"Adsız aktyorlar Xalq və əməkdar artistlərindən daha aktiv, daha məhsuldar işləyirlər"
Tarix: 19-08-2020, 15:45



Məlum olduğu kimi ötən gün Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü keçirilib. Yayılan məlumatda bildirilir ki, görüşün əsas məqsədi Mədəniyyət Nazirliyinin gələcək fəaliyyəti, mövcud problemlərin həlli ilə bağlı bu sahədə çalışan insanların fikir və mülahizələrini öyrənmək olub.
Maraqlıdır, bəs keçirilən videokonfransda hansı təklif və tövsiyələr səsləndirilib?

Məsələ ilə bağlı videokonfransda iştirak edən Xalq artisti Afaq Bəşirıqızı Musavat.com-a  bildirib ki, onun gümanına görə, atılan bu addımlar mədəniyyət sahəsinin dirçəlişinin xeyrinə olacaq:
“Mədəniyyət sahəsi çox şaxəlidir. Yəni, bu sahə təkcə musiqidən, rəssamlıqdan ibarət deyil. Lakin təəssüf ki, uzun illər boyu Mədəniyyət Nazirliyində beynəlxalq əlaqələr şöbəsindən başqa aktiv şöbə yox idi, onların hamısı durğunluq içərisində idi.
Məsələn, teatr sektorunu bilən şəxslərin bu sahədən uzaqlaşdırılması, təsadüfi, mədəniyyətə heç bir aidiyyəti olmayan şəxslərin orada vəzifə tutması və sairə, bütün bunlar mədəniyyətə həddindən artıq ziyan vurdu”.

Afaq Bəşirqızı qeyd edib ki, dünənki görüşdə İctimai Şuranın yaradılması ilə bağlı təklif irəli sürülüb:
“Bu cür şura vaxtilə var idi. Həmin İctimai Şurada demək olar ki, bütün Mədəniyyət Nazirliyinin daxili işlərinə, o cümlədən kadr siyasətindən tutmuş fəxri adların, mükafatların verilməsi, hətta incəsənət adamlarının adlarına küçələrin olması ilə bağlı da müzakirələr edilirdi. Həmin qurumda çox gözəl şəxsiyyətlər otururdu. Onların arasında dirijor Niyazi, bəstəkar Fikrət Əmirov, Müslüm Maqomayev, Qəmər Almaszadə, Xəyyam Mirzəzadə, Cahangir Cahangirov var idi. Ona görə də fəxri adlar, mükafatlar vaxtında, yerində verilirdi. Eyni zamanda incəsənət xadimlərinin sosial problemləri də vaxtında həll olunurdu”.

Afaq Bəşirqızı bu görüşdə də aktyorların sosial problemlərini dilə gətirdiyini deyib:
“Qeyd etdim ki, bütün aktyorlar ad almayıblar. Lakin buna baxmayaraq, bu sənət sintetik olduğu üçün adsız aktyorlar Xalq və əməkdar artistlərindən daha aktiv, daha məhsuldar işləyirlər. Onlar teatra tamaşaçı, kassaya bilet gətirir və heç də fəxri ad almış aktyorlardan əskik deyillər. Xalq artistlərindən bununla fərqlənirlər ki, sadəcə adları yoxdur. Həmin aktyorların sosial problemləri çox böyükdür. Biz eyni zamanda incəsənət xadimlərinin sosial problemləri ilə maraqlanmalı və həll etməliyik.

Görüş zamanı kinodan da söhbət getdi. Sözün düzü, mən bu məsələyə qarışmadım. Çünki uzun müddət söhbət gedirdi ki, kino Mədəniyyət Nazirliyindən ayrılsın. Bundan əvvəl mən də bu fikirlər ilə razı idim. Çünki kino müstəqil bir işdir və ayrıca idarədə olmalı, görülən işlərin hamısının da məsuliyyəti kino xadimlərinin üzərində durmalıdır. Lakin bildiyiniz kimi, bu günlərdə nazirliyin kinematoqrafiya şöbəsinə 33 yaşlı Rüfət Həsənov təyin olundu. Dünənki görüşümüzdə onun haqqında çoxları böyük inamla danışdılar. Mən də bu inama dəstəyəm. Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qeyd etdi ki, “mən də mənfur qonşularımızın kino sahəsində bizdən irəli olmasına çox əsəbləşirəm”.

Mən də bildirdim ki, ermənilər dağılmaqda olan kinostudiyalarının binasını dağıdıb, sərvətini “yeməyiblər”, ərazilərində göydələnlər tikməyiblər. Onlar əllərində olan imkanlar ilə Qarabağ haqqında uydurmaları əsasında film çəkib, ən nüfuzlu beynəlxalq film festivallarına təqdim edib, qeydiyyatdan keçiblər. Biz indi hansı kinodan danışırıq, hansı ki, binasını dağıdıb, sərvətini “yemişik”, ərazisini də zəbt etmişik?
Bildiyimə görə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov xaricdə çalışıb. Ona görə də xaricdə gördüklərini burada gördüklərindən daha yaxşı bilir. Məhz bunun üzərində konsepsiya qurmaq mümkündür.

Beləliklə, çox sevindirici haldır ki, artıq mədəniyyət sahəsində islahatlara başlanılıb”.

Paylaş: