"Mələk “Fairmont”da yaşananların simvoluna çevrildi"
Tarix: 6-07-2020, 18:38



“Fairmont Baku” hoteli bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq həftə sonunu oteldə keçirmək üçün vətəndaşlara çağırış edib. Elanı görən insanlar ötən gün istirahət etmək üçün sözügedən otelə yollanıblar. Otelin qonaqları istirahət anının görüntülərini sosial şəbəkədə paylaşaraq “Fairmont Baku”nun və özlərinin qaydaları pozduğunu bəlli ediblər. Onlar arasında aparıcı-aktrisa Mələk Heydərova da olub.
Bundan sonra “Fairmont Baku” hotelində yaşananlar sosial şəbəkədə və mətbuatda gündəmi zəbt edib. Polis isə məsələyə dərhal reaksiya verərək orada əməliyyat aparıb. Bu gün isə Mələk Heydərovanın çalışdığı “Baku TV”dən uzaqlaşdırıldığı açıqlanıb.
Bəs şou əhli iki gündür gündəmi zəbt edən olay barədə nələr düşünür?
Musavat.com mövzu ilə bağlı tanınmışların fikrini öyrənib. Tanınmış aparıcı Turan İbrahimov bildirib ki, hazırda dövlət və cəmiyyət çox həssas dönəmdən keçir:
“Dövlət indiyə kimi təcrübədən keçirmədiyi, proqnozlaşdırmadığı, haqqında heç bir məlumatı olmayan düşmənlə üz-üzədir. Həm iqtisadi itkilər hesabına, həm də insanların, cəmiyyətin sağlamlığını qorumaq üçün müəyyən bir qaranlıq tuneldən keçir. Dövlətin narahatçılığı və müəyyən məsələlərlə bağlı həssaslığı anlaşılandır. Cəmiyyət də müəyyən qadağalarla, məhdudiyyətlərlə üzləşib. Bu qadağalar, məhdudiyyətlər maddi, psixoloji itkilərə səbəb olub. Nəticədə qeyri-müəyyən və proqnozlaşdırılmayan vəziyyət yaranıb. Hər kəs də müəyyən mənada aqressivdir. İnsanların maddi ehtiyatları azalır, sabah nə olacağı bilinmir. Yayın bu vaxtında yayın gözəlliklərindən, nemətlərindən yararlana bilmirlər. İnsan şüuraltı, refleks olaraq aqressiyasını tökməyə yer axtarır.

“Fairmont Baku”da istirahət edən insanlar oranın qapısını qırıb, içəri girməyiblər. Düzdür, məsuliyyətsizlik ediblər, məsələyə qeyri-ciddi yanaşıblar. Amma mən düşünürəm ki, otel və otelə gələnlərə şərait yaradanlar cəzalandırılmalıdır. Günahkar onlardır. Çünki sosial şəbəkədə reklam ediblər, insanları dəvət ediblər, pullarını alıb otelə buraxıblar. İnsanlar da, bəlkə iki saatlıq SMS icazə ilə ora gediblər, iki saat ərzində günəşlənib qayıdacaqlarmış. Mən təfərrüatı bilmirəm. Amma oradakı hər kəs məsuliyyətsizlik edib. Prezidentimiz milli təhlükəsizlik məsələsini deyirsə, bu virusla mübarizədə hər kəs öz təhlükəsizliyini qorumalıdır. Kimsə cəzalandırılırsa, hər şey real əsaslarla cəzalandırılmalıdır”.
İbrahimov həmkarı Mələk Heydərovanın karantin qaydalarını pozduğu üçün işdən çıxarılmasına belə münasibət bildirib: “Mələk “Fairmont”da yaşananların simvoluna çevrildi. Çünki tanınan sima odur. Amma ona qarşı bu qədər aqressiv yanaşmaq olmaz. Səhv edib, təcrübəsiz davranıb. Belə bir səhv etmək pis insan olmaq, terrorçuluq etmək deyil. Bu yalnız saflıqdır. Çoxbilmiş olsaydı, oradan şəkilləri paylaşmazdı. Mələyə tolerant, bağışlayıcı yanaşmaq olar. Çalışdığı televiziyanı da anlayıram. Bu həssas situasiyada imic və kommersiya maraqlarını qoruyurlar. Bu məsələ hansı sanksiyalar, cəzalar gətirər, hesablaya bilmirlər. Mən olsaydım, orta yol tutardım. O zaman nə şiş yanardı, nə də kabab”.


Müğənni Elnarə Xəlilova bildirib ki, hər kəs bərabər hüquqludur və qanunlara əməl etməlidir: “Varlı, kasıb, məşhur, məşhur olmayan, cavan, qoca, uşaq hər kəs bərabərdir. Qanun hər kəs üçündür və qoyulan qanunlara əməl edilməlidir. Sənin pulunun olması qanunu pozmağına şərait yaratmır. Əslində qanun pozanlar arasında kasıblar da var. Qanuna əməl etmək insanın vicdanına, əxlaqına, dövlətinə, xalqına, ailəsinə hörmətindən irəli gəlir. Bunun da varlısı, kasıbı, məşhuru, məşhur olmayanı yoxdur. Yaydır, hər kəs istirahət etmək istəyir. Amma nə vaxt icazə verilərsə, o zaman istirahətə üz tutmalıyıq. Nə vaxt dövlətimiz, qanunlarımız hər kəsin istirahətə açıq olduğunu bəyan eləsə, o zaman hər kəs istirahət edə bilər. İndi qanun var ki, iaşə obyektləri qapalı qalmalıdır bir müddət. Bizim aramızda qanunlarla razı olmayanlar ola bilər, amma qanunlara əməl etməliyik. Biz buna borcluyuq”.

Aktrisa-aparıcı Aysel Nazim bildirib ki, qaydalara əməl etmək hər kəsin borcudur: ”Pandemiyaya görə insanların əsəbləri pozulub. Bəzən doğru olanı da yanlış anlayırlar. Pandemiyaya görə həyatımız, yaşam tərzimiz tamamilə dəyişib. “Fairmont Baku”da baş verənlər insanları qıcıqlandrmaqdır. Mən heç o oteldə hovuz olduğunu bilmirdim. Hər zaman tədbirlər üçün getmişəm. Mən daxil hamı istirahət etmək istəyir. Yaydır, tətil ab-havası insanın ruhunu bürüyür. Amma qanun hamımız üçün qanundur. Karantinin bütün qaydalarına əməl edirəm. SMS icazəmi alıram. Maskamı taxıram, vacib olmadıqda evdən çıxmıram.  Bəzən SMS icazə alıb açıq havada gəzirəm. ATV-də çəkilişim olmasa, evdən çıxmıram. Çünki hər kəsin sağlamlığını qorumaq məsuliyyətini hiss edirəm. Hər kəsi qaydalara əməl etməyə səsləyirəm”.
 
Prodüser Təranə Səmədova bildirib ki, karantin qaydalarına hər kəs əməl etməlidir: “Karantin qaydalarına hər kəs əməl eləməlidir. Qaydalara öz sevdiklərimizi qorumaq üçün əməl etməliyik. İndi evdə oturan insanları qıcıqlandırmaq olmaz. Kiminsə tətil etmək imkanı yaranıbsa, bunu sosial şəbəkədə paylaşıb, “mən bacarıram, siz bacarmırsınız” mesajı vermək olmaz. Paylaşmasalar, daha yaxşıdır. Məncə Mələk Heydərovanın karantin qaydalarını pozduğuna görə işdən çıxarılması bir az ağır cəza oldu. Çünki üzr istədi.  Təbii ki, Baku TV-nin rəhbərliyinin biləcəyi işdir. Mənim onların işinə qarışmaq kimi haqqım yoxdur. Az da olsa, tanınmış simayıqsa, nümunəv addımlar atmalıyıq”.

Musavat.com

Paylaş: