“İyirmi minə toya gedir və sonra da durub dava salır ki, mənə niyə fəxri ad vermirsiniz?”
Tarix: 30-06-2020, 08:59



Azərbaycanda müğənnilərin toy qiymətləri həmişə insanları təəccübləndirib. Hələ karantin rejimindən sonra bəzi müğənnilərin toy qiymətlərinin hətta artacağı bildirilir. 

Bəs dövlət ölkədə şadlıq saraylarının və müğənnilərin toy qiymətini tənzimləyə bilərmi?

Moderator.az-ın sualını professor İlham Rəhimli cavablandırıb və o, bunun vacib olduğunu bildirib:

“Deməli, o məbləği müğənnilərə verən var ki, onlar toya fantastik qiymətə gedirlər. İyirmi minə toya gedir və sonra da durub dava salıb tələb edir ki, mənə niyə fəxri ad vermirsiniz? Siz hansı xidməti göstərmisiniz, toya gedib pulunuzu almısınız da, xalqa nə xidmət etmisiniz? Qaldı ki, pulu da müğənnilərə varlı adamlar verir, kasıb verə bilirmi, yox. Haram pulu olanlar müğənniləri o qiymətə toya gətirir. Əlbəttə, şadlıq evlərinin qiymətlərini dövlət tənzimlənməlidir. İndi gedin soruşun görün dediyi qiymətin müqabilində müğənni dövlətə nə qədər vergi verir? On min alıbsa, vergini göstərəndə 500 və ya 1000 manat yazır. Mənə elə gəlir ki, şadlıq saraylarının fəaliyyəti dövlət tərəfindən sərt qanunlarla tənzimlənməlidir. Ümumiyyətlə, şadlıq evlərinin menyusu da tənzimlənməlidir. Bir adam 100-150 manatlıq yemək yeyə bilərmi? Şadlıq evləri sifarişlə olmalıdır və nəyi istəyirsən o da qonaqlarına verilməlidir. Bir ölçü həddi olmalıdır. Qonşu respublikalarda, xüsusən də Orta Asiyada müəyyən qiymət qoyublar və ondan baha heç nə ola bilməz”.
 
Qeyd edək ki, təqdim olunan siyahıda Əməkdar artist Mətanət İsgəndərova - 4 500 AZN-10 000 AZN, Xalq artisti Eyyub Yaqubov - 3 500 AZN-10 000 AZN, Nuri Sərinləndirici - 12 000-13 000 AZN, Əməkdar artist Vasif Məhərrəmli - 10 000 AZN, Müğənni Nadir Qafarzadə - 4 000-5 000 AZN-10 000 AZN, Xatirə İslam - 10 000 AZN, Xalq artisti Briliant Dadaşova - 20 000 AZN, Əməkdar artist Abbas Bağırov - 20 000 AZN, Zamiq - 20 000 AZN, Xəyyam Nisanov - 15 000 AZN, Xumar Qədimova - 3 500-4 000 AZN, "Elit star" Cəmilə - 500 AZN, Manana Caparidze - 4 500-5 000 AZN, Damla - 2 500-3 000 AZN, Şəbnəm Tovuzlu - 2 000 AZN, Xalq artisti Aygün Kazımova - 7 000 AZN, Xalq artisti Röya - 7 000 AZN, Xalq artisti Miri Yusif - 7 000 AZN, Xalq artisti Tünzalə Ağayeva - 6 000 AZN-ə toya getdiyi bildirilir.



Paylaş: