“Bir də gördünüz hökümət mahnı, estrada janrını da himayəsinə götürdü, təmizləmələr apardı”
Tarix: 3-07-2020, 14:57




Elə mövzular var ki, onlar haqqında yazmaq çətin gəlir. Bəlkə, deyiləcək söz tapmırıq, ya da reallığı qəbul edə bilmirik.  Klassik, əsrarəngiz Azərbaycan musiqisinin yerini yavaş-yavaş bayağı, ucuz, şit mahnıların tutması təəssüf doğurur. Təsəvvürümüzə  gətirəndə belə bizi  mənən sarsıdan bu acı gerçək günbəgün artmaqda, “tor”larını incəsətimizin ətrafında hörməkdədir.

Əlbəttə, bu hal ölkə insənəti və müsiqisinin gələcəyini düşünən hər kəsi narahat edir. Məhz ona görə, “Sherg.az” olaraq məsələni daim gündəmə daşıyıb, bu mənfi tendensiyanın qarşısını almağa çalışırıq. Çıxış yolunu isə əsl sənət sahiblərinin fikir və düşüncələrini ictimaiyyətə təqdim etməkdə görürük. 

Məsələn, elə bu gün tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə həmsöhbət olub, ciddi fikir mübadiləsi apardıq. 

 -Nailə xanım, niyə artıq ciddi musiqilər, əsərlər əvəzinə, bayağı mahnılarla tez-tez rastlaşırıq?

-Çox ağrılı mövzudur.  Doğrudan da bu, Azərbaycan musiqisi  deyil. Ötəri musiqilər hər dövrdə olub, amma  tarixdə qalmayıb. Əvvəlki illərdə  yazılan, bəstəkarlıq, ifaçılıq, şairlik məktəbinin əziyyəti  həmişə  efirlərdə  gözəl təbliğ olunub.  Heyif  ki, hazırda əksinədir, təbliğat tamamilə başqa, heç bir məktəb keçməyən insanların işinə yönəlib. Onları da başa düşürəm, əziyyətlərinə sənət deyirlər.  Bunu özlərinə kəsə yolla  populyarlıq körpüsü hesab edirlər. Amma tarixdə qalmayan musiqi indi daha çox təbliğ edilir. 

-Sizcə niyə?

-Özəl kanallar, saytlar,  eləcə də   müstəqil fəaliyyət göstərən jurnalistlər  var.  Deyirlər ki, heç  kimə tabe deyiləm, özüm bilərəm kimi təbliğ edərəm,  kimi yox.  Bu fikir   “Youtube”də baxış sayı məsələsi ortaya çıxanda yarandı. Güya xeyli sayda  izlənmə olub,  sevilib.  Efirlər də  ona görə  məcbur olub, çağırır. İnanın o baxış söhbəti də pulladır, hamı bunu bilir. Bəs belədirsə, niyə  təbliğata uyurlar, dinləyirlər , alqışlayırlar? Hətta  sevənləri də var.
-Əfsuslar olsun, onları dinləyən müəyyən bir kütlə var..

-İstəmirəm xalqımı təbəqələrə bölüm, çünki bu, çox ağrılı yerimizdir. Xalqı təbəqələrə bölsək, hər şey alt- üst olar. “Tək əldən səs çıxmaz”, yalnız özümü fikirləşmirəm. Mənim kimi yaxşı silahdaşlarımız, öz sənətinə qulluq edən insanlar var. İstərdilər  səslərinə xalq da səs versin. Bizim  xəzinəmiz  o qədər gözəl və zəngindir ki, hər  ölkə, xalq  paxıllıq edə bilər. Çünki Şərqdə birinci dəfə  musiqinin janrlara bölünməsi Üzeyir Hacıbəyovdan başlayıb. Hətta ilk dəfə  qadın  bəstəkar kimi rəhmətlik Şəfiqə  Axundova nümunə olub. Görüblər ki, qadınlar da yaradıcılıqla, sənətlə məşğul ola bilər. Öz sahəmdən danışdım...

-Hələ incəsənətin digər bölmələrində neçə-neçə dahilərimizin adını sadalamaq olar...

 -Bəli,ifaçılarımız, şairlərimiz, dəyərli yazıçılarımızla qızıl dövrümüz olub. Niyə o qızılı taxtaya döndərmək istəyirlər ?   Məktəblilər, tələbələr, bütün yaşdan olan insanlar, özlərini sevsin. Əgər özümü sevirəmsə, məcburam  torpağımı qoruyan kimi mədəniyyətimi də müdafiə edim. Çünki mədəniyyətim əlimdən alınsa, yox edilsə, düşmən bundan sui-istifadə edər. Belə halda xalqın bir  nümayəndəsi kimi  heç nə ola bilərəm. Çox istərdim ki, hamını buna dəvət edək.

-Necə?

 -Heç olmasa efirlər, jurnalistlər onlara  həvəskar musiqiçilər, ifaçılar desinlər.  Amma həvəskar sözü olsun, burda ayıb bir şey yoxdur. Gənclik illərimdə  belə verlişlər olurdu, gənc istedadlar, öz fəaliyyət musiqiçilər adlandırırdılar. “Öz fəaliyyət  ifaçıların konserti” görün necə gözəldir. Yəni həmin insanın  sənəti başqadır.  Amma yaradıcılıqla da  məşğuldur,  görürsüz necə gözəl ifaçılar olub. Elə nümunələr çəkə bilərik ki, onları xalq özü də sevib.  

-Məsələn kimlər?

- Ələkbər Tağıyevi bunlar əllərində bayraq ediblər.  Baxmayaraq ki, Ələkbər Tağıyev  ciddi bir sahədə çalışıb.  Amma görün necə gözəl yaradıcılıqla məşğul olub. Çünki onun yaşadığı dövrdə  Fikrət Əmirov,  Qara Qarayev, Tofiq Quliyev musiqisi  var idi. O onları dinləyib, pis yaza bilməzdi. İndiki zamanda özləri-özlərini dinləyib yazırlar. 

-Bəs bütün bunlardan necə xilas ola bilərik?

-Əsas  vaxt Azərbaycan musiqisinə həsr olunsa ,daha yaxşıdır. Meyxananın əleyhinə deyiləm, amma hər dəfə  bu sözü işlədəndə pis oluram. Çünki əvvəllər  böyüklərimizin yanında  həmin adı işlədə bilmirdik.  Bu söz ara musiqisinə aid idi. Yenə də milli dəyərlərimiz var, ola bilsin ki,  meyxana da  aid edilə bilər. Amma  o demək deyil ki, təbliğ etmək düzgündür. Adam söz tapmır desin. İnsan  özü -özünə bu qədərmi düşmən kəsilə bilər ?!  

-Təbliğ olunduqca saxta populyarlıqları ilə yanaşı iddiaları da artır...

-Bəli, onlar da özlərindən razıdırlar. Hətta bir yazıya rast gəldim, deyir filankəs olan efirə çıxmıram. Bəzilərinin   nazirlik iddiası belə  var. Müsahibələr verir, baxıram oxuyuram. Deyirəm sağ ol ey gör nə qədər özünə inam yaradılıb. Hamısı sabun  köpüyüdür heç nə yoxdur.  Bilirsiniz ki, baxış sayları  şişirdilmiş rəqəmlərdir. İndiki zamanda camaat öz hayındadır, deyir milyonlarla izlənmə oldu. Yenə trend sözü... Onu çıxardana nə deyim? Jurnalistlərə,  efir işçilərinə, bəstəkarlara, müğənnilərə, xanəndələrə, mahnı janrında fəaliyyət göstərən musiqiçilərə müraciət edirəm.

Proqramlar yaradaq orda camaatı  maarifləndirək. Musiqi və şeiriyyatımızın səviyyəsini göstərək. Çünki təəssəvvür edə bilməzsiz bayağı ifaçılar bu sənətə necə yollarla gəlirlər. Hər kəs öz həyatını yaşayır, çiyninə yükünü yığır.  İnanın sənət olan yerdə belə aşağılamalar olmur.  Başa salıb, dərk elətdirə bilmirəm. Camaatımız fikirləşir ki, məktəbdə zəifəm, universitetə  qəbul olmasam eybi yox. Ya oxuyaram, ya da  bəstəkar olaram, bu belə deyil axı.  

-Yəni onları  düzgün yönləndirmək lazımdır...

-Bəli,  onları savadlandırsaq,  məsləhət versək,  başa salsaq ki, bu, sənin sənətin deyil, bəlkə də başqa  sahədə  uğur qaza bilərlər. İstəyərdim ki, müğənnilərdən də belə müsahibələr götürülsün şərait yaradılsın. Həmin gəncləri nə tənqid, nə də təbliğ etsinlər. Amma onları  yalançı populyarlıqdan ayıldaq, yaş gedir.  Necə ki,  muğamı Mehriban xanım nəzarətə götürdü, təmizlədi, gözəlləşdirdi. Bir də gördüz hökümət mahnı, estrada janrını da himayəsinə götürdü, təmizləmələr apardı.  Onda nəylə məşğul olacaqlar? Bunun sonu yoxdur. Əvvəl axır, bu nəsil  ayılacaq ki, neynirsiniz, bu bayağı musiqi  bizim deyil axı?   

-Nailə xanım, ötən əsrdə yaranan əsərlərdə bəstəkarlar şeirlərə müraciət edirdi..  Məsələn, dahi bəstəkar Emin Sabitoğlu dəfələrlə Vaqif Səmədoğlu şeirlərinə üz tutub, hələ də sevilərək dinlənilən bəstələr ərsəyə gətirib. Bəs  niyə hazırkı dövrdə belə etmirlər?

-Çünki  bəstəkarlıq iddiasında olanlar  yazırlar,  sonra üstünə kim söz, heca çatdıra bilərsə, hazırlamağa başlayırlar. Hər sətrin öz qafiyəsi, hecası, mənası, vəzni olur. Amma indikiləri ayrıca şeir kimi qoyun,  hecası uyğun gəlmir.  Nəinki vəzn, heç mənası da yoxdur. Sətri çatmayanda,  “sən də”, “bəlkə”  sözlərini artırırlar. Məcbur olurlar artıq şeylərdən istifadə etsinlər. Bu yaxınlarda Həsən Mətin adlı şair şeirini göndərdi. Çox sevindim, deyir şeirə musiqi yazın, deməli, ünvanı tanıyır. Şeirə baxdım, mənasını soruşdum.  Özü də təqdim etdi ki, sizdən əvvəl Tahir Əkbər kimi gözəl bəstəkarla işləmişəm. Deməli, səhv etməmişəm, siz də şeirin mənasını fikirləşirsiniz. Şeiri həzm etməliyəm ki, musiqi yazaq. Loru dildə deyirəm, ağlaşma bir şeirə musiqi yazsam necə olar? Nə şeir yadda qalar, nə musiqi...



Paylaş: