"Türkiyədə ordunun əməliyyatından əvvəl bu mövzuda yazmaq yasaqlanır"
Tarix: 22-07-2020, 10:11




M.Əliyeva qeyd edib ki, sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.
“Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən ”feyk"lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd - çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.
Sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir.
Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən?
Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan? Belə hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz", - deyə M.Əliyeva vurğulayıb.

Onun müraciətində qeyd etdiyi “üçüncü ölkələrdə gizlənərək” təxribatçılıqla məşğul olanların bəziləri ictimaiyyətə tanışdır.
Onlardan biri bu yaxınlarda videoçıxış edərək, yalandan hönkür-hönkür göz yaşı tökən, guya diviziyamızın vurulduğunu öyrənən Rəşad Məmmədov adlı şəxs idi. O, Almaniyada yaşayır və müsavatçı olduğu deyilir.  Müsavat AKM-in rəhbəri İlham Həsənin sözlərinə görə, Rəşad bəzi müsavatçılardan və digər müxalifət üzvlərindən şikayət edib.

Ancaq saxta xəbər yaymaqla informasiya müharibəsində Azərbaycana pislik edən təkcə Rəşad deyil. Ülviyyə Alovlu adlı jurnalist sosial media hesabında “feysk” informasiya yayaraq, hansısa ermənipərəst rus reportyoruna istinad edərək yazıb ki, guya ermənilər iki postu alıblar.
Yəni düşmən ölkənin apardığı informasiya təxribatı ilə üzləşməyimiz bir yana, özümüzünkülər də zərbə vurmağa davam edirlər.
Bununla cəmiyyətə, orduya hansı mənfi enerjini ötürdüklərini qavramırlar. Əlbəttə, buna haradasa xəyanət də demək olar.
Çünki ikinci silah sayılan yalan informasiyanın millətə vurduğu ziyanı hesablaya bilməyənlər var. O baxımdan M.Əliyevanın xalqa çağırışı, digər tanınmışların çıxışları yerindədir. Amma informasiya savaşında görünür ki, biz də hansısa boşluqlar buraxırıq, taktika və metodu dəyişmək zamanıdır.

Turan İbrahimov: “Türkiyədə ordunun əməliyyatından əvvəl bu mövzuda yazmaq yasaqlanır, bu praktikadan istifadə edə bilərik”
Telejurnalist, PR və media mütəxəssisi Turan İbrahimovun “Yeni Müsavat”a bildirdiyinə görə, müəyyən situasiyalarda, fors-major şəraitlərdə əks tərəfin maraqlarına uyğun informasiyanı paylaşanlar, onlar kimi davrananlar var, yenə olacaq.
“Əslində gözlənilən haldır. Bir prizmadan baxanda ağılasığmazdır. Amma bu hallarla mübarizə aparmaq üçün müxtəlif metodlar, təcrübədən keçmiş üsullar var. Onlardan birini Türkiyə tətbiq edir.
Azərbaycanlılar da yəqin ki, görüblər və hiss ediblər. Türkiyəni ona görə misal çəkirəm ki, ora bizim daxili ictimai rəy üçün yad deyil. Belə ki, Türkiyədə ordunun antiterror əməliyyatına hazırlığı ərəfəsində media üzərində müəyyən tərkibli informasiyaların yayılmasına qadağa qoyulur.  Hətta elan edilir, sosial şəbəkə fəallarına və media mənsublarına xəbərdarlıq olunur ki, bu mövzuda yazmasınlar, əldə etdikləri məlumatları hələlik verməsinlər.
Bu proses o yerə qədər davam edir ki, dövlət nəzarəti tam götürür, ən səhih və milli maraqlara uyğun xəbərlər mediaya servis edilir.
Ondan sonra müzakirələrə, əlavə əldə edilmiş informasiyaların dövriyyəyə buraxılmasına rəsmi şəkildə icazə verilir.
Bu qadağanı pozan sosial media aktivistləri, sosial şəbəkələrdə səhifələri idarə edənlər, media orqanları qanun qarşısında cavab verməli olurlar.
Burada birbaşa terrora dəstək, dövlətin informasiya siyasəti əleyhinə təxribat kimi qiymətləndirmələr, sanksiyalar mövcuddur. Biz də bu praktikadan istifadə edə bilərik", - deyə T.İbrahimov qeyd etdi.
Onun fikrincə, buna bənzər metodlar Azərbaycanda var, tez-tez açıqlamalar verilir: “Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərgin olduğunu diqqətə çatdırır, mətbuata yoxlanılmamış xəbərləri yaymamağa çağırır. Lakin özfəaliyyət, təxribatlar olur.
Ona görə Türkiyə təcrübəsini gətirmək üçün qanunvericiliyə dəyişiklik etmək olar. Çünki təkcə Türkiyə deyil, başqa dövlətlərin praktikasında da bu metodlar var".

“Report” agentliyinin baş redaktoru Murad Əliyev isə “Yeni Müsavat”a bildirdi ki, dezinformasiyaların yayılması hər zaman ümumi görülən işə zərbə vurur: “Müharibə şəraitində isə ümumiyyətlə, bu məsələyə xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki istənilən dezinformasiya cəmiyyət arasında çaşqınlıq yarada bilər. İnanmaq istəməzdim ki, bütün dezinformasiya yayanlar xaindirlər - bir çoxları bilməzlikdən bu tip məlumatları yayır.  Bu gün hər kəs bilməlidir ki, yalnız saytlar, qəzetlər, televiziyalar deyil, onların sosial şəbəkə hesabları da informasiya mənbəyi rolunda çıxış edir. İstənilən dəqiqləşdirilməmiş səs yazısının, ya görüntünün yayılması öz arxası ilə böyük fəlakətlər gətirə bilər”.
Baş redaktorun sözlərinə görə, düşmən daima bizim həm saytları, həm sosial şəbəkə hesablarımızı monitorinq edir, təxribat xarakterli istənilən məlumatı öz xeyrinə istifadə etməyi düşünür: “Bu baxımdan həm jurnalistlər, həm ictimai fəallar, həm ümumilikdə bütün cəmiyyət ayıq-sayıq olmalıdır”.
“Yeni Müsavat”

Paylaş: