"Adamları o qədər “mandraja” salırlar ki, özlərindən xoflanırlar"
Tarix: 7-07-2020, 17:58



Əməkdar jurnalist Telli Pənahqızının Yenisabah.az saytına müsahibəsi: 
- Telli xanım, Azərbaycanda elə bir adam yoxdur ki, onun ailə üzvlərindən, qohumlarından, ən azından tanışlarından kimsə koronavirusa yoluxmamış olsun. Buna rəğmən, insanlar karantin qaydalarını pozmaqda davam edirlər? Sizcə, burada problem insanlardadır, yoxsa qoyulan qaydalarda? 
- Qaydalarda boşluq var. Bu olmasa, vəziyyət daha yaxşı olardı. Virus təzə yayılan vaxt elan elədilər ki, ancaq xəstə adam maska taxmalıdır, bir müddət keçdikdən sonra isə sonra hamının maska taxmalı olduğu deyildi, nəticədə maska qıtlığı yarandı, insanlar hər yerdə maska axtarmağa başladı. Lakin zaman keçdikcə sözügedən problem aradan qalxdı. Hazırda şükür ki, maska istehsal edən iki fabrik var, bu tərəfdən çətinliyimiz yoxdur. Lakin başqa çətinliklərimiz var. Məsələn, əvvəl hamı bir-birindən ətrafında virusa yoluxanın olub-olmamasını soruşurdu, əksəriyyət cavab olaraq yox deyirdi. Buna əsasən də inamsızlıq hökm sürürdü. Hərə bir mühakimə aparırdı, hərənin öz siyasi ambissiyası var idi, bəziləri bu vəziyyəti iqtisadi məsələlərlə bağlayırdı və s. Amma günlər ötəndən sonra başa düşdülər ki, doğrudan da belə bir xəstəlik var. Lakin düşünürəm ki, içi mən qarışıq bütün jurnalistlər bu məsələni çox şişirtməməlidir. Çünki hər şeyi camaatın boynuna yıxmaqla da deyil. Camaat yazıq nə etsin? Bütün gün evində oturan adam uşağa deyə bilməz ki, bayıra çıxma. Nəinki uşaqlar, vəziyyəti dərk edən böyük adamlar da hava almaq istəyir. Adamları o qədər “mandraja” salırlar ki, özlərindən xoflanırlar, bir-birinin üzünə baxmağa da qorxar hala gəliblər. Bəli, düzdür, bir-birimizə əl verməməliyik, qucaqlaşmamalıyıq. Amma bir də insanlara məsələnin başqa tərəfi izah olunmalıdır. Bundan özümüzü necə qorumalı olduğumuz inandırıcı şəkildə başa salınmalıdır. Bunun üçün mütəxəssislər lazımdır. Məsələn, hazırda evdə oturan yaşlı həkimlərimiz var, onlarla əlaqə saxlamaq lazımdır, onlar bu məsələlərin izahını daha yaxşı verə bilərlər, çünki daha dərindən bilirlər. İnfeksiya ocaqları əsrlər boyu olub. Hətta elə zamanlar olub ki, epidemiya şəhərləri məhv edib. Amma insanlar küllərin arasından yenə ayağa qalxmağı bacarıblar. 
- Hazırki qaydalarda ən çox hansı sahədə boşluq hiss edilir? Məsələn, nəqliyyatla bağlı qəbul edilən qərar haqqında nə düşünürsüz? Hazırda avtobuslarda həddən çox insan olur. Nəinki iki metr məsafə, heç ayaq qoymağa yer tapılmır. 
- Biz hamımız fiziksəl olaraq nə etmək lazım olduğunu anlayırıq. Bəli, doğrudur ki, avtobusda sıxlıq olmamalıdır, qərardan əvvəl xəttə beş avtobus buraxırdılarsa, qərardan sonra bu say 50 olmalı idi. Amma görəsən, o 50 avtobusu idarə eləmək asanmı olacaq? Şəhərdəki bu sıxlıqda yəqin ki, yox. Deməli başqa problemlər də var. Belə ki, hazırda şəhərdə həddən çox insan var. Məsələn, mən karantin dövründə işimlə bağlı şəhərə çıxmalı olurdum və saatlarla yolda qalırdım, çünki hansısa postda yoxlama gedirdi. Yoxladıqları da sadəcə insanların icazəsinin olub-olmaması idi. Məlumdur ki, şəxs iki saatlıq icazə ilə çıxır, amma onun evə nə vaxt qayıdacağı bilinmir. Bu baxımdan boşluqlar həddən artıq çoxdur. Mən bunu kiminsə üstünə yıxmaq istəmirəm. İnsanların şüuru var və düşünməlidir ki, vacib işləri yoxdursa, maşınla şəhərə getməməlidirlər. Doğrudan, əgər hər hansısa bir məsələni telefonla həll eləmək mümkündürsə, mən şəhərə niyə getməliyəm? Amma təəssüf ki, özünü hər kəsdən fərqləndirməyə çalışan gənclər var. Gördünüz, “Fairmont Baku”da vəziyyət necə oldu. Hər kəs bir ailədən çıxıb, nə olsun ki, sənin imkanın çoxdur? Hərəkətinlə kimlərisə qıcıqlandırmalı deyilsən, gənclər bunu nəzərə almalıdır. Çox təəssüf ki, onların içlərində jurnalistlər də var, özü də xanım jurnalistlər idi.
- Sizcə, metronun bağlanması doğru qərar idi? Avtobuslardakı vəziyyəti izah etdiniz, taksiyə gəldikdə isə məlumdur ki, hər kəsin gündəlik taksi istifadə etməyə imkanı çatmır. İnsanlar hazırda əllərindəki vəsaitləri ehtiyatla xərcləməyə çalışırlar... 
- Mən insanları başa düşürəm. Amma dövlətin də bir tükənən yeri var. Biz hamımız istəyirik ki, işləyək, maaş alaq. Hətta işləmədiyimiz halda da bizə maaşlarımızı verirlər. Doğrudurmu? 
- Özəl müəssisələrdə vəziyyət bir qədər fərqlidir. Maaş verməyənlər var... 
- Söhbət təkcə rüsumdan getmir. Evdən oturub işləyən adamların maaşını verirlər. Bu gün biz məntiqlə düşünməliyik. Birinci pillədə dayanan şəxslə sonuncu pillədə olan eyni zəncirin halqasından asılıb. Bu gün mənə nəsə bir şey olsa, sənin başqa yerə qaçmaq kimi şansın yoxdur. Sənə də, digərinə də eyni şey olacaq. Bu dalğa hər kəsə ötürüləcək. Epidemiyanın ocaqları çoxalsa, heç kəs “mən sağ qalacam” deyə bilməyəcək. Amma bunun optimal yollarını tapmaq lazımdır. Məsələn nəqliyyat probleminin aradan qalxmağına kömək edəcək bir vasitə var. Belə ki, əgər insanlar rayonlara getmək istəyirsə, onları rayonlara göndərməliyik. Bakıda yaşayanların böyük əksəriyyəti rayon əhalisidir. Çoxu işləmək üçün burada məskunlaşıb. Onlar həmişə üç ay ərzində ailə üzvlərini rayonlara göndərirdilər. Hazırda isə işlə bağlı vəziyət məlumdur, bir ailədə hər kəs işləmir. Ailədə 5 nəfər varsa, bir nəfər işləyən qalsın, digərləri rayona getsinlər. Gedib təmiz hava alıb, təbii nemətlərlə qidalansınlar. Hamı Bakıya yığılanda təbiidir ki, Bakı çökəcək, nəqliyyatda da problem yaranacaq. 
- Yəni burda da bütün oxlar qaydaları göstərir? Çünki onsuz da vətəndaşlar getmək istəyirlər. 
- Biz əvvəldən düşündük ki, 2-ni 2-yə vurduqda 4 edir, amma indi görürük ki, yox, bu rəqəm 8 də edə bilər. Ona görə də dünən qoyulan qaydaları bu gün vəziyyətə uyğun dəyişmək lazımdır ki, biraz şəhərdəki vəziyyət yüngülləşsin. Məsələn, mənim getməyə rayonum olmaya bilər, bu o demək deyil ki, sənin də yoxdur, sən gedib qala bilərsən. Rayonu olan kəslər onsuz da gizli şəkildə də olsa, getməyə can atırlar, onlar təmiz hava, su istəyirlər. İnsanlara rayonlarına getməyə icazə verilməlidir, buna ehtiyac var. 
- Telli xanım, qaydalardakı boşluqlara toxunduq, lakin hazırda vəziyyətə əhəmiyyət vermədən toy-nişan edən, dünyadan köçən yaxınına ehsan süfrəsi açan adamlar da var. Sizi belə mərasimlərə dəvət edirlərmi? Hansısa tanışınız dünyasını dəyişəndə necə başsağlığı verirsiniz? 
- Düzü, toya, nişana dəvət almamışam. Dünyasını dəyişən insanlar isə olub. Amma mən onların yaxınlarında üzr istədim, başsağlığını telefonla verdim. Bilirsiz, bəzilərimiz hələ də məsələnin qəlizliyini başa düşmür. Biraz bizim də günahımız var. Bunu isə maarifləndirmə ilə aradan qaldırmalıyıq. Məsələn, mən səhər-səhər bir xanım jurnalistin müraciətini oxudum. Dəxli olmayan şeylərin hamısını bir yerə yığıb. Sanki kimdənsə əvəz çıxır. Xalqa müraciəti sözükeçən adamlar etməlidir. İnsanların gözü qarşısında nələrisə sübut eləmiş adamların müraciəti daha effektli olar. Hər yetirən müraciət etməli deyil. Bəli, indi internet bizə çox şeyləri senzurasız deməyə imkan verib, amma bundan da sui-istifadə etmək lazım deyil. Məsələ o qədər qəlizdir ki, xüsusi çıxış yolları lazımdır. 
- Koronavirus sizin yaşam tərzinizə necə təsir edib? Həyatınızda nə dəyişib? 
- Demək olar ki, hər şey dəyişib. Mən də hamı kimi bir insanam, mənim də çətinliklərim var. Doğmalarım var və hamısının taleyi üçün narahatam. Gözəgörünməz düşmən var və hamımız bununla vuruşmağa çalışırıq. Bir balaca bu işlərin içinə girəndə görürsən ki, artıq qafa pozulub. Ona görə də daha soyuqqanlı şəkildə düşünmək lazımdır ki, özünü qorusan, hər şeyi adlayıb keçəcəksən. 
- Bu vəziyyətdən daha az itki ilə çıxmaq üçün başqa hansı addımlar atılmalıdır? 
-    Əvvəllər önləyici tədbirlər görürdülər, hər tərəfi dərmanlayırdılar. Amma indi elə bir şey yoxdur. 2-3 aydır heç bir blokda, həyətdə dərman yoxdur. Şəhərin mərkəzini dərmanlamaqla iş bitmir. Bir maşın olur və o da əsas, yəni rəhbərlərin keçdiyi yolu dərmanlayır. Axı bununla iş bitmir. Bizə lazımdır ki, həyətlər dərmanlansın. Çünki həyətlərdə idman meydançaları var. Axşam olanda görürsən ki, həmin ərazidə 50, 60, hətta 100 uşaq olur. Bu qədər qələbəliyin içində təbii ki, hər şey ola bilər. Bəziləri deyir ki, uşaqların immuniteti güclüdür, onlar yoluxmur. Amma belə deyil, elə uşaq var ki, onun immuniteti zəif düşür. Bu kimi şeyləri dəqiq proqnozlaşdırmaq olmaz. Həftədə bir dəfə bloklar mütləq şəkildə dərmanlanmalıdır. İnsanların içərisində maariflənmə tədbirləri aparılmalıdır. Qorxutmaq, hədə gəlməklə heç nə əldə etmək olmaz. Vətəndaşları daha çox qorxutduqda onlar xofdan ölürlər. Daha əvvəl də kimsə xəstələnirdi. Belə ajiotaj yaratmırdıq ki... Ola bilər ki, kiməsə soyuq dəyib. Buna həmin dəqiqə koronavirus deyib harasa basmaq lazım deyil. Bu işdə poliklinikaların üstünə çox böyük yük düşür. Təkcə müraciətləri gözləmək lazım deyil. Bəlkə də hər bir sahə həkimi öz xəstələrinə zəng etməli, onların əhvallarını soruşmalıdır. Biz bir-birimizə kömək etməliyik. Hamı deyir ki, bu, öldürücü bir şeydir. Elə deyil, xəstəlikdir, xəstəliyi də ağılla dəf etmək lazımdır. Ona görə də təbliğat, təbliğat və yenə də təbliğat deyirəm. Bir şeyi də qeyd edim ki, biz valideynlərə övladlarını qorumalı olduqlarını təlqin edə bilsək, vəziyyət daha yaxşı olacaq. Lap övladın 30 yaşındadırsa da, sən ona yenə məsləhət verməlisən. Biz bir yerdə güclüyük, birgə mübarizə aparmalıyıq. 
- Sizcə, virusdan ölkəmiz hansı dərsləri çıxarmalıdır? 
- Dünya hansı dərsi çıxarıbsa, elə biz də onu çıxarmalıyıq. 

Paylaş: