"Mən şəxsən Rüfət Həsənovu tanımıram"
Tarix: 12-08-2020, 15:44




Məlum olduğu kimi Mədəniyyət Nazirliyində kadr islahatlarına başlanılıb. Ötən gün nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov vəzifədən azad edilib. Onun yerinə isə 33 yaşlı rejissor Rüfət Həsənov təyin olunub. Rəsmi məlumatda bildirilir ki, Cahangir Məmmədov yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib. 
Qeyd edək ki, uzun illərdir ki, kinomatoqrafiyaçılar nazirliyin kino şöbəsinin fəaliyyətindən narazılıqlarını bildirirdilər. Ən çox şikayət isə kino üçün büdcədən ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməməsi ilə bağlı idi.

Bəs bundan sonra problem aradan qalxacaqmı?

Məsələ ilə bağlı rejissor Cəlaləddin Qasımov Musavat.com-a aşağıdakıları bildirdi:
“Doğrudur, mən şəxsən Rüfət Həsənovu tanımıram. Amma inanıram ki, onun gəlişi ilə nazirliyin kino şöbəsində vəziyyət yaxşılığa doğru dəyişəcək və ona bu işdə uğurlar arzulayıram.
Bildirim ki, bu vaxta qədər qurumun kino şöbəsinin rəhbərliyinin ancaq bir məqsədi olurdu – büdcədən kino üçün ayrılan vəsaitin faizini özlərinə götürsünlər. Orada demək olar ki, hər kəsin özünün faizi var idi. Beləliklə, şöbə Azərbaycan kinosunun yalnız əleyhinə çalışırdı. Müstəqil rejissorların hər hansı bir uğurunu qəbul etmir, yalnız özlərinə yaxın olan adamlarla əməkdaşlıq edirdilər. Bu səbəbdən uzun illərdir ki, kinomuz inkişafdan qalıb. Halbuki, Azərbaycan kinosunun çox gözəl tarixi var. Bizim çox dəyərli sənətkarlarımız var, hansı ki, onların artıq yaşları ötür. Biz onları filmlərə çəkib, dünyaya tanıda bilərik.
Dövlətlər öz mədəniyyətini, tarixini kino ilə dünyaya çatdırmağa çalışır. Biz də Azərbaycan həqiqətlərini, Qarabağ problemimizi məhz kino ilə dünyaya çatdıra bilərik.

Ümid edirəm ki, kino şöbəsinə yeni təyin olunan Rüfət Həsənov bütün gözləntilərimizi həyata keçirəcək”.

Xatırladaq ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bates College məzunu olub. 2012-ci ildə Ali Rejissorluq və Ssenari kursları (Moskva) bitirib. 2013-cü ildə çəkdiyi “Buqələmun”( Elvin Adıgözəl ilə birgə) tammetrajli bədii filmi Beynəlxalq Lokarno festifalının proqramına daxil olub. “Yoxdur belə söhbət” və “Daxildəki ada” bədii filmlərinin quruluşçu rejissorudur.
“Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən filmlər sırasında Azərbaycan istehsalı olan “Daxildəki ada” tammetrajlı bədii filmi də var.

Paylaş: