Qətlə yetirilmiş məşhur ekstrasensin doğum günüdür
Tarix: 3-08-2020, 09:39



Bu gün Azərbaycanda Xalq Biliciləri və Ekstrasensləri İttifaqının, Parapsixoligiya və İlahiyyat İnstitutunun yaradıcısı, ekstrasens Etibar Erkinin anım günüdür. Cebhe. info xəbər verir ki, Etibar Erkin 1948-ci il avqustun 3-də Qazax rayonunda anadan olub. 1971-ci ildə Politexnik İnstitutunu bitirib, 1980-89-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işləyib.
Mühəndis, rəssam, jurnalist, şairliklə yanaşı, irfani elmlərə də maraq göstərib. 1981-ci ildə Moskvadan Bakıya gəlmiş yoqların məsləhəti ilə SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunda akademik A.Spirkinin rəhbərlik etdiyi xüsusi qrupda təhsil alıb.
Fövqəlduyum qabiliyyəti təsdiq edildikdən sonra o, 1989-cu ildə Azərbaycanda “İnsan və Elm Mərkəzi”ni yaradıb. Yaratdığı Xalq Biliciləri və Ekstrasensləri İttifaqının nizamnaməsində göstərilir ki, məqsəd Azərbaycanda qeyri-adi duyuma, ekstrasens qabiliyyətə malik olan şəxsləri, eləcə də bu sahəyə aid olan bilgiləri üzə çıxarıb, onların birgə fəaliyyətini həyati xidmətlərə yönəltmək və enerji informasiya mübadiləsi üzrə antiinsani, antihumanist təcrübələrə, cadugərliyə, sehrbazlığa qarşı mübarizə aparmaqdır.
Etibar Erkinin xatirəsinə həsr olunmuş “Etibarın dünyası, dünyanın etibarı” (elmi məqalələri və proqnozları), Səbuhi Rəhimlinin “Böyük şərin düşməni”, Gülarə Munisin “İtkin” kitabları, Rita Odinokovanın - “İlahi mənbə” povesti yazılıb.
Qeyd edək ki, 1999-cu il yanvarın 14-də E.Erkin və iki oğlu Bayıl qəsəbəsində yerləşən evində qətlə yetirilib. Ekstrasensin qətlinin “Ceyşullah” tərəfindən həyata keçirilməsi versiyası da ortaya atılıb. O zaman belə məlumatlar var idi ki, Etibar Erkini öldürən “Ceyşullah” dini təşkilatının üzvü ekstrasensi guya şeytani əməllərlə məşğul olduğu üçün öldürdüyünü elan edib.

Paylaş: