“Hamı qaydalara əməl etsə, bu bəladan xilas olarıq”
Tarix: 30-06-2020, 14:45



"Anam xəstədir. İki həftədən çoxdur ki, ona baş çəkə bilmirəm. Çox arzulayıram ki, bu virus həyatımızdan getsin".
Bunu Azvision.az -a Xalq artisti Səidə Quliyeva deyib. Aktrisa bildirib ki, gününün çox hissəsini evdə keçirir və yalnız zərurət yarandıqda çölə çıxır.

"Mən qanunlara riayət edən insanam. Evdə qalıram. Çox nadir hallarda icazə ilə çıxıb, evin ətrafında gəzirəm. Teatr üçün, fəaliyyətim üçün çox darıxıram. Belə vəziyyət məni də sıxır. Başımı müxtəlif məşğuliyyətlərlə qatıram. Evdar qadın olmuşam, cürbəcür yeməklər bişirirəm. Keçmişdə çəkildiyim filmlərə, müsahibələrimə, tamaşalarıma baxıram. Mütaliə edirəm.

Ümbülbanunun İvan Buninə sevgi məktubları var, onları oxuyuram. Həmkarlarıma da məsləhət görürəm ki, onu oxusunlar. Bu gün bizim sevgiyə, məhəbbətə, xoş sözə ehtiyacımız var. Bir -birimizə xoş söz deməklə qəlbimizdəki o nisgili azalda bilərik. Sənət adamlarına da müraciət edirəm ki, mütaliə etsinlər. Romantik hislərə qoşulsunlar. İşləyəndə türk seriallarına baxmağa vaxtım olmurdu, indi baxıram. Sənət dostlarımla tez-tez əlaqə saxlayıram. Dost-tanışla danışmasam, ürəyim partlayar".

S. Quliyeva insanları səbirli olmağa və təmizliyə əməl etməyə çağırıb.

"Koronavirus bəlkə də Allah tərəfindən göndərilmiş sınaqdır. Bu sınaqdan üzüağ çıxaq, xalqımız əyilməsin. Müvəqqəti çətinlikdir, bu günlər də keçəcək. Hamı sağlamlığına qayıtsın. Qorunmağın yollarından biri təmizlikdir. Hamı qaydalara əməl etsə, tezliklə bu bəladan xilas olarıq.

Anam xəstədir, iki həftədən çoxdur ki, ona gedib baş çəkə bilmirəm. Çox arzulayıram ki, bu xəstəlik getsin. Sən demə, virusa qədər xoşbəxt imişik və qədrini bilməmişik. Əsas odur həyat eşqimiz sönməsin".

Paylaş: