Televiziyalar internet mediadan önə çıxa bilmir
Tarix: 27-08-2020, 12:50



Azərbaycan vətəndaşlarının gündəlik xəbər oxuyarkən əsas informasiya mənbəyi kimi istifadə etdikləri kütləvi informasiya vasitələrini müəyyən etmək üçün sorğu keçirilib. Sorğunu Sosial Tədqiqatlar Mərkəzi ölkəboyu 167 məntəqədə aparıb. 2004 nəfərlə keçirilən sorğuya əsasən, yerli əhalinin 85 faiz TV, 35 faiz internet saytları və 26 faiz sosial şəbəkələri əsas informasiya mənbəyi kimi istifadə edir. Bəlli olub ki, təhsil səviyyəsi artdıqca TV məkanından narazılıq çoxalır, yaş artdıqca Türkiyə kanallarına baxış azalır, Rusiya kanallarına isə baxış artır.

Ən çox izlənilən “ATV” və “Xəzər” kanalları, ən çox baxılan verilişlər şou-biznes xarakterlidir. 45 faiz respondent hərb və Qarabağ mövzusunda, 36 faiz isə maarifləndirici və təhsil barədə daha çox material görmək istəyir. Lakin burada narahatedici məqam odur ki, təxminən 40 faiz respondent sosial şəbəkələrdən aldığı informasiyanın həqiqiliyini yoxlamır. 
Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya kanalları ana dilinin inkişafına, milli adət-ənənələrin qorunub saxlanmasına, cəmiyyətin maddi və mənəvi dəyərlər sisteminin, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında təsəvvürün formalaşmasına böyük təsir göstərir.

Hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yenilənir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir.

Əfsuslar ki, Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans mövcuddur.

Sadəcə, son dönəmlər bir sıra kanallar, xüsusən dövlət televiziyaları proqram keyfiyyətini yüksəltməyə nail olub. Artıq efirlərdə ciddi müzakirələrin şahidi olmaq mümkündür.

Buna rəğmən, hələ də televiziya məkanını “zibilləyən” kifayər qədər bayağı şou proqramlar qalmaqdadır. Məhz bu səbəbdən insanlar yerli deyil, daha çox xarici kanallara üz tuturlar.  

Maraqlı məqamları əks etdirən sorğu nəticələri ilə bağlı “Şərq”ə danışan telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, respondentlərin 85 faizinin TV izləməsi o qədər ağlabatan deyil. Onun sözlərinə görə, sorğunun hansı məkanda keçirilməsi çox önəmlidir:

“Sorğu seleksiya tələb edir ki, biz dəqiq informasiya əldə edək. Məsələn, internetin çalışmadığı məkanda soğru keçirsək, rahat 85 faizlik nəticə ala bilərik. Amma ortada bir reallıq da var. Fakt odur ki, pandemiya başlayandan bu yana Azərbaycan televiziyalarına baxanların sayı qismən artıb. Ona görə ki, insanlar koronavirus və onun fəsadları ilə bağlı dəqiq məlumatlar almaq istəyirlər.

Rəsmi xəbərləri isə ancaq televiziyalar verir. Görünür, rəsmi və real xəbərləri izləyən insanlar daha düzgün qərarlar qəbul etmək imkanı qazanırlar. Hadisələrin ilk günündən televiziyalarımız bu məsələnin öhdəsindən lazımınca gələ bildi. İTV və AzTV-nin fəaliyyətini qənaətbəxş hesab etmək olar.

ATV-nin “ATV Qərargah” verilişində də məsələlər operativ şəkildə işıqlandırılır. Bu mənada televiziyaların xəbər proqramlarına, maarifçilik verilişlərinə nisbətən çox adam baxa bilər. Ancaq digər məqamlarda televiziyaların daha çox izləndiyini söyləmək çətindir”. 

Professor vurğulayıb ki, türk və rus kanallarının daha çox izlənməsi kabel televiziyalarına baxışla bağlıdır:

“Əcnəbi televiziyalarda xəbərlərə baxış azdır. Düzdür, Türkiyə televiziyalarında xəbərləmə işi çox yüksək səviyyədədir. Rusiya efirlərində təbliğat yükü güclü olsa da, müzakirə proqramları çoxdur. Ancaq bizim izləyicilər daha çox əcnəbi serialları seyr edirlər. Yaxşı cəhət odur ki, Azərbaycan televiziyalarında son bir ildə ictimai müzakirələr çoxalıb.

Hətta bəzilərində keyfiyyət indeksi də yüksəlməyə başlayıb. Bəs narazılıq hardan yaranır? İnternet məkanı və sosial şəbəkə ilə müqayisədə televiziyalarımız reallığı məhdud şəkildə çatdırırlar. Hazırda cəmiyyəti düşündürən ciddi problemlər var, amma çox az bir qismi televiziyalarda öz əksini tapır. Televiziyalarımız ənənəvi olaraq təbliğat materiallarına üstünlük verirlər. Yaxşı müzakirələr də gözə çarpır. Məsələn, İTV-də “Sabaha saxlama”, AzTV-də “Rakurs” proqramları yaxşıdır.

Lakin bu cür verilişlərin sayı çox azdır. Gənclər üçün diskusiya proqramlarını çoxaltmaq lazımdır. Televiziyalar cəmiyyətin içini göstərməlidir, problemləri qabartmalıdır. Ciddi müzakirələrdən qorxmaq lazım deyil. İstənilən problemin müzakirəsini televiziyada normal təşkil etmək mümkündür. İqtisadiyyatla, kənd təsərrüfatı ilə bağlı maraqlı müzakirələr aparmaq və bu sayədə xeyli auditoriya yığmaq mümkündür”. 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət söyləyib ki, əhalinin 85 faizinin televiziyaya baxması rəqəmi bəs edir ki, bu sorğunun obyektivliyinə şübhə ilə yanaşılsın. A.Həsrət şəxsən özünün də televiziyaya baxmadığını deyib:

“Mən bölgələrdə əhali ilə sıx təmasda olan biriyəm. Ümumən Azərbaycan televiziya kanallarına 50 faiz adam baxırsa, bu, böyük rəqəmdir. İnsanların böyük əksəriyyəti informasiyanı internetdən alır. Xüsusilə də alternativ fikir yayan onlayn televiziya kanallarının izlənilməsi həddindən artıq çoxdur və təhlükəlidir. Ona görə də dövlət qurumları obyektivliyi əks etdirməyən nəticə əsasında hərəkət etməməlidir. Bu, yanlış nəticədir. Real nəticələr bizim kimi adamlardan soruşulmalıdır.

İllərdir deyirik ki, alternativ fikrə imkan verilmədiyinə görə, Azərbaycan televiziya kanallarına vətəndaşlar baxmaq istəmir. Nə vaxt ki, hansısa icra başçısı həbs olunur, kanallar bülbül kimi ötməyə başlayırlar ki, icra başçısı rüşvətxor imiş. Halbuki, internet kanalları illərdir həmin məmurun korrupsioner olması ilə bağlı məlumatlar yayır.

Televiziya kanalları isə əksinə, məmura haqq qazandırırdı. Bu yaxınlarda Qəbələ şəhərində şəhid generalımız Polad Həşimovun adının küçəyə verilməsi ilə bağlı açıq-aşkar biabırçılıq yaşandı. Amma televiziya kanalları “sübut” etdilər ki, sən demə, cəmiyyət yalan danışırmış. Həzi Aslanovun adı küçədən götürülməyib. Bu boyda yalan olmaz axı. Sorğunun nəticələrinə şübhə ilə yanaşdığım üçün əlavə şərh vermək istəmirəm”. 

Sosioloq Lalə Mehralı da televiziya verilişləri və sosial şəbəkələrlə bağlı öz fikirlərini “Şərq”ə bildirib. O vurğulayıb ki, telekanallar nəyi göstərirsə, izləyici onu seyr edir:

“Bəzən iddia edirlər ki, televiziyada göstərilən verilişlər tamaşaçının istəyinə uyğun hazırlanır, yəni tamaşaçı nəyi görmək istəyirsə, efirlər onu verir. Amma mən fərqli düşünürəm. Tamaşaçı əksər hallarda efirdəki lazımsız proqramlara baxmağa məcbur qalır. Halbuki, izləyici öncə televiziya kanallarında öz marağına uyğun veriliş hazırlayır. Dəfələrlə yaşlı nəslin nümayəndələrinin AzTV-də “Əlaçı” adlı intellektual proqrama baxdıqlarının şahidi olmuşam. Əyləncəli verilişi çox adam könüllü izləmir.

Sadəcə, öz yaşlarına uyğun başqa intellektual verilişlər tapmırlar. Bir vaxtlar “Milyonçu” və “Zəif bənd” proqramları var idi, amma ömürləri qısa oldu. İzləyicinin efirlərdə seçim etmək imkanı azdır. Sorğudan göründüyü kimi, yaş artdıqca, Türkiyə kanallarına baxış azalır. İnsan yaşa dolduqca dərk edir ki, əyləncə xarakterli verilişlərin onun yaşamına, həyat tərzinə müsbət təsiri yoxdur. O səbəbdən daha ciddi auditoriyanı əhatə edən proqramların axtarışına çıxır. Rusiya efirlərində bu cür kanallar kifayət qədər çoxdur”. 

L.Mehralının sözlərinə görə, Tovuz hadisələrindən sonra efirlərdə hərbi mövzular bir qədər çoxalıb:

“İnsanlarımız bu cür informasiyalara acdır. Xüsusən gənc nəslin nümayəndələri belə mövzulara daha çox maraq göstərir. Deməli, gənclər üçün efirlərin öz istəyi ilə təqdim etdiyi əyləncəli verilişlər yox, məhz izləyicinin özünün tələb etdiyi ciddi mövzular daha cəlbedicidir. Gənclər çal-çağır, şou acı deyillər. Əgər kanallarda hərb tarixi ilə bağlı müzakirələr olarsa, onu seyr edərlər və zamanla buna alışarlar”. 

Sosioloq sosial şəbəkələrdəki neqativ hallardan da danışıb:

“Sosial şəbəkələrdə insanlar çox rahatlıqla yalan xəbər paylaşa, kimisə rüsvay edə bilirlər. Biz sosial şəbəkələrin ictimai qınaq fəaliyyətini daha çox bəyənirik. Məlum toy söz-söhbəti məhz sosial şəbəkələrin ictimai qınağından sonra bu qədər böyüdü və qanunu pozanlar cəzalandırıldı.

Amma sosial şəbəkələr hər zaman bu cür müsbət fəaliyyət göstərmir. İstənilən adam digərinə böhtan ata, xoşu gəlməyən, qərəzi olan şəxsi qaralaya, fotosunu yaya bilir. Qarışqanı fil edirlər. Sosial şəbəkələrin yalan ötürmək funksiyasının qarşısını almaq lazımdır. Virtual məkanda şər-böhtanla bağlı cinayət məcəlləsinə ciddi dəyişikliklər edilməlidir.

İnsanlar sosial şəbəkədə nə dediyinin və yazdığının fərqində olmalıdır. Elə vəziyyət yaranmalıdır ki, insanlar sosial şəbəkədə yayılan məlumatlara şübhəli yanaşmasınlar və həmin informasiyalara dövlət televiziyasında gedən xəbərlər kimi inansınlar”.

Paylaş: