“İnformasiya təminatında boşluqlara yol vermək olmaz”
Tarix: 15-07-2020, 17:25



Tovuzda bir neçə gündür, davam edən hadisələrin fonunda ermənilərin növbəti fitnəsi ilə üz-üzə qaldıq. Medianın ictimai rəyi formalaşdırdığını bilən düşmən bütün variantlara əl atır. Belə ki, sosial şəbəkələrdə, müxtəlif portallarda yayılan məlumatların heç də hamısı həqiqətə uyğun deyil. Dezinformasiyalar, saxta xəbərlər də kifayət qədərdir. Məsələn artıq çoxlarının dinlədiyi təlaş xarakterli səs yazısında səfərbərliyin elan olunduğu deyilir və xəbərdarlıq edilir: “...812-ci diviziyanı vurdular... Bir diviziya əsgəri vurdular...”. Əlbəttə, bunu eşidən əksəriyyət narahat olub, göz yaşları ilə əlini açıb və dua etməyə başlayıb. Halbuki həmin anlarda ermənilər gülərək təxribatlarının uğurla başa çatdığına sevinirdilər...

 Bəli, başa düşmək lazımdır ki, düşmən çox hiyləgərdir. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən ermənilər dilimizi öyrənməklə bizə zərbə vurmaq yolunu seçirlər.
 
Tanınmış jurnalist Yadigar Məmmədli “Sherg.az”a açıqlamasında düşmənin hər şeyi nəzərə aldığını deyib: 

“Biz yalnız müharibə başlayandan sonra təxribata reaksiya veririk. Düzdür, düşmən layiqli cavabını alır. Amma onlar ən başdan bütün məqamları ölçüb-biçiblər. Təkcə avtomatla silahlanmayıb, həm də virtual məkandakı müharibə üçün hazırlıq görüblər. Onlarca saxta profilin açılması, xəbər portallarının saxtasının, belə demək mümkünsə, dublikatının hazırlanması onu deməyə əsas verir ki, düşmən kompleks tədbirlər görür. Bu döyüşlər müharibənin növbəti, daha fərqli mərhələsidir”. 
  
Y.Məmmədli vətəndaşlara diqqətli olmağı tövsiyə etdi: 

“Məhz ermənilərin fitnəsi nəticəsində çoxlu dezinformasiyalar yayıldı. Düzdür, həmin xəbərlərin “fake” olduğu təsdiqlənir. Buna baxmayaraq, həqiqət üzə çıxana kimi şayiə öz işini görür. Odur ki, təkcə jurnalistlər yox, vətəndaşlar da informasiya təhlükəsizliyi məsələsinə nəzarət etməlidirlər. İnformasiya təminatında boşluqlara yol vermək olmaz. Və bizim bu istiqamətdə gördüyümüz işlər daimi olmalıdır, yalnız atışmadan-atışmaya, yəni kampaniya xarakterli yox. Çünki informasiya məkanındakı təzyiqlər döyüş meydanındakı hücumlardan daha təhlükəlidir”.

Paylaş: