Azərbaycanın 4 şəhid verdiyi gün televiziya kallarımız tamaşaçıya nə göstərir?
Tarix: 13-07-2020, 13:18



Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iki gündür ki, gərginlik davam edir. Bu gün -iyulun 13-də yayılan rəsmi məlumatda qeyd edilir ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Hazırda atışma davam edir. İstər mediada, istərsə də sosial şəbəkələrdə günün hadisəsi ilə bağlı informasiyalar, məlumatlar bölüşülür.

Bu cür məqamlarda gözlər eyni zamanda televiziyalara yönəlir. Azərbaycan teleməkanında hazırda tamaşaçıya nə təqdim olunur? Efir setkası dəyişibmi?

Musavat.com bu gün saat 11:30 və 12:30 radələrində ölkənin telekanallarda kiçik bir monitorinq keçirib.
Monitorinqimizin nəticəsi aşağıdakı kimidir:

Azərbaycan Televiziyasının efirində vətənpərvərlikdən danışılan veriliş yayımlanırdı.

İctimai Televiziyada isə Tovuza ezam olunmuş əməkdaş cəbhə bölgəsindən xəbər verirdi.

Lider TV-də də “Bacarıqlı əllər” adlı veriliş nümayiş etdirilirdi. Daha sonra isə tibbi veriliş efirə verildi.

“Xəzər” televiziyasında “Anamın yeməyindən yoxdur” , “ATV” ilə “Space”in ekranlarında “Bizim Cəbiş müəllim” , “Dalğa TV”də hind filmi “Mənim adım Xan” göstərilirdi.

Əvvəlki illərdən fərqli olaraq hazırda televiziyalar tənqidlərdən nəticə çıxararaq və sərt reaksiyalarla qarşılaşmamaq üçün şou proqramları təxirə salaraq efirə döyüş filmlərini verirlər. Amma tamaşaçıya cəbhədə baş verənləri intensiv çatdıran, vətənpərvərliyi aşılayan proqramlar hələ də mavi ekranda görünmür.

Musavat.com
 
 







Paylaş: