“Turan ellər” uyğurlara dəstək çıxan İsveç müğənnisindən ibrət götürəcəkmi?
Tarix: 5-08-2020, 10:06



İsveç müğənnisi Zara Larsson Çinin uyğurlara qarşı siyasətinə etiraz olaraq “Huawei” şirkəti ilə əməkdaşlığına son qoyub.
Larsson Çinin əməllərini dəstəkləmək istəmədiyini vurğulayaraq “Huawei” ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. 22 yaşlı sənətçi bildirib ki, uyğurlara və honkonqlulara dəstək vermək istəyir, “Huawei” ilə işbirliyi şəraitində bunu edə bilməz. O, Çin şirkəti ilə anlaşmasının yanlış olduğunu söyləyib.
Zara Larsson məşhur sənətçidir, klipləri “YouTube”da yüz milyonlarla izləyici toplayır.
Bəs, “Turan ellər”in məsələyə reaksiyası nədir?
Sıfır.
Bu yaxınlarda Türkiyə Böyük Millət Məclisində uyğurların məsələsi qaldırılanda iqtidar ortağı MHP-nin qrup başqan vəkili Erkan Akçay belə cavab verdi: “Ne yapalım, Çine savaş mı açalım?..”
Türkiyə son 2 ildə Çindən, təxminən 7 milyard dollar kredit alıb. Üçüncü körpü (Sultan Səlim) və Quzey Marmara avtomobil şosesinin 51% səhmləri çinlilərə satılıb.
Gələn xəbərlər göstərir ki, Doğu Türküstanda türk-müsəlman azlıqlara qarşı təzyiqlər artıq soyqırım xarakteri almaqdadır. Təxminən 2 milyon uyğur, qazax və qırğızın kamplara doldurulduğu, bölgədə türk-islam tarixi və mədəniyyətinin izlərinin silinməsi (tarixi abidələrin, məscidlərin, məzarlıqların dağıdılması), məcburi assimilyasiya siyasəti aparılması məlum idi. İndi bunlara uyğur qadınların qısırlaşdırılması da əlavə olunub.
ABŞ-dan sonra Avropa ölkələri də səslərini ucaltmağa başlayıblar. Xüsusən Britaniya və Fransa son vaxtlar bu məsələdə xeyli aktiv görünür. Hər iki ölkənin də Çinlə milyardlarla dollarlıq ticarəti var, amma ictimaiyyət hökumətləri bu məsələyə reaksiya verməyə məcbur edir. Fransa hökuməti Doğu Türküstana beynəlxalq faktaraşdırıcı komissiya göndərilməsi təklifi ilə çıxış edib. Çin bu tip tələblərdən ciddi şəkildə qıcıqlanır və bunu öz daxili işlərinə müdaxilə sayır.
Şahin Cəfərli(dominant.az)

Paylaş: