“Artıq erməni vəhşiliyinə bütün dünyanın “dur!” deməsi lazımdır” – MƏLAHƏT ABBASOVA
Tarix: 20-07-2020, 12:48




Türkiyədə yaşayıb fəaliyyət göstərən, Azərbaycanın əməkdar incəsənət xadimi, İstanbul Bələdiyyəsinə bağlı Şəhər Teatrları bədii rəhbərinin müavini Məlahət Abbasova Hurriyyet.org-a müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– Məlahət xanım, illərdir qardaş ölkə olan Türkiyədə yaşayırsınız. Fəaliyyətinizi daha çox hansı istiqamətdə davam etdirirsiniz?
– Hamı bilir ki, 29 ildir ki, qardaş Türkiyədə yaşayıram. Dünyanın ən böyük teatrı olan İstanbul şəhər teatrlarında işləyirəm. Orda həm aktrisa, həm rejissor kimi fəaliyyət göstərmişəm. Lakin artıq altı ildir ki, rəhbər vəzifədəyəm. Baxmayaraq ki, Vətəndən uzaqdayam, bütün yaradıcılığımı Azərbaycan incəsənətinin tanınmasına həsr etmişəm. Bu, onu göstərir ki, mən harda olmağımdan aslı olmayaraq, heç vaxt azərbaycanlı olmağımı unutmadım və yaradıcılığımın 90 faizini Azərbaycanla bağlı işlərə bağlamışam.
– Tovuz hadisələri fonunda ölkədə baş verən hadisələr haqda nə düşünürsünüz…
– Əlbəttə ki, Qarabağ bizim azərbaycanlı olaraq qanayan yaramızdır. Torpaqlarımız geri alınmadığı müddətdə, bu, bütün Azərbaycan xalqının qanayan yarası olaraq qalacaq. Bir üzümüz güləcək, bir üzümüz də hər zaman ağlayacaq. Son dönəmlərdə Qarabağ ərazisindən kənar bölgədə yerləşən Tovuzla sərhəddə baş verən erməni vandalizmi, sivil xalqa qarşı edilən təcavüzkarlıq bir azərbaycanlı kimi mənim də diqqət mərkəzimdədir. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara acil şəfalar diləyirəm.
– Son hadisələrlə bağlı yaşadığınız ölkədə təbliğat işləri apardınız?
-Bizim ən böyük məqsədimiz erməni vandalizmiylə bağlı səsimizi dünyaya duyurmaqdır. Dünyada yaşayan hər bir azərbaycanlı erməni vəhşiliyini təbliğ etməli və dünya birliyinə çatdırılmasına çalışmalıdır. Biz üç gün əvvəl Diaspora ilə iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə video-konfrans keçirdik. Konfransda səsimizin dünyaya çatdırılması üçün keçirəcəyimiz tədbirləri müzakirə etdik. Hamı təkliflərini irəli sürdü. Diaspora Komitəsinin sədri Fuad Muradov da sağ olsun, səsimizin dünyaya çatdırılması üçün əlindən gələni edir.
Türkiyədə fəaliyyət göstərən dərnəklər və iş adamları tək yumruq şəklində birləşmişik ki, haqq səsimizi beynəlxalq aləmə çatdıraq. Artıq erməni vəhşiliyinə bütün dünyanın “dur!” deməsi lazımdır. Deyərdim ki, artıq bunun vaxtı gəlib, hətta keçibdir.
– Hesab edirsiniz ki, Ermənistanın məhz Tovuzla sərhəd xətti seçməsi heç də təsadüf deyil?
-Bu, əslində siyasi mahiyyət daşıyır. Ermənilərin təxribatının Qarabağla əlaqəsi yoxdur. Tovuz bölgəsi, çox strateji ərazi sayılır. Azərbaycan və Türkiyəni iqtisadi baxımdan birləşdirən bir bölgə də sayıla bilər. Ümumilikdə, iqtisadi baxımdan  Azərbaycanın bütün dünyayla bağlantısını qurduğu ərazidir. Ermənistan o əraziləri ələ keçirməklə, bizim həm Türkiyədən, həm də dünyadan bağlantımızı kəsmək istəyir. Mən inanıram ki, Ali Baş Komandanımız  İlham Əliyevin əmri ilə hər bir azərbaycanlı əlinə silah götürüb, döyüşməyə hazırdır. Biz də xaricdə dövlətimizin və xalqımızın səsiyik. Allah bu çətin günlərdə dövlətimiz və xalqımızı qorusun. Biz, Türkiyədə yaşayan azərbaycanlılar sıx birləşmişik və birlikdə haqq səsimizi dünyaya çatdırırıq.

Paylaş: