Meyxanaçı dostları Vüqarla bağlı son xatirələrini DANIŞDILAR - "Həmişə deyirdi ki.."
Tarix: 3-09-2020, 12:19



“Həyata gəlmişəm zülm üçün indi.              
Bülbüləm, söz qoşum gülüm üçün indi
Tələsir bir qərib ölüm üçün indi.
Bir vaxtı toylara tələsən şair”.

Bu sözləri bir neçə gün öncə vəfat edən tanınmış meyxanaçı, şair Vüqar  Biləcəri mərhum  söz ustadı Aydın Xırdalanlıya deyib. 
Sənətkarın xəstəlikdən əziyyət çəkdiyi günlərdir, məclislərin birində yığışıblar: Rəşad Dağlı, Aydın Xırdalanlı,  Vüqar Biləcəri... 
 Vüqar Aydına tələsmə deyir. Amma özü də ayaq saxlamır, ləngimir. Xırdalanlının ölümündən bir il sonra, yalandı dediyi dünyadan gedir. Ailəsinin, dostlarının  gözlərini yaşlı qoyub, əbədiyyətə qovuşur. 

Əsl adı Vüqar  Paşayev olan şair 1988-ci ildə Bakıda dünyaya göz açıb. Mədəniyyət və İncəsənət Universitetində  təhsil alıb.  Meyxana aləminə gənc yaşlarında qədəm qoyub. Nədənsə, sonralar o, söz sənətindən uzaqlaşmaq fikrinə gəlib. Deyirlər axırıncı dəfə Rəşad Dağlının toyunda meyxana deyib, sənətdən  gedəcəkmiş. Amma taleh imkan vermir, toydakı  çıxışı ilə  meyxanasevərlərin rəğbətini qazanır. Elə həmin gündən sonra məşhurlaşıb, sevilir...
Vüqar meyxana aləmində əruz vəznini  yaxşı bilməsi ilə seçilir. Hətta sevənləri onu  “Əruzun Şahı”  adlandırır. Məclislərdə səsləndirdiyi qəzəllər əsl söz aşiqlərinin ruhunu oxşayır. 

İstedadlı şair, ustad  olması ilə yanaşı ona gözəl insan da deyirlər. Ən çox da yaxşılar dünyadan vaxtsız köçəndə adamın ürəyinə od düşür. 


 

“Axırıncı dəfə görüşüb, dərdləşdik” deyir  xatirələrini  “Sherg.az”a danışan Elşən Xəzər:

“Söylədim ki, “Vüqar, narahat olma sağalacaqsan”. Amma xəstəliyi ciddi idi. Ona görə ürək-dirək verirdik.  İstəyirdi mənim kimi dini aləmə gəlsin, meyxanadan çəkilsin, ilahi qəzəllər oxusun. Mən də onu hər zaman gözlədiyimi bildirdim. Dedim ki,  gəl bir yerdə işləyək, şeirlər, qəzəllər yazaq.   Uzun-uzun söhbət etdik.  Vüqar İmam Hüseyn aşiqi, Allahına bağlı insan idi. Son görüşümüz  belə oldu. Təkidlə deyirdi ki,  Hacı, çox istəyirəm meyxanadan uzaqlaşım. Səninlə bir yerdə islami toylarda  çıxış edim. Mən də  hər zaman yanında olduğumu söylədim. Sonra  İmam Hüseynə olan eşqindən bəhs edirdi. İndi  hadisələrin hamısı, birgə keçirdiyimiz günlər gözümdə canlanır. Adam bilmir nə desin. Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi... “



 Ələkbər Yasamallı Vüqarın vaxtsız gedişindən səsi titrəyə-titrəyə danışır:

“Onsuz da hamımız öləcəyik, bu  dünyada qalmayacağıq. Lakin  zamansız oldu. Aydın bizi ölümünə  öyrəşdirdi. Bir neçə dəfə  halı pisləşdi, dedilər ölüb. Sanki hamımızı psixoloji cəhətdən ölümünə hazırladı. Amma Vüqar... Bacım oğlundan sonra ikinci şoku Vüqarın ölümü ilə  yaşadım. Ona görə   2020-ci ilin qurtarmağını səbirsizliklə gözləyirəm. Bu il bitsin, dərd-bəladan  xilas olaq”. 

Birdən xətt kəsilir. Ağlıma iki səbəb gəlir: Ya ustad kövrəlib, söhbəti dayandırmaq istədi, ya da şəbəkədə problem yarandı. Birinci versiya daha inandırıcı görünür, ona görə təkrar zəng vurmuram.




Keçirəm Vüqar Biləcərinin digər dostu meyxanaçı Balaəli Maştağalıyla söhbətə.

O da sarsılıb məlum hadisədən, mərhumun doğum günündə yaşananları xatırlayır. Acı bir təbəssümlə   dostunu yada salır:
“Avqustun 24-ü ad günündə bir yerdə idik. Rəşad, Orxan, mən Ruslan getmişdik. Hal-əhval tutduq. Vüqar çox sadə, mehriban insan idi. Deyib-gülürdük, tort kəsirdik. Hələ videosu da var. Vüqar bıçağı uzadır ki, tortun üzərindəki şəklinin baş hissəsindən kəssin. Orxan da deyir ki, başını kəsmə, o da dərhal  cavab  verir: neyləyim, qulağını kəsim? Allah rəhmət eləsin“.



Orxan Lökbatanlı hələ də inana bilmir dostunun ölümünə, qəbrini ziyarət edib, qayıtdığını bildirir kövrək şəkildə:

“Özümüzə də inandırıcı gəlmir. Üç gündür  biz onun qardaşları, yaxınları  olaraq inana bilmirik ki, Vüqar ölüb. Dünyadır,  bir gün hamı gedəcək.  İnsan getmək üçün gəlib dünyaya. Amma vaxtsız oldu. Avqustun 24-də ad günü idi rəhmətliyin. Getdik, sonrakı gün də görüşdük. Hamımız ümid edirdik ki, sağalacaq. Alınmadı”.

Nəhayət, üzərimə düşən missiyanı  gözlərim dolu və kədərli halda tamamlayıram. Geriyə həmin hüznlü səslərə qulaq asıb, onları yazıya  çevirmək qalır...   
“Şərq” qəzeti olaraq  bu yazını söz ustadı Vüqar Biləcərinin əziz xatirəsinə həsr edirik.
Allah rəhmət eləsin. 

Paylaş: