Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Tarix: 30-06-2020, 09:21



Azərbaycan rejissoru Zaur Tahirsoy özünün sanballı əsəri olan "Sayrışan işıqlar" filminin ikinci hissəsində Azərbaycan həkimlərinin koronavirus xəstələrinin həyatı uğrunda mübarizə apararaq öz peşələrində necə heyrətamiz cəsarət və sədaqət nümayiş etdirdiklərini əyani şəkildə nümayiş etdirməyə qərar verib.

Bu, Azərbaycanda yalnız YouTube-da yayımlanan və tibbi mövzuya həsr olunmuş ilk serialdır. Filmin ilk seriyası altı ay əvvəl çıxıb. Koronavirus pandemiyası səbəbindən rejissor gələcək çəkilişləri dayandırmaq məcburiyyətində qalıb. Lakin bu günlərdə işi bərpa etmək qərarına gəlib. Tahirsoyun sözlərinə görə, serialın birinci hissəsinə çoxlu sayda qüvvə və əmək sərf edilib. Lakin serial yaradıcıların gözləntilərini doğrultmayıb.
"İş çox keyfiyyətli idi, lakin təəssüf ki, izləyənlərin sayı o qədər də yüksək deyildi. Təəssüf ki, Azərbaycan kino sənayesində bir-birini dəstəkləməyi və həmkarlarının əsərlərini bölüşməyi xoşlamırlar. Bütün bunlara görə, biz filmin birinci hissəsinin piarını apara bilmədik, amma ikinci hissənin irəliləməsi ilə məşğul olmaq niyyətindəyik. Yeni seriya tezliklə tamaşaçılara təqdim olunacaq", - deyə Tahirsoy Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Rejissor serialın ssenarisinə dəyişiklik etmək qərarına gəlib. Belə ki, serial Azərbaycanda koronavirus pandemiyası ilə bağlı yaranmış hazırkı vəziyyəti əks etdirəcək. Bununla əlaqədar olaraq bəzi kadrlar yenidən çəkilib.
"Serialımız tibb haqqında olduğuna görə, biz burada sadəcə koronavirus mövzusunu əks etdirə bilmərik. Çəkilişə başlamazdan əvvəl biz artıq bir neçə aydır ki, bu cür xəstələrin müalicəsi ilə məşğul olan həkimlərlə söhbət etdik. Onlar bir çox şeyi izah etdilər və biz bunları yeni seriyada göstərməyə hazırlaşırıq. İnsanlar bilməlidir ki, həkimlərimiz xəstələri müalicə etmək üçün hər dəfə nələrdən keçirlər. Onlar xəstələri sağaltmaq üçün öz sağlamlıqları ilə risk edirlər. Biz serialda bütün bunlarla yanaşı, digər xəstəliklərə də toxunacağıq", - deyə Tahirsoy bildirib.
Filmin aktyor tərkibi hər dəfə dəyişəcək - yalnız baş qəhrəmanlar - Aysel Nazim və Rəşad Kəsəmənli, həmçinin altı gənc aktyor dəyişməz qalacaq. Rejissorun sözlərinə görə, "Sayrışan işıqlar" seriallar və filmlərin video axın şəkildə təchizatçisi olan Netflix ABŞ transmilli şirkətinin formatında çəkilir. Cəmi 12 seriya çəkiləcək. Tahirsoy hər bir hissədə kinolentin bir qəhrəmanının hekayəsini izah etmək niyyətindədir. Onun əsas məqsədi Azərbaycanda əslində çox yaxşı həkimlərin olduğunu və onları qiymətləndirmək lazım gəldiyini göstərməkdir.
"Sevindirici haldır ki, məndən sonra bir çox həmkarlarım YouTube üçün film və verilişlər çəkmək qərarına gəliblər. Artıq bizim telekanallardan mənə çox böyük təkliflər gəlib. Təbii ki, əgər mənim serialımı TV-də göstərəcəklərsə, bunun əleyhinə deyiləm. Amma bir şərtlə ki, onun YouTube formatı saxlanılsın", - deyə Tahirsoy qeyd edib.
Rejissor hazırda digər layihələr üzərində də işləyir. O, Azərbaycanda məktəb həyatı haqqında "Səkkizinci dərs" adlı serialın çəkilməsini planlaşdırır.


Paylaş: