“Sinəsini, dodağını, yanını böyütməklə nəzəri cəlb etməyə çalışanları xalq nə vaxtdan tanıyıb?”
Tarix: 30-06-2020, 09:02



“Xalqın zövqünü korladığınız üçün sizlər cəzalanmalısınız, məsuliyyət daşımalısınız və cavab verməlisiniz!”

“Elə ki, bir fəxri ad verildi, aradan bir az keçən kimi səs-küy qaldırırlar ki, "mənə daha böyüyünü verin!”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca deyib. Yazıçı toylara fantastik qiymətə gedən müğənniləri ümumiyyətlə, dinləmədiyini bildirib: 

“Mən toya fantastik qiymətə gedən müğənnilərə ömründə qulaq asmıram. Nəinki qulaq asmıram, onları ekranda görən kimi kanalı dəyişirəm. Dəyişdiyim kanalda yenə onlardan birini görsəm, televizoru söndürüb, həmin gün ümumiyyətlə, televizora baxmıram. Bunları qoyaq bir kənara! Onların axı, heç birinin xalqa dəxli yoxdur! Yəni xalqın zövqlü təbəqəsi onları tanımır. Burnunu kəsdirməklə, sinəsini, dodağını, yanını böyütməklə nəzəri cəlb etməyə çalışanları xalq nə vaxtdan tanıyıb? Bu toy müğənniləri ekranlardan düşmürlər. Bir gündə 3-4 kanalda görünürlər. Bəs böyük sənətkarlar, xalqın sevdiyi xanəndələr, musiqiçilər ekranlara niyə çıxmırlar? Çünki onlar televiziyalara pul vermirlər! Bəs sevilməyən toy manısları necə fəxri adlar alırlar? Müxtəlif yollarla- tanışlıq-filanla! Elə ki, bir fəxri ad verildi, aradan bir az keçən kimi səs-küy qaldırırlar ki, "mənə daha böyüyünü verin!

Və yaxud, "mən 40 ildir oxuyuram!" Bunlara bir deyən yoxdur ki, sən 40 il ad günlərində, məclislərdə, restoranlarda, bulaq başında, yeyib-içmək məclislərində camaatı "əyləndirmisən". Sənin böyük sənətə, böyük səhnəyə dəxlin yoxdur! Yaxşı, bunları da qoyaq bir kənara! Xalqın zövqünü korladığınız üçün sizlər cəzalanmalısınız! Məsuliyyət daşımalısınız və cavab verməlisiniz! Qaldı şişirdilmiş toy qiymətlərinə, siz bu qiymətləri bəyan etməklə yüksəlmirsiniz, əksinə, alçalırsınız və toy sahiblərini də hörmətsiz edirsiniz! Niyə? Çünki sizi toy aparmağa, toyda yarım saatlığa, bir saatlığa oxumağa dəvət etmək toy sahiblərinin zövqsüzlüyündən xəbər verir. Bir dəfə bir professor, mən və bir "müğənni" televiziya verilişinə dəvət edilmişdik. Professor "müğənniyə" dedi ki, gərək sən mənə pul verəsən ki, səni toyuma aparam." Professor doğru deyirdi, həmin "müğənnini" ekranda görəndə düyməni basıb, baxa bilmədiklərimdən biri idi. Unutmayın, müğənnilərə böyük pullar verənlər əyri yollarla qazananlardır! Özlərini göstərənlərdir! Toya çağırdıqları qonaqlara hörmət qoymayanlardır! Onu da deyim ki, insanlar belə toylara ürəklə getmirlər. Gedəndən sonra da peşiman olurlar”. 

Paylaş: