"Şöhrətlə yaşamaq çox çətindir"
Tarix: 13-08-2020, 13:18



“İnsanların  sevgisinin “Gülnar” obrazına, yoxsa Firəngizə olduğunu anlamırdım. Bir növ şübhə altında qaldım. “Gülnar” məni insanlardan uzaqlaşdırdı”. 
Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Unikal.org-a açıqlamasında bildirib və vurğulayıb ki, “Gülnar” obrazını canlandırmağına heç vaxt peşman olmayıb.

“Hər zaman “yaxşı ki, oynamışam” demişəm. “Gülnar” olmasaydı, mənə mane olan başqa səbəblər mütləq olacaqdı. Xeyli tamaşaçı sevgisi qazandım, indiyə qədər də “Gülnar” deyirlər.
Çox tez tanındım, bir gecədə şöhrət qazandım, hələ 21 yaşım var idi. Vaxtından əvvəl şöhrətə çatmaq da bir şey deyil, ümumiyyətlə, şöhrətlə yaşamaq çox çətindir. 
Mən, ümumiyyətlə, şanslı aktrisayam. Uşaq ikən Rasim Balayev, Ramiz Məlik, Ənvər Həsənov kimi aktyorları görmək kimi arzularım olub. Sonra isə Rasim Balayevlə “Qala” filmində tərəf müqabili oldum. Ramiz Məliklə teatrda həddindən artıq rollar oynadıq, onunla da tərəf müqabili olduq. Ənvər Həsənovla isə “Qanlı zəmi” filmində xırda epizod da olsa, rol oynadım, yəni arzularım ürəyimdə qalmayıb. Təkcə ən sevdiyim aktyorlardan biri Yusif Vəliyevi görmədiyimə heyifsilənirəm”, - deyə aktrisa bildirib.

Paylaş: