“Bəlkə də dəli kimi ağlayacam, o hissi sözlə ifadə etmək mümkün deyil...”
Tarix: 21-08-2020, 13:50



Əməkdar artist Təyyar Bayramov “Ana yurdum” adlı yeni diskini ictimaiyyətə təqdim edəcək.

Muğam ifaçısı Moderator.az-a açıqlamasında yaxın günlərdə on muğamdan ibarət diskin hazır olacağını bildirib:

“Ana yurdum” adlı yeni diskimi ictimaiyyətə təqdim edəcəm. On muğamdan beşi vətənpərvərliklə bağlıdır. İndi ancaq diskin çıxmasına görə başım qarışıqdır və Allahın köməkliyi ilə düşünürəm ki, hər şey yaxşı olacaq”.

Muğam ifaçısı hamı kimi Qarabağın işğaldan azad edilməsini arzuladığını bildirib:

“Bu gün hamı kimi mənim də arzum odur ki, torpaqlarımız işğaldan azad edilsin. Torpaqlar azad ediləndən sonra orda ilk hansı addımı atacağım vəziyyətdən asılıdır. Biri deyir ki, dizin-dizin sürünərək gedəcəm, digəri deyir ki, muğam ifa edəcəm. Neçə ildir o yerlərə həsrət qalmışıq və orda hansı hiss keçirəcəyimi bilmirəm. Bəlkə də dəli kimi ağlayacam. Yəni o elə bir hiss olacaq ki, onu sözlə ifadə etmək mümkün deyil. Biz arzu edirik və əsas odur ki, torpaqlarımızı dövlətimiz və güclü Azərbaycan Ordusu işğaldan azad edəcək”.

Qeyd edək ki, Təyyar Bayramov işğal altında qalan Ağdam rayonunda anadan olub.

Paylaş: