“Oqtay mənə zəng edib ağlaya-ağlaya dedi ki…” – meyxanaçılar Vüqar Biləcərinin ölüm səbəbindən danışdılar
Tarix: 1-09-2020, 17:12




33 yaşında vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) vəfat etməsi və dəfn mərasimində baş verənlər artıq bir neçə gündür medianın gündəmini zəbt edib. Belə ki, uzun sürən xəstəlikdən sora vəfat edən meyxanaçının dəfn mərasiminə qatılan 60 nəfər sərt karantin rejimini pozduğu üçün cəzalandırılıb. Cəzalandırılanlar arasında meyxanaçılar Elşən Xəzər, Rəşad Dağlı, Pərviz Bülbülə və başqaları da yer alıblar.
Ötən gün isə Rəşad Dağlının "İnstaqram" səhifəsində V. Biləcərinin atası Zakir Paşayevin adından müraciət yayılıb. Bildirilib ki, pandemiyaya görə yas mərasimi keçirilməyəcək və insanlar onların evlərinə gəlməsinlər.

Sosial şəbəkələrdə, insanlar arasında Vüqar Biləcərinin hansı səbəbdən ölməsi ilə bağlı suallar dolaşır. İnsanlar xüsusilə də onun xəstəliyinin nə olduğunu sual edirlər.

Bəs sənət yoldaşları Vüqar Biləcərini necə xatırlayır? Onun xəstəliyindən xəbərdar idilərmi?

Musavat.com-a açıqlama verən meyxanaçı Namiq Qaraçuxurlu bildirib ki, meyxana sənəti daha bir sənətkarını itirdi:

“ “De gəlsin” yarışmasında münsif olduğum zaman o iştirakçı idi. Onun istedadına o zaman bələd olduq. Ona dediyi meyxanalara görə 5 bal verirdim. Təəssüflər olsun, bu dəfə ona “5” verə bilmədim. Sənəti ilə etimadımızı tam doğruldan Vüqar Biləcəri səhhətiylə bunu edə bilmədi. Beləliklə meyxana sənəti növbəti sənətkarını itirdi. Çox üzüldüm, ilk eşidəndə inana bilmədim. Xəstəlik cavan yaşında onu apardı. Üzücü haldır. Yaşasaydı, uzun illər meyxana sənətinə gözəl töhfələr verəcəkdi. Allah rəhmət eləsin”.

Meyxanaçı Samirə saytımıza açıqlamasında bildirib ki, həmkarının xəstəliyindən xəbərdar olub:

“Allah Vüqara rəhmət eləsin. Böyük şair, böyük ustad idi. Yaşı az olsa da, ustad qəzəlxan idi. Yaşasaydı, böyük işlər görə bilərdi. Xəstəliyindən xəbərdar idim. Bildiyim qədəri ilə leykoz idi, ağ qan qırmızı qanı yeyirdi. Çox dindar, Allahı sevən uşaq idi. Hamımıza od qoydu getdi, içimiz göynəyir. Oqtay mənə ağlaya-ağlaya zəng elədi ki, Vüqar getdi. Əvvəl inanmadım, elə bildim ki, kimsə şayiə buraxıb. Əfsus ki, düz imiş. İtirə-itirə gedirik. Aydın getdi, Bayram getdi, Vüqar Coratlı getdi. İnsanlar bir-birinin qədrini bilmirlər. Çox qəhərləndim. Onun dəfnində o qədər izdiham yaşandı ki... Bu, hər insana qismət olmur. Onun ölüsü də hörmətli, urvatlı getdi. Çoxdandır görə bilmirdim”.
Meyxanaçı Üzeyir Mehdizadə isə həmkarı haqqında fikirlərini sosial şəbəkədə bölüşüb. Vüqarın fotosunu paylaşaraq onun ölümündən məyus olduğunu yazıb:

"Bəzən insan hadisələrə inana bilmir. Amma hər saniyənin öz hökmü var. Şair Vüqar Biləcəri Allah sənə rəhmət etsin".
Musavat.com

Paylaş: