Onlar hər şeyə görə internetə borcludurlar: Üzeyir Mehdizadədən Çinarə Məlikzadəyə...
Tarix: 14-08-2020, 15:09



Bu gün sosial şəbəkələr həm də bir təbliğat funksiyası daşıyır.
Artıq müəyyən müğənnilər yerli kanallara çıxmaq və özünü oradan insanlara tanıtmağa ehtiyac duymur. Bunun üçün əsasən "YouTube" portalında hər hansı bir mahnını yayımlamaq kifayət edir ki, onlar bu məşhurluğu dada bilsinlər. Bu tendensiya demək olar ki, hər bir ölkədə müşahidə edilir.
Bəs Azərbaycanda internet üzərindən məşhurluq qazanan şəxslər kimlərdir?
Cebhe.info bununla bağlı araşdırma aparıb.
"YouTube" üzərindən tanınan müğənni dedikdə ilk ağıla gələn heç şübhəsiz Çinarə Məlikzadə olur. "Pöhrə”, "Yeni ulduz” ən son "O Ses Türkiye” müsabiqələrində iştirak etməsinə baxmayaraq, onu "Gedək üzü küləyə" ifası məşhurlaşdırdı. Qısa zaman ərzində tanınan müğənni bundan sonra yeni mahnılarını çıxarmağa başladı, kanallara dəvət aldı.
Jane adlı müğənni ilə "İçime atıyorum aşk"-ı ifa edən Nuri Sərinləndiricinini yolu da məhz "YouTube"dan keçib. Onun mahnıları hazırda nəinki Azərbaycanda Türmənistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə də sevilərək dinlənilir.
"YouTube"da məşhurlaşıb yolu xarici ölkə səhnələrinə açılan daha bir məşhurumuz Üzeyir Mehdizadədir. "O mənim olmalıdır" mahnısı ilə şöhrət qazanan ifaçı sonradan bu sahədə irəliləyib öz səsini ölkə xaricinə daşımağı bacardı. Müğənni bir çox ölkələrdə konsert verib, özünə fanat ordusu toplamağı bacarıb. Heç təsadüfi deyil ki, Azərbaycanda "YouTube" üzərindən ən çox baxılan video da ona məxsusdur.
Belə ki, son illərdə çıxartdığı "Yaxşı olar" ifasının 140 milyon baxışı var.
Müğənni Nahidə Babaşlı da "YouTube"da yaydığı ifaları ilə şöhrət qazanıb. Bundan sonra o, Türkiyə türkçəsində oxuduğu mahnılarla Türkiyədə də sevilməyi bacarıb. Həm ölkəmizdə, həm Türkiyədə verilişlərə dəvət alıb. Onu məşhurlaşdıran mahnı isə türkiyəli müğənni Haluk Leventin ifasında tanınan "Anlasana" olub.
Nigar Muharrem də eyni kateqoriyada olan müğənnilər sırasındadır. Onun da həm ölkə, həm xaricdə sevənləri var. İfaçı "Omuzumda ağlayan bir sen" ifası ilə məşhurluq qazanıb.
Bundan əlavə, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova da "YouTube"da populyarlıq qazanıb. O bir neçə il öncə çıxartdığı "Bir şərtim var" ifası ilə şöhrət qazanıb.
Müğənni Asif Məhərrəmovun da sənət yolu "YouTube"dan keçir. O, illər öncə səsləndirdiyi "Gecə-gecə" ifası ilə tanınıb.
"YouTube" üzərindən tanınan idaçılar sırasında Aydın Sani, Lil Orxan, Şöhrət Məmmədov, Rübail Əzimov, Balabəy, İfrat kimi müğənnilər də yer alır.

Paylaş: