“İndiyədək almadığım bir təklif gözləyirəm”
Tarix: 3-08-2020, 09:34



Azərbaycanda çəkilən və nümayiş olunan seriallar çoxdur. Amma o seriallar arasında xüsusilə seçilən seriallardan biri “Ata ocağı”dır. AYNA serialın sevilən obrazlarından olan Ləmanla (aktrisa Zülfiyyə Qurbanova) ilə həmsöhbət olub.
 
- Zülfiyyə xanım, öncə başlayaq karantin rejiminin sizin işlərinizə təsirindən…
 
- Karantin hər kəsə olduğu kimi, mənim də işlərimə təsir elədi. Ümumiyyətlə, iş həyatımda çox aktiv biriyəm. Daim öz üzərimdə işləməyə, yeni layihələrdə yer almağa çalışıram. Karantin olsa da, son günlərə kimi işlər davam edirdi. “Ata ocağı” serialının mövsüm finalına kimi seriala çəkildim. Artıq işlər bitib və sakitlikdir. Qeyd edim ki, iki mövsüm serialda çəkildim. Artıq serialda hekayəm bitdiyi üçün serial ilə yollarımız ayrıldı.
 
- Yeni mövsüm üçün seriallara təkliflər varmı?
 
- Açığını deyim ki, “Ata ocağı”na çəkilən ərəfədə həddindən artıq çox təklif gəlirdi. Təkliflərə “yox” deyirdim. Çünki serial çəkilişlərinə vaxt ayırırdım. İndi də təkliflər var. Hələlik mənə uyğun təklif olmadığı üçün qəbul etmirəm. Özümə uyğun obraz təklifi gələrsə, böyük məmnuniyyətlə qəbul edəcəm. Çünki işimdən ayrı qala bilmirəm.
- Siz nə cür rola dəvət gözləyirsiniz? Özünüzü hansı obrazlarda daha çox rahat hiss edirsiniz?
 
- Bu zamana qədər oynamadığım bir rolun təklifini gözləyirəm. Mənim üçün rolun rahatlığı deyilən bir şey yoxdur. Hansı rolda aktyor işi çox olur, elə həmin rolları sevirəm. Mən aktrisa kimi səhnədə oynayanda işimdən həzz almalıyam. Əks halda oynadığım obraz süni alınar. Aktrisa işi olan hər bir rolu həzz alaraq oynayıram. Bəli, aktyor işi olmayan obrazlar da olur. Yəni aktyoru əziyyətə salmayan, sadəcə oynamalı olduğum obrazlar. Bunlardan isə həzz almaq olmur.
 
- Rejissorun dediklərini etməyi sevirsiniz? Yoxsa mütləq rolunuza özünüz "duz" qatırsınız?
 
- Rejissoru dinləyirəm, istədiyini verəməyə çalışıram. Amma mütləq özüm "duz" da tökürəm, lazım gələndə "istiot” da səpirəm (gülür – T.X.) Mənə görə aktyor və aktrisanın mütləq öz yanaşması olmalıdır. O zaman həmin obraz daha təbii alınır.
 
- Bu gün sənətdə istədiyiniz pillədəsiniz?
 
- Hələlik yox. Adam həmişə daha çoxunu istəyir. Daha gözəl rollar, daha çox uğur. Təcrübə qazandıqca və özünü aktrisa kimi kəşf eləməyə başladıqca hər şeyin daha çoxunu istəyirsən. Qane olmaq olmur. Ən azından məndə belədir.
 
- Sizə görə, bu gün Azərbaycan səhnəsində uğurlu aktrisa və ya aktyor olmaq üçün nə lazımdır?
 
- İstedad, zəhmətkeşlik, məsuliyyətli və ən əsası işinə sevgi. Bunlar olanda uğur qazanmaq mümkün olur. Bir də bizim peşədə xarici görünüşün də önəmi böyükdür.
 
- Cəmiyyət həmişə aktrisaları xoşbəxt insanlar hesab edir. Həqiqətənmi aktrisalar xoşbəxt insanlardır?
 
- Aktrisalarin da hər hansı bir sahədə olan qadınlar kimi xoşbəxti də var, xoşbəxt olmayanı da. Hansı sahədə olmasından asılı olmayaraq qadın qadındır. Mən hələ ailə həyatı qurmamışam. Amma cəmiyyət nəhayət dərk eləməlidir ki, hansısa bir başqa sahədə çalışan xanımla aktrisanın heç bir fərqi yoxdur. Təssüf ki, bizdə bəzən iş ilə həyatı qarışdırırlar.
 
- Bu sahədə hər kəsin bir ustadı olur. Zülfiyyə Qurbanovanın ustadı və ya ustadları kimlərdir?
 
- İncəsənət Universitetində oxuduğum vaxtlar mənim çox dəyərli müəllimlərim olub. Ağakişi Kazımov, Ənvər Vəliyev. Daha sonra çalışdığım teatrın rəhbəri, gözəl aktrisamız Amaliya Pənahova. Mən onların mənə öyrətdiklərindən həmişə faydalanmağa çalışıram. Belə ustadlarımın olması ilə özümü şanslı aktrisa hesab edirəm.

Paylaş: