görə də həmin xəbərlərin oxunmadığını deyib. 

Paylaş: