"Şəhidlərimiz haqqında beynəlxalq aləmə çıxarılası peşəkar səviyyəli filmlərimiz niyə yoxdur?"
Tarix: 30-07-2020, 11:24



“Şəhidlərimiz haqqında beynəlxalq aləmə çıxarılası peşəkar səviyyəli filmlərimiz niyə yoxdur?”
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva telekanallarımızda nümayiş olunmaq üçün hərbi-vətənpərvərlik mövzusunda filmlərin yetərincə olub-olmadığına münasibət bildirərkən deyib.
Aktrisa onu da bildirib ki, torpaq uğrunda canından keçən şəhidlərimiz haqqında çoxdan romanlar yazılmalıydı:
“Hətta deyərdim ki, bu gün xalqın vətənpərvərlik hissi çox yüksəkdir. Bu hissə adekvat olan sənət əsərləri yox dərəcəsindədir. Xüsusən də kino, cünki, söhbət kino yaradıcılığından gedir. Sual verirəm, başımıza gələn müsibətləri, erməni təcavüzkarlığını, eləcə də ərazi bütövlüyümüz uğrunda şəhid olan, mərdliyi və cəsarəti ilə nümunə olan insanların qəhrəmanlığı haqqında beynəlxalq səviyyəyə çıxan bədii-sənədli filmlər çəkmişikmi? Təəssüf ki yox. Sözümün canı budur ki, bü gün vətənpərvərlik hissini aşılayan peşəkar səviyyəli sənət əsərləri hava- su kimi lazımdır. Şəhidlərimiz haqqında beynəlxalq aləmə çıxarılası peşəkar səviyyəli filmlər niyə yoxdur?
Bu ay torpaqlarımız, eləcə də vətəni, xalqı uğrunda şəhid olan qəhrəman əsgərlərimizin 40-ı çıxmayıb.
Unuduruq… Tez unuduruq…
Bu 30 ildə romanlar yazılmalıydı. Xarici dillərə çap olunmalıydı. Nə isə…”

Paylaş: