Yüksək vəzifəli məmurlar ana dilini bilmirsə... - çıxış yolu
Tarix: 30-06-2020, 10:25



Yüksək rütbəli dövlət məmurlarının bir çoxunun öz ana dilində səlis danışa bilməməsi məsələsi tez-tez mətbuatın gündəminə gəlir. Dəfələrlə hansısa məmurun öz ana dilində sərbəst danışa bilməməsi, bir-biri ilə uzlaşmayan sözləri, cümlələri bəzən gülüş obyektinə çevrilib.
Bəs Azərbaycan dilini bilməyən məmurların iş başında olması nə dərəcədə qəbulediləndir? Bu, milli-mənəvi və təhlükəsizlik baxımından necə qiymətləndirilə bilər? Onlarla bağlı nə etməli?
Mövzu ilə bağlı tanınmış tele-tənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:
“Hansısa yüksək vəzifəli məmurun öz doğma ana dilində danışa bilməməsi böyük təəssüf doğurur. Bu ilk növbədə onunla bağlıdır ki, həmin məmurların əksəriyyəti sovet dövründə rus dilində təhsil alıblar və onlar indi özlərinə əziyyət verib, öz ana dilini öyrənmək istəmirlər.
Halbuki bir neçə ay kurslara getməklə ingilis və yaxud digər xarici dili çox gözəl öyrənirlər. Bəs öz ana dilini öyrənmək nə çətin işdir ki?"
Qulu Məhərrəmli təklif edir ki, məmurlar yüksək vəzifəyə təyin olunmazdan əvvəl dil komissiyasında yoxlanışdan keçsinlər: “Azərbaycanda ana dilinin düzgün işlədilməsi ilə bağlı çoxlu sayda qanun, sərəncam və fərman var. Lakin bir sıra məmurlar buna əməl etmək istəmir. Düşünürəm ki, ana dilində səlis danışmaq bir tələbə çevrilsə, məmurlar bu dili öyrənəcəklər.
Bu dilin daşıyıcısı Azərbaycan vətəndaşıdır və buna görə onun öz dilinə hörməti, sevgisi olmalıdır. Lap tutaq ki, sevgisi, hörməti yoxdur, amma öhdəliyi olmalıdır. Çünki məmurun işlədiyi əsas subyekt azərbaycanlılardır. Məmur Azərbaycanda çalışır və ölkənin əhalisi ilə işləyir. Ona görə də ölkənin ana dilini bilmək, “Dövlət dili haqqında” Qanunun tələblərinə əmək etmək lazımdır. Hesab edirəm ki, məmurlar yüksək vəzifəyə qəbul olunarkən müvafiq komissiyadan keçməlidir ki, doğma dilində normal şəkildə danışa bilsinlər. Ana dili həm də məmurlar üçün faydalı bir iş bazasıdır. Onların bir yolu var, bu dildə oxusunlar, öyrənsinlər, filmlərə baxsınlar, bu dili duysunlar. Bunsuz mümkün deyil. Xarici dili bilmək onların karyeraları üçün necə vacibdirsə, ana dilini mükəmməl bilmək də o cür vacib hesab olunmalıdır".
“Yeni Müsavat”

Paylaş: