“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur”
Tarix: 7-08-2020, 16:48



Azərbaycanda mətbuatın sosial şəbəkəyə uduzması müşahidə edilir. Maraqlıdır ki, sosial şəbəkələr mətbuat qədər ciddi olmasa da, daha operativ və məlumat bolluğu olan platforma sayılır. Tovuz hadisələrində də ictimaiyyətin informasiya müharibəsində sosial şəbəkələrdən daha çox istifadə və istinad etdiyi göründü.
 
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev AYNA-ya açıqlamasında bunu sosial şəbəkələrin operativliyi ilə əlaqələndirib: “Üstəlik, sosial şəbəkələrin əhatə dairəsi daha genişdir və tribunası daha əlçatandır. Məhz buna görə də kütləvi informasiya vasitələri (KİV) belə, sosial şəbəkələrdən fəal istifadə etməyə çalışır. Hətta, bu gün sosial şəbəkəyə çıxışı olmayan media təsəvvür etmək çətindir. Lakin bu, tək Azərbaycanda yox, bütün dünyada belədir. Dünyanın hər yerində sosial şəbəkələr üstünlüyü öz üzərinə götürüb”.
“İkinci mühüm bir məsələ Azərbaycanda ənənəvi media strukturlarına inamın azalması ilə bağlıdır ki, bu da uzun müddət medianın yalan üzərində qurulmasının, problemlərin həllinə qeyri-professional yanaşmanın və informasiyaya çıxışda KİV-lər üçün ciddi məhdudiyyətlərin yaranmasının nəticəsidir. Ona görə də KİV-lər ya susmalı olur, ya da elə bir şey yazır ki, heç kim heç nə başa düşə bilmir. Amma sosial şəbəkə elədir ki, insanlar şayiəni eşidən kimi dərhal sosial şəbəkələrə ötürürlər. Sosial şəbəkələrdə də ciddi informasiya nə qədər az olursa, bir o qədər də şayiələr çox olur ki, bu da daha cəlbedici olur”, - müsahibimiz deyib.
 
A.Əliyev bunun iki məsələ ilə bağlı olduğunu bildirib: “Bunu fakt kimi qəbul etməliyik ki, sosial şəbəkələrin bəzi üstünlükləri var və media orqanları həmin üstünlükləri indiki şəraitdə verə bilmir. Ələlxüsus da sosial şəbəkələrə çıxışları yoxdursa, bu, lap çətin olur. 2-ci məsələ isə ondan ibarətdir ki, bu cür mənfi təsirlərin qarşısını almaq üçün yalnız yüksək professionallıq və informasiyaya çıxış imkanlarının genişləndirilməsi lazımdır”.
 
Psixoloq Taryel Faziloğlu da AYNA-ya şərhində sosial şəbəkələrin mətbuatın bir çox funksiyalarını yerinə yetirməyə başladığını qeyd edib: “Çünki mətbuat işçiləri belə, sosial şəbəklərdə çox aktivdir və öz yazılarını sosial şəbəkələr vasitəsi ilə daha çox reklam edə bilirlər. Yəni bir növ sosial şəbəkələr elə mətbuatın özünə xidmət edir”.
“Digər tərəfdən, Azərbaycanda insanların total güvənsizlik problemləri var deyə, heç bir quruma inanmırlar. Bu güvənsizlik problemi də hər sahədə azərbaycanlılara ciddi şəkildə problemlər yaradır. Bu, istər inzibati orqanlar olsun, istərsə də mətbuat. Azəbaycanda televiziyalar, bəzi KİV-lər xəbərləri bəzi hallarda konteksdən çıxararaq təqdim edir deyə, onsuz da güvənsizlik problemi olan insanlar bir az da inamsızlaşırlar. Sosial şəbəkəyə isə ona görə inanırlar ki, total güvənsizlik yaşayan bir cəmiyyətdə aqressiya müyyən mənada daha çox etimad görür. Çünki güvənsizlik daxili aqresiyyanın yüksəlməsi ilə nəticələndiyi üçün aqressiv xəbərlər də insanların daxili aqressiyasını bir növ tamamlayır. Elə olanda da xəbər daha çox ouxnur”, - ekspert vurğulayıb.
 
Faziloğlu hesab edir ki, belə hallarda Azərbaycanda gündəmi çox rahat şəkildə dəyişmək mümkündür: “Məsələn, Tovuz hadisələri kimi ciddi bir prosesdə, keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun yerində tapılmaması və ardınca “evdən işləyirəm” deməsi isə gündəmi dəyişdi. İnsanlar bunu lağlağıya çevirərək, içlərindəki aqressiyanı boşaltmağa və özlərini məmnun etməyə çalışdılar. Buna görə də lağlağı olan həmin statuslar daha çox rəğbət gördü. Amma bu məsələni kimsə analiz edib, ciddi şəkildə analtik yazı yazsaydı, kimsə oxumazdı. Yəni ki, mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur”.

Paylaş: