"Təsadüfi adamların filmlərə çəkilməsinin də səbəbləri var..."
Tarix: 4-07-2020, 08:51



“Bizdə normal serialların çəkilişlərinə 2009-cu ildə başlanılıb və 11 il keçir. Bir nəsil dəyişməlidir ki, yeni nəsil kütləyə yeni çəkilişlər təqdim etsin”

Bunu Moderator.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. Aktyor seriallarımızda uğur qazanmağımız üçün zamana ehtiyac olduğunu bildirib:

“Bunun üçün bir az vaxt lazımdır. Serial deyəndə bunun üçün sənətkar yetişməlidir, peşəkar çəkişlər olmalıdır. Birdən-birə çempionlar liqasının qalibi olmursan, buna qədər ölkə çempionu olmaq lazımdır. Bizdə nəsə yaranan kimi olimpiya çempionu olmağımızı gözləyirik. Azərbaycanda normal serialların çəkilişlərinə 2009-cu ildə başlanılıb və 11 il keçir. Bir nəsil dəyişməlidir ki, yeni nəsil kütləyə yeni çəkilişlər təqdim etsin. Bunun üçün bir az zaman lazımdır, hər şey ələkdən keçməlidir. Mən tamaşaçının istəklərini başa düşürəm, amma vallah olmur. Sanki “Qarabağ”ın “Atletika”nı udmağı kimi bir gözlənti olmamalıdır. Biz bir dəqiqənin içində xəyallar qururuq. Təsadüfi adamların filmlərə çəkilməsinin də səbəbləri var. Məsələn, peşəkar aktyor beş dəqiqəlik bir rola çəkilmək üçün normal qonarar tələb etdiyi üçün rejissor məcbur olub təsadüfi adamı həmin səhnəyə çəkir. Biz də televiziyaya çıxanda insanların gözündə təsadüfi adamlar idik. Amma əslində buna qədər KVN-də, teatrda var idik”.

Paylaş: