“İstirahət fotolarını gözümüzə soxmasınlar”
Tarix: 8-07-2020, 17:24



Ötən gün xalq artisti Miri Yusif xüsusi açılmış Bakı-İstanbul-Bakı reysi ilə Türkiyəyə yola düşüb. Sənətçi ailəsi ilə öncə İstanbulda, sonra İzmirdə istirahət edib. O, istirahət zamanı çəkilən fotoları sosial şəbəkədə paylaşıb. Müğənninin ölkəmizdə karantin rejimi hökm sürdüyü ərəfədə xaricə istirahətə yollanması birmənalı qarşılanmayıb.

Sosial şəbəkədə xalq artistinin ünvanına tənqidi fikirlər səsləndirilib. İnsanlar müğənninin xalqla həmrəy olmadığını yazıb, hər kəsə “Evdə qal” çağırışı edib ölkədən getməsini düzgün saymayıblar. Müğənninin bu addımını onun fəxri adına yaraşdırmayan, hətta adının əlindən alınmasını istəyənlər də olub.

Müğənni isə sosial şəbəkədə tənqidləri nəzərə alaraq şərh bölümünü bağlayıb.

Bəs, müğənninin tənqid olunması nə dərəcədə doğrudur? Miri Yusifin fəxri adı əlindən alınmalıdır?

Musavat.com-a mövzu ilə bağlı danışan sosioloq Lalə Mehralı bildirib ki, istirahətə gedən insanlar sosial şəbəkədə foto paylaşaraq insanları qıcıqlandırmamalıdır: “Koronavirusla bizdən öncə mübarizə aparmağa başlayan ölkələrdə artıq həyat öz axarına düşür, otellər, tətil kəndləri, hovuzlu mərkəzlər fəaliyyətini bərpa edib. Ona görə də maddi imkanı olan şəxslər istirahət üçün xarici ölkələrə üz tutur. Amma bu cür kritik məqamda tətil zamanı çəkilən fotoların sosial şəbəkədə paylaşılması mübahisəli məsələdir. Heç kimə istirahətə getmə deyilmir. Amma o şəkilləri sosial şəbəkədə paylaşaraq gözümüzə soxmasınlar. Biz karantindən dolayı evdə oturmağa məcburuqsa, rayonlara gedə bilmiriksə, maddi imkanlarımız xaricə getməyə imkan vermirsə, tətilə üz tutanlar bizi qıcıqlandırmasın. Ölkədən çıxmaq qadağası yoxdursa, qanun icazə verirsə, istəyən insan tətilə xarici ölkəyə gedə bilər.

Amma bunu ictimailəşdirərək, kimsəni əsəbləşdirməsinlər. Karantindən dolayı hər kəsin əsəbi gərgindir. Ona görə insanları da başa düşmək lazımdır. Biz neçə gün öncə “Fairmont Baku”da yaşanan olayı insanlar nə qədər aqressiya ilə qarşıladı. Mən də orda istirahət edənləri qınadım. Çünki ölkədə karantin rejimidir. Bizim evdə istidən havasız, yanıb qovrulduğumuz vaxtda kimlərinsə istirahətdə olması doğru deyildi. Onlar qanunları pozmuşdu. Amma xarici ölkələrə getmək qadağan deyil. Ona görə də tətilə gedənlər xalqa qarşı həssas yanaşsa, daha yaxşı olar”.

Müğənninin prodüseri Emin Əfəndi isə Musavat.com-a açıqlamasında bildirib ki, Miri Yusif Türkiyədə öz evində yaşamaq üçün gedib: “Burada böyüdüləsi, şişirdilməli nə isə yoxdur. Qanun pozmayıb. Dövlət səviyyəsində verilən qərardır ki, Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə təyyarə ilə gediş-gəliş açılıb. Miri Yusifin Türkiyədə evi var. Bəzi ailə üzvləri orda idi. Uzun müddət idi ayrı qalmışdılar. Miri Yusif də təyyarə reysi açıldığı üçün oraya yollandı. İstirahətə getməyib, öz evində qaydalar çərçivəsində yaşamağa gedib”.

Qeyd edək ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçirilir.
Musavat.com

Paylaş: