"Youtube"un "xalq artistləri" — sosial şəbəkədən üzə çıxan MƏŞHURLAR
Tarix: 23-10-2017, 13:07


"Maşın şou"nun dünənki buraxılışında aktyor İlkin Misgərlinin ("Bozbaş Pictures"in Qılmanı-red.) müğənni Talıb Taleyə uduzması bir daha göstərdi ki, sosial şəbəkələr izləyici, tamaşaçı sayına görə televiziyaları üstələyir. Şübhəsiz ki, bu mənada "Youtube" televiziyanın əsas rəqibi, hətta belə demək mümkünsə, qəniminə çevrilib. Doğrudur, İlkinin oynadığı obrazlara da "Youtube" vasitəsilə minlərlə insan baxıb. Ancaq Talıb Taleni insanlar məhz bu sosial şəbəkə vasitəsilə tanıyıblar.



Digər tərəfdən yanaşanda təbii ki, sənətçinin hər hansı videosuna milyonlarla baxışın olması keyfiyyət göstəricisi sayıla bilməz. Ancaq danılmayacaq bir fakt var ki, bu gün şərti olaraq "Youtube"un "xalq artistləri" adlandıracağımız sənətçilərə yetərincə tələbat var. 
Ölkə.Az sosial şəbkələr vasitəsilə tanınan sənətçilərin bir qismini təqdim edir. 
Üzeyir Mehdizadə ilk mahnılarını buraxanda Azərbaycanda bu sosial şəbəkə o qədər də populyar deyildi. Ancaq o vaxtlar Üzeyirin yazıb oxuduqları da indiki kimi geniş yayılmamışdı. Bəlkə elə buna görədir ki, 27 yaşlı ifaçını yaxın ölkələrdə - Türkiyədə, Rusiyada, hətta Orta Asiyada məclislərinə dəvət etmək istəyənlərin sayı günbəgün artır. 

Müğənni Damla (əsl adı Məsumə Əliyev-red.) da "Youtube" vasitəsilə tanınan sənətçilərdəndir. Bəli, sənətçinin son zamanlar efirlərə tez-tez dəvət edirlər. Elə mətbuatın özündə də barəsində "sponsoru maşın aldı", "filankəsdən hamilədir", "sponsoru bağışladığı maşını əlindən tutub aldı" tipli xəbərlər yazılır. Ancaq həqiqət budur ki, sənətçinin qazandığı populyarlığın böyük hissəsi "Youtube" vasitəsilə olub.

Elə Damlanın son zamanlar duet ortağı olan meyxanaçı Pərviz Bülbülənin də məşhurlaşmasında sosial şəbəkələr az rol oynamayıb. Populyarlıq mənasında ilk addımlarını ANS-in məşhur "De, gəlsin" meyxana layihəsində atan Bülbüləlini indi daha çox sosial şəbəkələrdən tanıyırlar. 

Təxminən altı ay əvvələ qədər Elvin Mirzəzadə adı ancaq sənət aləmində kimlərə nəsə deyə bilərdi. Maksimum təqdimat da bu ola bilərdi ki, o, "Yeni ulduz" mahnı-SMS yarışmasının iştirakçısı olub. Şühbəsiz ki, istedadlıdır. Ancaq Elvini nə iştirak etdiyi müsabiqə, nə də digər efirlər tanıda bilmədi. Məhz "Düşün məni" adlı mahnı bir neçə gün ərzində 5 milyondan artıq baxış sayı qazandı və beləcə Elvinə populyarlıq qazandırdı. Qeyd edək ki, hazırda həmin ifanı 7 milyondan artıq insan dinləyib.

"Maşın şou"nun maraqlı iştirakçılarından olan repçi Rauf Əhmədov da populyarlığının böyük hissəsini sosial şəbəkələrə borcludur. Məntiqlə yanaşsaq, Murad Dadaşov kimi işini bilən adam 2-3 illik karyerası olan repçini bu layihəyə dəvət etməyə də bilərdi. Ancaq qeyd etdiyimiz kimi Əhmədovun sosial şəbəkələrdə qazandığı populyarlıq Dadaşov və komandasının da diqqətindən kənarda qalmadı.


Paylaş: