"Tərəziyə qoyub, öz filmlərimizi pisləməklə alınmayacaq"
Tarix: 10-07-2020, 14:28



Yeni əsrə qədəm qoyduğumuz gündən cəmiyyətdə  mədəniyyətimiz haqqında  müxtəlif fikirlər formalaşıb.  Hamı texnologiyalar dövründə ərsəyə gələn filmlərin, musiqilərin əsərlərin yetərsiz olduğunu düşünür. İnsanların gözü keçmişi axtarmağa davam edir. Yaranmış situasiyaya rəğmən yeni nəsil  müasir işlər görüb, istedadlarını nümayiş etdirməyə çalışırlar. Əfsuslar olsun ki, onların yaxşıları da  pislərlə bir yerdə tənqidlərə tuş gəlir. Sözün əsl mənasında “Qurunun oduna yaş da yanır”.

Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış aktyor, senarist  Elməddin Cəfərov bildirib ki, ümumiyyətlə, sosial şəbəkədə rəy yazan istifadəçilərdə aqressiya var:

“Məsələn, paylaşım edəndə, hətta siz bu yazını yayımlayanda  belə aqressiv şərhlər gələcək. Çünki insanlar klaviatura arxasında olanda haqla, savadla, düşüncə ilə deyil, göbəkdən  aşağı,  zəhərli sözlərlə fikir bildirir. O ki qaldı filmlərin, serialların inkişafını futbol klubuna bənzədirəm. Bizdə  səbirsizlik var, istəyirik ki, futbol klubu yarandığı gün çempionlar liqasının qalibi olsun. Bu mümkün deyil. Eləcə də kino sahəsində zaman lazımdır, formalaşmalıdır, senaristlər, aktyorlar yetişməlidir, yeni nəsillə ayaqlaşmalıdır. İndi sosial media gündəmdədir, internetdə güclü fəaliyyət göstərilir. Müxtəlif platformalarda filmlərə baxmaq olur.  Bizi  də həmin “Oskar” və s. mükafatlar alan kinolarla bir tərəziyə qoyurlar. Əvvəla, o serialların bir buraxılışının  büdcəsi  beş milyondur, amma bizdə yüz  bölümü bir milyona çatmır. Yəni bunlar müqayisəlik söhbətlər deyil. Amma edirlər, səbrlə o yazılara baxıram. Məsələn, Qarabağ futbol klubunun uğurları  göz qabağındadır. Amma anlayışı olmayan insan onu "Real-Madrid"lə bir tərəziyə qoyur“.
 
Elməddin bəy çox danışmaq istəmədiyini qeyd edərək, belə söyləyib:

“Bilirəm, rəy bölməsində məni də qaralayacaqlar. Yeri gəlmişkən deyim ki,  kütlədə mövcud olan aqressiya   bəzən səbirsizlikdən yaranır. Belə hallar bizdə də, Türkiyədə də var.

Orda ən  çox tənqid olunan Cem Yılmazla Acun Ilıcalıdır. Həqiqətən iş görən adamlardır, amma onların şərəf, ləyaqətinə toxunulur, təhqir  edilirlər. İstiqanlı millətik, yəqin ki, Şərqin verdiyi xüsusiyyətdir.

Ona görə bu olmamalıdır. Zaman tanımalıyıq, gözləməliyik, səbr etməliyik. Yaradıcılıqla məşğul olan adamlara ruh verməliyik, "halaldır, Azərbaycan məhsuludur" deməliyik. Kütlə bunun üzərinə getsə  hər şey yaxşı olacaq. Amma tərəziyə qoyub, öz filmlərimizi pisləməklə alınmayacaq.

Niyə xaricdən kiməsə oxşamalıyıq? Özümüz olaq, kəndimizə dəyər verək. Vallah, avropalılar özlərini qiymətləndirərək bu günlərə gəlib. Ona görə də üzərində işləmək lazımdır.

Paylaş: