Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib
Tarix: 23-07-2020, 09:07



Tanınmış azərbaycanlı müğənni Roza Zərgərli koronavirusa yoluxduğundan qətiyyən şübhələnməyib. Bir aydan sonra sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olduğundan, bu barədə pərəstişkarlarına danışmaq qərarına gəlib. Zərgərlinin Sputnik Azərbaycan-a müsahibəsində etiraf etdiyi kimi, hazırda o, özünü çox yaxşı hiss edir və ən başlıcası, xəstəliyi gözəgörünməz şəkildə keçib.
- Roza, nə üçün siz koronavirus xəstəliyinə tutulduğunuzu bu vaxta qədər gizlətmisiniz?
- Mən heç kimdən heç nə gizlətməmişəm. Sözün düzü, mən hətta koronavirus xəstəliyinə tutulduğumu bilmirdim. Bu barədə məlumat verən kimi, hər kəs çaxnaşmaya düşdü. Demək istəyirəm ki, koronavirus xəstəliyinə düçar olmuş insanlarda bədəndə antikorlar peyda olur və onlardan çəkinmək lazım deyil. Müxtəlif saytlar mənim xəstəliyim haqqında yazdılar. Xəbərin altındakı şərhləri oxuduğum zaman dəhşətə gəldim. Bir çoxları hesab edirlər ki, əslində məndə heç bir xəstəlik yox idi və mən özümü belə reklam etmək qərarına gəlmişəm. Ümumiyyətlə necə belə şeyləri düşünmək olar?
- Bəs necə başa düşdünüz ki, xəstələnmisiniz?
- Mart ayında məni əməliyyat etdilər, ona görə də iki ay yataq rejiminə riayət etməli oldum. Yataqdan praktiki olaraq qalxmadım. Biz qərara gəldik ki, bağa köçək və orada qalaq. Mən cəmi iki dəfə yerli telekanalların efirində çıxış etmişəm, koronavirusa yoluxmamış insanlarla ünsiyyətdə olmuşam. Bəlkə küçədə və ya marketdə yoluxmuşam.
Əvvəl boğazım ağrımağa başladı, iyi və dadı hiss etmədim. Məndəki simptomlar adi qripin simptomlarından fərqlənirdi. Ona görə də başa düşdüm ki, nəsə məndə başqa şeydir. Özümü yoxlatmaq qərarına gəldim. Pambıqlı çöplə boğazımdan yaxma nümunəsi götürdülər. Cavab neqativ çıxdı, amma mən yenə də sakitləşmədim, ağ ciyərlərimi yoxlatmaq və qan testi vermək qərarına gəldim. Nəticədə qanımda antitel tapıldı. Bu o demək idi ki, mən çoxdan koronavirus xəstəsi olmuşam.
- Bəs sizdən savayı doğmalarınızdan kimsə yoluxub?
- Mənimlə birlikdə evdə on nəfər yaşayır. Onların hər biri testlərdən keçdi və Allaha şükür ki, hamısında nəticələr neqativ oldu. Heç kimin məndən yoluxmamasına şok oldum. Mənə elə gəlir ki, bir xəstənin immuniteti yaxşı olsa, bədəni bu xəstəliklə mübarizə apara və onu adi qrip kimi keçirə bilər.
- Sağalmağı necə bacardınız?
- Əməliyyatdan sonra həkimlər mənə bir dəstə antibiotik və vitamin təyin etdilər. Mən onların hamısını qəbul elədim. Həm də bir neçə aydır bioloji əlavələr və minerallarla dolu olan bitki yağlarından istifadə edirəm. Hesab edirəm ki, bütün bunlar xəstəliyi yaxşı keçirməyə və tez bir zamanda bərpa olunmağa kömək edib. Bir çox tanışlar hətta mənə deyirlər ki, sən köynəkdə doğulmusan. Amma hətta pis olsaydım belə, xəstəxanada müalicə olunmaq istəməzdim.
- Onda həkim sizə hər hansı müalicə yazmışdı?
- Yox. Yalnız infeksiyalara qarşı həblər yazdı.
- Həkimlər nə deyir, sizin yenidən yoluxma ehtimalınız var?
- Hələlik həkimlərin dediyinə görə, Azərbaycanda elə bir hal olmayıb ki, sağalmış şəxs yenidən koronavirusa yoluxsun. Orqanizmimdə bizi qorumaq üçün lazım olan antitellər ortaya çıxıb. Xəstəliyin tam olaraq araşdırılmaması səbəbindən həkimlər 100% zəmanəti vermirlər, buna görə özümüzü qorumalıyıq.
- Siz insanlara necə qorunmağı məsləhət görürsünüz?
- Ən əsası, heç nədən imtina etməyin, dietaya oturmayın. Bədənin güclənməsini təmin etmək üçün çoxlu meyvə və ət yeyin. Bəxtim gətirib ki, məndə xəstəlik özünü hiss elətdirmədən keçib və indi vəziyyətim yaxşıdır. Hətta iyi, dadı hiss edirəm. Amma bəzən koronavirus ölümə səbəb ola bilər, buna görə də hər kəs özünün qorumalıdır. Bir çox insanlar inanmırlar, amma xəstəlik həqiqətən mövcuddur və çox təhlükəlidir.


Paylaş: