“Döyüşə getmək istəyənlərin sırasında birinciyəm” - Əməkdar artist
Tarix: 14-07-2020, 16:37



"Atamın qəbri Ağdamdadır. Ata yurduma getmək, onun məzarını rahat ziyarət etmək istəyirəm".
Bunu Azvision.az -Əməkdar artist Təyyar Bayramov deyib. Xanəndə düşmənin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan narahatlığını dilə gətirib.

"Tovuzda ermənilərin növbəti mənfur hərəkətlərini görürük. Ancaq Ali Baş Komandamızın dediyi kimi onların layiqincə cavabı verilir. 30 ilə yaxındır bıçaq sümüyə dirənib. Dədə-baba yurdumuza niyə həsrət qalmalıyıq? Xalq elimizi-obamızı geri almaq və gedib orada oturmaq istəyir. Hamının bir istəyi var, müharibə başlasın və bu iş tamamlansın. İnsanlar könüllü ordu sıralarına yazılmaq, Tovuza gedib döyüşmək istəyirlər.

Şəhid olmağa hazırıq, amma Qarabağı erməni işğalında qoymayaq. Bu yolda şəhid də verəcəyik, sağlamlığımızı da itirəcəyik. Amma düşmənə boyun əymək, torpaq vermək olmaz. Bizim olan bizimdir. Mən də döyüşə getmək, erməni ilə vuruşmaq istəyənlərin sırasında birinciyəm. Rayonu işğal olunan incəsənət adamıyam. Artıq vaxt yetişib, insanların səbri tükənib. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa diləyirəm. İnanıram ki, Azərbaycan ordusu düşməni darmadağın edib, onlara öz gücünü bir daha göstərəcək".

Paylaş: