“Müəyyən bir yerdən məni sakitləşdiriblər...”
Tarix: 7-07-2020, 16:07




Əməkdar artist Çingiz Əhmədovun Yenisabah.az-a müsahibəsi: 
- Çingiz müəllim, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbəri Əliqismət Lalayevlə aranızdakı narazılığı ictimailəşdirəndən sonra problemin həlli istiqamətində hər hansı addım atıldımı? 
- Yox, bilirsiniz, hazırda koronavirus problemi var. Bu saat hamının başı özünə qarışıb. Hər şey normaldır. Hələlik müəyyən bir yerdən məni sakitləşdiriblər. Hələ ki, dayanmışam. 
- Bu qalmaqaldan sonra rəhbərliyin sizə münasibəti dəyişdimi? 
- Heç bir dəyişiklik yoxdur. Teatra gedib-gəlmirik. Mart ayından bəri heç birimiz teatra getmirik. Dövlət tərəfindən teatrın fəaliyyəti müvəqqəti dayandırılıb. Tamaşalar da, məşqlər də yoxdur. Gözləyirik görək nə olacaq. Təəssüf ki, qeyri-müəyyənlik davam edir. Digər sahələrdə olduğu kimi, teatrda da durğunluq var.
- Sözsüz ki, hansısa aktyorun mükafat alıb-almamasından daha böyük problemlər də var. Məsələn, teatrların repertuarıyla bağlı həmişə narazılıq olub. Teatrlarımızın repertuarı size qane edirmi? Səhnələşdirilən tamaşalar müasir dövrün tələblərinə cavab verirmi? 
- Hələ ki, dayanmışıq, iş yoxdur axı. İndi qane etsə də, etməsə də budur, işlər dayanıb. Tamaşalar da, məşqlər də yoxdur. Ümumi ölkədə vəziyyət necədir özünüz də bilirsiniz. Cənab Prezident dediyi yolla gedirik: maskamızı taxırıq, heç yerə çıxmırıq. İşlər də dayanıb. Bu xəstəlik baş alıb gedir. Əvvəllər çox insanlar inanmırdı, amma artıq elə deyil. Allaha qurban olum, təki xalqımızı, millətimizi qorusun. Sadəcə gözləməliyik, hamı necə, biz də elə. Kütlə arasına çıxmıram, çəkilişlərə getmirəm. Space TV-də yayımlanan “Praym Şok” verilişi, “Xəzər”də “Xalxın evi”nin yayımı dayanıb. Köhnə lentlərimizi təkrar efirə verirlər, biz də baxıb həzz alırıq. 
- Seriallarda tez-tez rol alırsınız?
- Bəli, “Xalxın evi” serialında rol alırdım. Serial 115-ci bölümə qədər davam etdi, indi onun da çəkilişləri dayanıb. Bütün serialların çəkilişləri dayanıb. Görək necə olur. Təki hər şey yaxşı olsun, vəziyyət düzəlsin ki, bizim də işimiz yaxşı olsun. Mən burdan xalqımıza səslənmək istəyirəm: özünüzü qoruyun! Dünyada ən qiymətli nemət cansağlığıdır. İnsan onun qədrini bilməlidir.

Paylaş: