Məşhur həkim gənc rejissorun ölümündən danışdı: “İki səbəb ola bilər...”
Tarix: 4-07-2020, 09:45



Üç gün öncə  koronavirusdan dünyasını dəyişən AzTV-nin rejissoru Samir Nəcəfzadənin sosial şəbəkələrdə yayılan səs yazısı gündəmi zəbt edib. Hər kəsin dərin ürəkağrısı ilə dinlədiyi səs yazısında 36 yaşlı Samir Nəcəfzadə boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb.
“Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir” - deyib. Ətrafdan isə “kömək edin”, “boğuluram” qışqırıqları eşidilir. Mərhum xəstəxanada xəstələrə yaxşı baxılmadığını bildirib.
Qeyd edək ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Son günlər sosial şəbəkələrdə “Semaşko”da pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilir.
 
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva APA-ya bildirib ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər, ürək çatışmazlığı olub: “Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib”.
Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.

Durumu “Yeni Müsavat”a şərh edən tibb elmləri doktoru Adil Qeybulla isə bildirdi ki, Reanimasiyada yatan xəstələr o xəstələrdir ki, onlar palatada  gəzə bilməzlər, onlarda telefon ola bilməz: “Onların təcili yardıma, intensiv terapiyaya ehtiyacı var. Əksəriyyəti süni tənəffüs aparatında çox ağır vəziyyətdə olur. Ona görə də Samir Nəcəfzadənin telefonla səs yazısı yollaması bir qədər narahatlıq doğurur ki, reanimasiyada telefon necə ola bilər? İkinci tərəfdən, rəsmi qurumlar bunu araşdırırlar. Araşdırıb son nəticəni desinlər. Ondan sonra daha dəqiq münasibət bildirmək olar. Mərhumun kömək etmirlər, bura çox pisdir sözlərində həqiqət var”.
Mütəxəssisin sözlərinə görə, xəstə o qədər çoxdur ki, həkimlər çatdırmır, xəstələrin köməksiz qalması mümkün haldır: “Həkimlər, ümumiyyətlə, özəl xəstəxanalara da az gəlirlər. Həkim çatışmazlığı məsələsi ölkədə aktualdır. Hətta bütün həkimlər bu işə cəlb olunsa belə, xəstə sayına görə həkim çatışmazlığı var. Ona görə də vəziyyət kifayət qədər dramatikdir. Ambulator müalicə məsələsi də buna görə ortaya çıxır. Həm xəstəxanada yer çatışmazlığı var. Həm də başdan düzgün təşkil olunmadığına görə bu cür problemlər yaşayırıq”.
36 yaşlı bir gəncin heç bir ağır yanaşı xəstəliyi olmadığı halda dünyasını dəyişməsinin səbəbini açıqlayan Adil Qeybulla bildirdi ki, xəstələr ya atipik pnevmaniyadan, ya da sitokin fırtınasından dünyasını dəyişir: “Sitokinlər həddindən artıq çox ifraz olunur - immun sisteminin müdafiə reaksiyası kimi. Orqanizmdə həyatla bir araya sığmayan vəziyyət yaranır. Ona görə də bu cür şəxslərin müalicəsində immun sistemini süstləşdirən, supressiya edən müalicə lazımdır. Bu hadisənin detallarını bilmədiyimizdən şərh etmək doğru olmazdı. Amma onu bilirəm ki, bu xəstəlikdən  dünyasını dəyişməsi çox problemli məsələdir. Virus bölünüb çoxaldıqca, koronavirusda daşıyıcı maddə olan libonuklein turşusu adətən korreksiya olunmayan səthlərlə mutasiyaya uğrayaraq bölünür. Bunların mutasiya prosesində bəzən ölümcül ştamlar da ortaya çıxır. Bəzi gənclərdə xəstəliyin gedişatının ağır olması buna bağlıdır. Virus, yəqin ki, mutasiyaya uğrayaraq təsirini itirəcək və yoxa çıxacaq”.
“Yeni Müsavat”

Paylaş: