"Sovet hökuməti dağılandan sonra alimlər təbliğatla yox, öz başlarını dolandırmaqla məşğul oldular"
Tarix: 31-07-2020, 10:01



“Bunlar bizi kökümüzdən ayırmaq istəyirlər, çünki türk kökünə bağlı olanda özünü qüdrətli hiss edirsən və bilirsən ki, atan, baban kimdir. Türk tarixi də çox qüdrətli zəfər tarixidir”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Kamran Həsənli deyib. 

K.Həsənli bəzi qüvvələrin tariximizi saxtalaşdırmaq istədəyini bildirib:

“Tariximizi saxtalaşdırmaq sovet dönəmindən gələn bir təbliğatdır. Bunun yaşı artıq 100 ilə yaxındır. Bunlar bizi kökümüzdən ayırmaq istəyirlər, çünki türk kökünə bağlı olanda özünü qüdrətli hiss edirsən və bilirsən ki, atan, baban kimdir. Türk tarixi də çox qüdrətli zəfər tarixidir. Sovet hökuməti dağılandan sonra alimlər təbliğatla yox, öz başlarını dolandırmaqla məşğul oldular və ona görə də bunu yenidən bərpa etmək və tarixi gerçəkləri söyləmək lazımdır. Tarixi gerçəkləri söyləyib, tarixi zəfərlərimizi bilərək, üstəlik, düşmənimizin kim olduğunu açıqca üzünə deyərək, millət olaraq ümumi ideya ilə düşmənimizi, dostumuzu tanıyandan sonra yeni zəfərlərə gedə bilərik. Yoxsa ki, hər kəs müxtəlif fikirdə olanda çox çətin olur. Ona görə də güman edirəm ki, digər ziyalılarımız da mənim başlatdığım kampaniyaya qoşulsalar, yaxşı olar. Tarixi həqiqətləri söyləməyimiz çox vacibdir”.

K.Həsənli erməni təxribatına da münasibət bildirib və onların dünyada bu işdə peşəkar olduqlarını vurğulayıb:

“Ermənilər bizi tarix boyu təxribata çəkib, gözdən salmaq istəyirlər. Burda ehtiyatlı olmaq lazımdır, çünki onların təbliğat maşını dünyada bizdən yaxşı işləyir. Sumqayıt hadisələri bunun sübutudur. Biz haqlı olsaq da, dünyada haqsız çıxdıq. Ermənilərin lobbiləri güclüdür. Amma bu gün dünyada baş verənlər onu göstərir ki, Azərbaycan lobbisi də ayılmaqdadır. Cənubi Azərbaycan lobbisi də artıq bizə birləşib. Bir millət olaraq bizim bu savaşda olmağımızın xeyri var. Burda Turanın dirçəlişi var və Azərbaycan da Turanın bir qızıl körpüsüdür. Savaş olan kimi Türkiyə, İraq, İran, Qazaxıstan, Qırğızıstan buna münasibət bildirdi. Bir sözlə, Turanın açarı bizdədir və buna görə bizə hərəkət mütləq lazımdır. Bu cür hərəkət etməklə isə torpaqlarımızı mütləq işğaldan azad edə bilərik”.

Paylaş: