Hollivud filmlərindəki pandemiya sirri: gənc aktrisa danışdı
Tarix: 29-06-2020, 18:54



Müsahibim 20 yaşlı Azərbaycanlı aktrisa Emiliya Qurbanovadır. Anası rejissor, ssenarist Sevinc Səfərova istedad "Green Card"-ı aldıqdan sonra ailəsi ilə birlikdə Amerikaya köçüblər. Uzun müddətdir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan həmyerlimiz Los-Angelesdə "Beynəlxalq əlaqələr” ixtisası üzrə təhsil alır. Hollivudda kino və reklam şirkətləri ilə birlikdə çalışır.
Emiliya Qurbanova ilə müsahibəni təqdim edirik:
- Emiliya xanım, Amerika hazırda dünyanı cənginə alan koronovirusla necə mübarizə aparır?
- Hazırda dünyanın mübarizə apardığı, bəzən də məğlub olduğu, kifayət qədər insan tələfatına səbəb olan koronovirus pandemiyası ilə Amerika tədbirli şəkildə mübarizə aparır. Bizim yaşadığımız Kaliforniya ştatında insanlar evdən çölə çıxanda maska taxmalı və 2 metrəyə qədər sosial məsafəni gözləmək məcburiyyətindədir. Marketlərdə və alış-veriş mağazalarında insanların içəri buraxılması üçün müəyyən limitlər var. Hər kəs də qoyulan qayda qanuna riayət edir. Banklarda hər müştəri getdikdən sonra onun oturduğu və toxunduğu yerlər dezinfeksiya olunur. Yoluxanların və ölənlərin sayı çox olsa da, ancaq Amerika var gücü ilə özünü və orada yaşayan insanları qorumağa çalışır.
- Bildiyimiz qədəri ilə hazırda orada qaradərili insanların üsyanı davam edir. Amerikadakı ümumi vəziyyəti necə xarakterizə edərdiniz?
- Bu gün Amerikada ümumi vəziyyət stabildir. Amerikanın hər ştatının özünməxsus qayda-qanunu var. Bunun üçün ümumi şəkildə Amerikanı xarakterizə etməyin doğru olmadığını düşünürəm. Qaradərili insan ağdərili polis tərəfindən öldürüləndən sonra burada böyük bir üsyan başladı. Karantin qaydalarından bezən və hər an hücum etməyə hazır olan qaradərili insanlar marketlərə, dükanlara, alış-veriş mağazalarına hücum etməyə başladılar, yanğınlar törətdilər, oğurluq etdilər. Bu üsyan da hər ştatda fərqli formada özünü təzahür edir.

Artıq Los-Angelesdə insanlar bir qədər sakitləşib. Üsyanlar virusun artmasına daha çox səbəb oldu və insanlar gördülər ki, bu cür davam etsələr bu, onları məhvə aparacaq. Buna görə də hazırda qubernatorun verdiyi qərara görə restoranlar, barlar yenidən bağlanacaq.

- "Beynəlxalq əlaqələr" ixtisası və aktrisalıq. Bunlar tamamilə fərqli istiqamətlərdir? Hollivuddakı kino mühiti sizin fikirlərinizi dəyişdi?
- Açığı mən Los-Angelesə gələndə ağlımın ucundan belə keçməzdi ki, burda özümü aktrisa kimi sınayım. Çünki beynəlxalq arenada Azərbaycanın haqq səsini səsləndirmək və Qarabağ həqiqətlərini məhz Amerikanın tribunasından bəyan etmək üçün diplomat olmağımı şərt hesab edirdim. Ancaq burada təhsil aldıqca və təcrübəm artdıqca həyata baxışım dəyişdi. O fikirlərimdə qalıram, ancaq düşündüm ki, mənim alternativ bacarığım olan aparıcılıq, aktrisalıq da var ki, mən bu istiqamətdə də özümü sınaya bilərəm. Əgər burda tanınaramsa və tanınmış bir aktrisa olaramsa bu yenə də Azərbaycanın adınadır. Bir aktrisa kimi də dünyaya ölkəmin həqiqətlərini çatdıra bilərəm. Məsələn, bu gün Angelina Coli kimi insanlara dünya daha çox inanır. Yəni dünyanın tanıdığı simaların bəyan etdiyi fikirlər daha böyük kütləyə çatır, onların səsinə, fikirlərinə daha böyük kütlə etibar edir, nəinki hansısa bir diplomatın səsi. Açığı desəm mən birdən-birə aktrisalıq eşqinə düşüb, özümü ilk dəfə burda sınamamışam.
- Necə ki?
- Mənə görə istəmək və arzulamaq işin başlanğıcıdır. Belə ki, özümü tanıyandan bədii gimnastika ilə məşğul olmuşam. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində pianino ixtisası üzrə 6 il təhsil almışam. Anam bizi uşaq yaşımızdan ictimai tədbirlərə aparırdı. Bacım və qardaşımla birlikdə kino təqdimatlarına, tamaşalara gedirdik. Bəzən özümüz də bu tədbirlərin bir parçasına çevrilirdik. Anam hər zaman deyirdi ki, bunun sizin cəmiyyətə inteqrasiya olunmanızda və özünüzü ifadə etmək vərdişinizin formalaşmasında böyük rolu olacaq. Elə də oldu. 2012-ci ildə "Şərq ulduzları” telelayihəsində iştirakım isə, özümü tanımağıma yardımçı oldu. Bu layihədə iştirak edən yaşıdlarım bu gün dünyada və eləcə də Azərbaycanda tanınmış sənətçilərdir.

Onların da həyatında "Şərq ulduzu" mahnı müsabiqəsi silinməz izlər buraxıb. Bunu bir çoxları dansa belə.

2013-cü ildə "Qatillə görüş” bədii filmində baş rollardan birini canlandırdım və bilirdim ki, bu film mənim kino ilə ilkin tanışlığımdır. Çünki birdən-birə baş rolu canlandırmaq həm çətin idi, həm də şərəfli. Açığını desəm heç zaman aktrisalıq üçün yanıb-tutuşmamışam. Yəni uşaqlıqda aktrisa olmağı arzu etməmişəm.

Bakıda olduğum müddətdə davamlı olaraq sosial layihələrin reklam çarxlarına çəkilirdim. Digər tərəfdən də özümü başqa istiqamətdə yoxlayırdım. Bir də onda baxdım ki, şahmat dərslərinə yazılmışam və şahmatla hobbi kimi deyil, peşəkar səviyyədə məşğul olmağa başlamışam. Əslində şahmata asudə zaman keçirmək üçün yazılsam ölkə üzrə keçirilən olimpiadalara qədər gedib çıxmışdım.

- Hazırda kino sənayesinin mərkəzi hesab edilən Hollivuddan baxanda Azərbaycan kinosu necə görünür?
- Hollivudun adını eşidəndə bizim ilk olaraq təsəvvürümüzdə işıqlar, kameralar, qlamur kino ulduzları və əyləncələrlə dolu bir yer canlanır. Yəni Hollivuda gələn kimi rejissorlar, produserlər, film çəkən təşkilatlar qollarını açıb səni filmlərə, reklamlara dəvət etmirlər. Ancaq nədənsə bizdə belə bir fikir formalaşıb. Məsələ isə fərqlidir. Burda insanların həyata baxışı, dünya görüşü fərqlidir.

Sən istədiyin nəyəsə nail olmaq istəyirsənsə çox çalışmalı və mübarizə aparmalısan. Amerikanlılar film sektorunda inkişaf etmək üçün böyük bir mərhələ keçiblər. Amerika birdən-birə yaranmadığı kimi Hollivud kino struktru da birdən-birə yaranmayıb. 1940-cı illərdə baş verən “zəlzələ” “Hollywood”u yaxşıca silkələsə də, həmin dövrdə Şimali Amerika kinosu beynəlxalq aləmdə öz yerini möhkəmlədə bilmişdi. Birləşmiş Ştatlarda ancaq öz filmləri nümayiş olunurdusa, başqa ölkələrin kinoteatrlarında bir-birini əvəzləyən premyeraların ümumi sayı bu ölkədə çəkilən filmlərin sayından çox olurdu.

Sualınıza gəlincə isə hazırda Azərbaycan kinosu inkişaf mərhələsindədir. Kinonun inkişafı problemsiz ötüşməsə də, artıq az da olsa beynəlxalq festivallardan tək-tük şəkildə Azərbaycan filmlərinin adını eşitməyə başlayırıq. İndi çox həssas dönəmdir.

İnanıram ki, dünyanı və eləcə də ölkəmizi cənginə alan pandemiya bitdikdən sonra filmlərimizdə bəşəri mövzular öz əksini tapacaq, nəinki film və seriallarımızda əsas meyar kimi götürülən ailə-məişət mövzuları. Çünki 20 faiz torpağı işğal altında olan bir dövlətin filmlərinin əsas problemləri gəlin-qaynana məsələləri olmamalıdır.


- Hesab edirsiniz ki, pandemiyadan sonra Azərbaycan kinosunda bir dəyişiklik olacaq?

- Tarixə də nəzər salsaq görərik ki, tarixin ən çətin dönəmlərində incəsənətdə dəyişiklik özünü göstərib. Bu təkcə Azərbaycanda deyil, dünya kino sistemində də belədir. Bizim sevilən, elə bu gün də sevərək izlədiyimiz o köhnə filmlərin çoxu, məsələn, "Şərikli çörək" və bu kimi filmlərimiz ağır bir dönəmdən sonra çəkilən filmlərdir ki, o filmlərdə insanlara ötürülən bir mesaj var. Hesab edirəm ki, dünyada böyük insan tələfatına səbəb olan bu pandemiyadan sonra Azərbaycan kinosunda yeni ideyalar, bəşəri problemlər öz əksini tapacaq.

Hollivud filmlərinin daha çox sevilməsinin səbəblərindən biri də budur ki, film sektorunda çalışan insanlar eyni zamanda araşdırmaçı qismində çıxış edirlər. Filmlərində hadisələri elmi cəhətdən düşünüb 30 il öncədən göstərməyi bacarırlar və onların filmlərində həyəcan var. Belə ki, deyirlər ki, gələcək zamanlarda dünyanı belə bir virus zəbt edə bilər, belə bir təbii fəlakət ola bilər və sair. Hollivud rejissorları və film təşkilatçıları alimlərlə birlikdə düşünüb, elmi kəşfləri öncədən proqnozlaşdırırlar. Elə sirlər açırlar ki, zaman gəlir, biz onların iştirakçısına çevrilirik. Ekstremal hallarda yaxşı sənətə daha çox ehtiyac duyulur ki, insanda ruh yüksəkliyi yarada bilsin. Təsəvvür edin ki, film insanların mənəvi halını dəyişmək gücünə malikdir. Və Amerika incəsənət nümayəndələri də bunun fərqindədirlər. Ona görə, belə tarixi anlarda beyinləri oyadan, insanları baş verənlərdən agah edən, ruh yüksəkliyi yaradan filmlər çəkilir. Onlar da tarixə çevrilir.

Bizdə isə vəziyyət başqa cürdür. Artıq XXI əsrin ortasıdır, indi dərk edirik ki, Azərbaycan kinosuna ssenari lazımdır. Bizdə daha çox ailə -məişət mövzusunda filmlər çəkilir. Hollivud filmləri planetin qeyrətini çəkir, nəinki ölkəsinin. Onların filmlərində qəhrəmanlar planeti xilas edirlər. Məhz bu səbəbdəndir ki, insanlarımız onları qəhrəman kimi qəbul edir və həmin obrazı yaradan aktyorlara bir əfsanə kimi baxırlar.

Xirosima hadisələri, vəba xəstəliyinin yayılması və bu kimi xəstəliklərin dünyanı cənginə alması məsələləri filmlərdə öz əksini tapmasının dəfələrlə şahidi olmuşuq. Ancaq siz bu hadisələri özündə əks etdirən bir Azərbaycan filmi görümsünüzmü? Əsasən də Amerika kinematoqrafçıları belə hadisələrə öz yaradıcılıqlarında daha çox yer ayırırlar. Onların müraciət etdiyi bəşəri mövzularda təkcə müharibələr deyil, eyni zamanda təbii fəlakətlər də öz əksini tapır. Belə ki, sunami, zəlzələ, qasırğa kimi təbiət hadisələrinə müraciət edirlər.

Elə ötən il mənim də rol aldığım "7 nömrəli mənzil" filmi də bu qəbildən idi. Belə ki, filmdə bütün dünyada aktual olan alkoqolizmə həsr olunmuşdu. İçkinin bir ailəni necə məhv etməsi, orada böyüyən uşaqların həyatını necə cəhənnəmə çevirməsi filmdə əsas meyar olaraq götürülmüşdü. Filmi çəkən Azərbaycanlı rejissor, ssenarist Sevinc Səfərova idi. Yəni bu mövzular dünyada aktualdır. Onu da qeyd edim ki, bu Azərbaycan filmi Hollivudda kino mütəxəssisləri tərəfindən müsbət rəy alıb.

- Gələcəkdə hansı layihələr nəzərdə tutulub?
- Açığı koronovirus pandemiyasına görə bütün işlərim dayanıb. Belə ki, İtaliyada keçiləcək olan "Miss Europe Continental 2020"Avropa gözəllik yarışmasına dəvət almışdım. Bu festivalda dəvət edildikdə məmnunluqla qəbul etdim. Bilirsiniz ki, koronovirusa görə Amerikada və dünyanın bir çox ölkələrində yollar, yəni gediş-gəliş bağlıdır. Mən buna həqiqətən təəssüf edirəm. Çünki orada da Azərbaycanı təmsil edəcəkdim".
Xalidə Gəray,
Musavat.com






Paylaş: