“Həlli vacib problemlərdən danışıldı”
Tarix: 19-08-2020, 08:24



Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalılar ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak ediblər.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. A.Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq olduğunu bildirib.



Tədbirə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Xalq artitsi Alim Qasımov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqaları da qatılıblar.  Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb.

Görüşlə bağlı təəssüratlarını “Sherg.az”a danışan xalq artisti Alim Qasımov bunları ərz edib: 

“Hamısı mədəniyyət işçiləri idi.  Hər biri həlli vacib problemlərdən danışdı. Mən də deyilənlərə uyğun məsləhətlərimi çatdırdım.  Həmişə təkrar olunan görüşlərdən biridir. Azərbaycan xalqının xeyrinə, mənəvi dəyərin qorunmasına yönəlik yığıncaq idi. Orda da  çatışmayan məsələlərdən bəhs edildi. Musiqiçilərin, yaradıcı insanların daha da inkişaf etmələri üçün nə kimi işlər görülə biləcəyi müzakirə edildi. Ona görə çox mühüm söhbətlər oldu, zövq aldım”. 

Yazıçı Anar tədbirdən razı qalıb:

“Çox maraqlı görüş idi. Səmimi söhbətlər oldu. Qərara gəldik ki,  belə görüşləri  tez-tez, heç olmasa üç aydan bir keçirək.  Zənnimcə  çox səmərəli və faydalı görüş oldu”.   

Paylaş: