"Olduğum yer heç kimin yerini dar etmir"
Tarix: 31-07-2020, 10:54



UlduzumSan.Az xəbər verir ki, “Newpost.az” xəbər portalının bugünkü müsahibi – daxili dünyası olduqca zəngin, özünəməxsus poeziyası ilə ürəkləri fəth etmiş, geniş kütlələrin sonsuz məhəbbətini qazanmış – şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nuranə Nurdur.
Maraqlı müsahibəni sizlərə təqdim edirik:
– Ölkəmizin mətbuatında kifayət qədər tanınan və oxunan yazarsınız.  Özünüzü olduğunuz yerdə necə hiss edirsiniz?
– Olduğum yer sözdən ibarətdir. Məişət mənasında söz- söhbətdən uzaq adamam. Amma sözün söz mənasında həyatım ondan asılıdır. Bəlkə də yerimdə olmaq istəyən, ola biləcəyin asan olduğunu düşünən çox adam var. Amma mətbuat adamı olmağın məsuliyyəti böyükdür. Sənə müraciət edirlər, hesablaşırlar, fikrinlə müəyyən mənada razılaşırlar. Yazdığın hər hansı  bir şeir, hekayə və ya məqalə cəmiyyətdə sənin haqqında fikir formalaşdırır, tərz yaradır. Sosial medianın geniş yayıldığı bir dövrdə bu tərzi qoruyub saxlamaq çox çətindir. Olduğum yer heç kimin yerini dar etmir, bu camiədə hərə öz düşüncəsi boyda yer tutur.
– Yazmaq ehtiyacı nədən yaranır? 
– Uşaqlıqda adətən qəzetləri səsli oxuyurdum, ən çox da o vaxt  TV proqram səhifələrini ucadan oxuyurdum, guya diktoram.  Amma səssizliyə çəkiləndə bu hiss ritmli pıçıltıya çevrilirdi. Ürəyimdə danışırdım. Şeirlərimi əvvəl qaralamada yazır, sonra üstündə qırmızı lalələr şəkili olan şeir dəftərimə köçürürdüm. Hər şeiri yazıb bitirəndən sonra yanına mütləq bir şəkil çəkirdim. O şəkil həmin şeirin şəkli idi. Hansı şeirimin hansı səhifədə olduğunu yanındakı şəkillərindən tanıyırdım. Bir də gündəliyim vardı, hadisələri yazırdım. Yazmaq mənə xoş gəlirdi, yazdığım qələmləri xüsusi ilə seçirdim. İncə ucluqlu, nazik qələmlərlə yazanda xəttim daha gözəl olurdu. Hətta  oxuduğum dərsləri də yazıb sonra danışırdım. Yazmaq ehtiyacı ruhun ehtiyacı, rahatlığıdır.
– Bəs maraqlıdır, necə olur ki, söz şeirə çevrilir?
– Şeir sözlərin sərgisidir. Təbii ki, sərgiyə yaradıcı insanın işlədiyi ən gözəl nümunələr qoyulduğu kimi, şeirə də şairin düşüncəsindəki ən gözəl sözlər gəlir. Sözün gözəlliyi burda onun gözəllikdən bəhs etməsi ilə deyil, ideyaya uyğun olan ən gözəl fikirin tapılması ilə bağlıdır. Həmin sözlər üşüyəndə, darıxanda şeirə çevrilir, orda qızınır, rahatlıq tapır. Amma hər üşüyən, darıxan söz şeirə layiq deyil. Elə sözlər var ki, onlar üşüsə də, darıxsa da şeirə gətirmək olmaz. Amma bu o demək deyil ki, şeirdə sözlər üçün senzura olmalıdır. Sadəcə şeirin daxili enerjisini, ritmini,  təəssüratını yaradan və yarada bilməyən sözlər var. Bu təbii olaraq istedadın tərkib hissəsidir. Düşünə bilərsiniz ki, sərbəst şeir yazan şairlər düşündükləri bütün sözləri (əlaxüsus maraq cəzb etsin deyə əndrabadi sözləri) yan- yana düzüb yazırlar. Janr yox, forma sərbəst, sözlər göydən düşmə…Bir söz var ağlına gələni yazmaq. Bəli, məsələ odur ki, adamın ağlına gələn onun ağlının göstəricisidir. Lakin bu ifadə dərin adam haqqında deyilmir, çünki çox dərinlikdən ağıla gələnlərin yolu əzablı və müəmmalıdır. Şeir sözün əsl mənasında şairin ağlına gələnlərdir. Bəzi şairlərin ağlına gələnlər hazır şablon ifadələr şəklində olur, bu da onların şeir haqqında təsəvvürlərinin  ənənəçi olması ilə əlaqədardı.
– Bildiyimiz qədər incəsənətin digər növlərində də istedadlısınız. Gözəl səsiniz, rəsm qabiliyyətiniz var. Veriliş aparıcısı olmusunuz. Daha başqa incə sənətlərə marağınız olub. Bəs niyə şeir?
– Ümumiyyətlə incəsənət elə bir sahədir ki, onun nümayəndələri adətən universallar olur. Şükr edirəm ki, mən də bu anlamda seçilmişlərdənəm.  Deyilənə görə çox kiçik yaşlarımdan çəkdiyim şəkillər öz yaşıdlarımdan çox fərqlənib. İki yaşında çəkdiyim əşyalar əslinə çox oxşayırmış. Daha sonra məktəb yaşlarında rəsm müəllimlərim də rəssamlıq kurslarına yazılmağımı istədilər. Xəttim gözəl idi, ilk sinif müəllimim yazdığım dəftərləri digər siniflərə nümunə kimi sinif otağında saxlayırdı. İndi də onu ziyarətə gedəndə, bunu həmişə qeyd edir. Məktəbin bütün mədəni tədbirlərində aparıcı, bədii hissəsində ifaçı kimi çıxış edirdim. Məktəbimizdə musiqi məktəbindən  qonaq olan müəllim mütləq xora yazılmamı istəmişdi. Rəqs qruplarında solist olurdum. Əmək dərslərində tikiş işləri, naxışlı toxumalar hazırlayırdım. Bu işlər gözəl alınanda özümü xoşbəxt hiss edirdim. Bütün bunlarla yanaşı dərs əlaçısı, sinif nümayəndəsi idim.  Yəni demək istəyirəm ki, incəsənətə meylli adamların istedadı çoxşaxəli, həyat tərzi rəngli olur. Hətta  heç vaxt sınamadığım amma bacararam deyə düşündüyüm bir sənət var –  duluzçuluq. Gildən qablar düzəltmək, onlara maraqlı formalar vermək, üstünü naxışla işləmək. Təəssüf ki hələ bu fürsəti yaxalamamışam. Və gələk sualınızdakı əsas məsələ – şeir yazmağa. Şeir yazmaq başqa aləmdir, sakitcə bir köşəyə çəkilib içini boşaltmaq və yüngülləşməkdi. Yəni bu sahələrin hamısından daha səssiz, daha məhrəm, daha fərdidir.  Şeir biraz  tənhalıqdır, danışmaqla susmağı eyni anda yaşaya bilməkdir. Şeir zövq sənətidir. Zəkanın uzun yolçuluğundan sonra dincəlməsidir. Şeir düşüncəni duyğu anına gələnə qədər yoğurmaqdır. Əslində hər insan şair, hər həyat bir şeirdir. Şair olmaq təkcə şeir yazmaq deyil ki… məsləyini gözəl bacaran hər kəs şair, bundan zövq ala bilmək isə şeirdir. Mən özümü şeirdə itirdim, şeirdə  tapdım.
– “Yordum səni həyat” deyirsiniz. Bəlkə yorulan sizsiniz, bu da bir paradoksdur.
– İnsanın həyatında üç böyük hadisə var; doğulmaq, yaşamaq, ölmək. Birinci və sonuncu hadisələr bizdən asılı olmur, bizdən asılı olan yaşamaqdır. Həyat yaşamaq sənətidir, onu hər yaşayan sənətkar ola bilmir. Görmək, eşitmək, yemək, gəzmək bunlar həyat əlamətləridir, əsl həyat isə duymaqdır.  Həyat elə bir şeydir ki, doğularkən niyə ağladığını yaşadığın zaman anlayırsan. O elə bir müəllimdir ki, əvvəl imtahan edir, sonra dərs verir. Burda etdiyin bir səhv bütün düzlərini silə bilər.  Zaman keçir deyirik, əslində keçib gedən bizik. Bəlkə də günahkar axtarırırıq, zamanın özü bizik. Bizik bu dünyaya gələn, keçən, gedən. Nə dünyanın, nə zamanın umrunda deyilik. “Yalan dünya”, “amansız zaman “ deyib üsyan etsək də faydası yoxdur. Yorulmağımızı boynumuza almayanda həyatı yordum deyirik. Ömrü vaxtla yox, əməllərlə ölçə bilsək çox yorulmarıq.
– Yaradıcı insanların həyata münasibətləri maraqlı və özünəməxsus olur. Onlar təkcə öz həyatlarını yaşamırlar, digərlərinin həyat təcrübələrini də nəzəriyyəyə çevirə bilirlər. Bu necə bir duyğudur?
– Üzməyi bacaranlar özlərini gəmidə daha rahat hiss edirlər, halbuki gəmi dənizin ortasında batarsa hamını eyni aqibət gözləyir. Həyat hadisələrinə münasibətlərdə çevik reaksiya verə bilmək bacarığı, əslində düşüncənin intensivliyi ilə əlaqədardır. Məsələn sizdə bir alma var, məndə də bir alma var. Biz almaları bir -birimizə versək yenə hərəmizdə bir alma olacaq. Amma sizdə bir ideya, məndə də bir ideya varsa, biz onları bir- birimizə versək hərəmizdə iki ideya olacaq. Həyat hadisələrini genişləndirilmiş, təcrübələrə əsaslanan ideyalarla yönləndirmək mümkündür. Lakin həqiqət budur ki, hər zaman hər şeyi dəyişmək mümkün deyil. Nəyisə dəyişə bilməyəndə məcbur olub, özümüzü dəyişirik.  Yalnız bu məqamına və mühütünə görə birmənalı qarşılanmaya bilər. Çətin durumlar üçün insana hədiyyə olunmuş ən gözəl duyğu ümiddir. Ən gözəl ümid isə ümidsizlik üzərində qələbədir. Ümidsiz olmaqdansa, ümid – siz olun. Yaradıcı insanların ən gözəl dostları xəyal və ümiddir. Buna görə biz onlarla- yəni özümüzlə tək qalanda darıxmırıq.

Paylaş: