Ancelina Coli Qarabağa görə Azərbaycana gəlsə...
Tarix: 4-07-2020, 11:17



Qarabağ icması torpaqlarımızın işğalı və 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olması məsələsinə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün maraqlı bir addım atıb. Belə ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova İcmanın qadınları adından Ancelina Coliyə müraciət edib.
O, müraciətində bildirib ki, 30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir: “25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarda yaşayan dinc insanlar da bu savaşlarda həyatlarını itirir. Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu. Bir milyona yaxın insan on ildən artıq çadırdan, vaqonlardan, taxta komalardan ibarət düşərgələrdə yaşadı. Şəraitsizlik, qeyri-insani həyat şərtləri altında körpələr doğuldu, qocalar öldü, cavanlar vaxtsız qocaldı, iki nəsil böyüdü. Bu şərtlər altında yüz minlərlə uşaq normal təhsildən, rahat uşaqlıqdan məhrum oldu. Normal tibbi yardımı olmayan düşərgələrdə insanlar müxtəlif xəstəliklərə yoluxdu, günvurmadan, soyuqdan insanlar öldü. Biz qaçqın düşdüyümüz ildə olkəmizdə hər səkkiz nəfərdən biri qaçqın idi. Bütün bu faciələrə baxmayaraq, bizim dərdimiz, ağrılarımız sanki dünyanın diqqətini cəlb edə bilmədi. Son 30 ildir davam edən bu köçkünlük həyatı düz dörd nəslin taleyini sındırdı. Yaşının ahıl çağında doğma yurdundan qaçan qocalar çadır düşərgələrdə, şəhərlərdə sığındıqları evlərdə qürbətdə öləcəklərindən qorxa-qorxa yaşadılar, yurdlarından qoyunlarında gizlədib, gətirdikləri torpaqla ovundular”.
Sonda icma A.Colini Azərbaycana dəvət edərək qaçqın və məcburi köçkünlərlə tanış olmasını, onların durumunu, vətən  həsrətini dünya ictimaiyyətinə çatdırmasına istəyib.
Bəs görəsən, bu kimi müraciətlər nə dərəcədə effektivdir? Qarşı tərəfdən buna reaksiya gələcəkmi? Dünyadakı münaqişələrin beynəlxalq ictimaiyyətə çatmasında belə təcrübədən istifadə olunubmu?

“Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, dünya məşhurlarının özləri belə bir təşəbbüslə çıxış etsələr, daha yaxşı olar: “Ancelina Coli dünyanın ən tanınmış aktrisalarından biridir. Onun harasa getməsi, hansısa problemə diqqət çəkməsi hadisəyə çevrilir. Bir vaxtlar Türkiyəyə də gəlmişdi, suriyalı qaçqınlarla görüşmüşdü və bu, hadisəyə çevrilmişdi. Ancaq Coli oraya öz istəyi ilə getmişdi. Yaxşı olardı ki, Qarabağ məsələsində də Ancelina Coli və ya hər hansı dünyaca məşhur şəxs özü maraq göstərərdi, Qarabağ qaçqınları ilə görüşərdi. Ancaq belə məktub yazmaq sanki bir qədər məcburi xarakter daşıyır ki, gəlin baxın, bizim vəziyyətimizi görün. Burada müəyyən imic  məsələsi var. O, gəlib vəziyyəti öyrənib müəyyən fikirlər söyləyə bilər”.
Politoloqun sözlərinə görə, digər bir məsələ budur ki, bizim qaçqınların mütləq əksəriyyəti artıq dövlət tərəfindən mənzillə təmin olunub, evlərdə yerləşdirilib: “Əvvəl çadır şəhərcikləri var idi, xarici qonaqları oraya aparıb qaçqınların ağır durumda olduqlarını göstərirdilər. Ancaq indi pis-yaxşı Qarabağ qaçqınlarına Bakıda və rayonlarda müəyyən qədər şərait yaradılıb. Bir çoxlarıköçürülməyib, ancaq şəhər ərazisindədirlər. Bu da sual yaradır ki, Ancelina Coli Azərbaycana gələrkən kimlərlə görüşəcək. Ola bilər, elə Qarabağ icmasının üzvləri ilə görüşsün. Burada müəyyən dəstək qazanıla bilər”.
E.Şahinoğlu bildirdi ki, bu addımın bir də  təhlükəli tərəfi var: “Biz Ancelina Colini Azərbaycana gətirib Qarabağ icması ilə görüşdürüb, faciələrdən danışırıqsa, qarşılıqlı olaraq ermənilər də cavab addımı ata bilərlər. Onlar da Ancelina Coli qədər məşhur artisti və ya aktrisanı Dağlıq Qarabağa gətirə bilərlər. Nəzərə alaq ki, Ancelina Coli özü də ermənilərin dəvətini qəbul edib, Azərbaycandan sonra İrəvandakı ermənilərlə görüşə bilər. Bu tərəfi də öyrənilməlidir. Ona görə yaxşı olar ki, kimsə bizim dərdimizi öyrənib paylaşmaq üçün özü maraq göstərsin. Bizim kiməsə müraciət etməyimiz ki, gəl bizimlə maraqlan, görüş - bunun imic məsələsində müsbət tərəfləri olacağı kimi, təhlükəli tərəfləri də ola bilər”.

“Yeni Müsavat”

Paylaş: