"Hər kəs öz qabiliyyəti, istedadı çərçivəsində nəsə edirsə, çox sağ olsun"
Tarix: 27-06-2020, 08:34



“Hər kəs öz sahəsində qələbə üçün öz töhfəsini verməlidir. Böyük vətən müharibəsində baş verənlər gözümüzün qarşısında bir ibrət dərsidir. Yarım milyondan artıq azərbaycanlı öz vətənini müdafiə etməyə getmişdi”

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib. B.Vəziroğlu hər kəsin vətən üçün öz sahəsində təbliğat aparmasının vacibliyini vurğulayıb:

“Kəmiyyət etibarilə ordumuzla bağlı ədəbiyyatımızda kifayət qədər əsərlər yazılıb, amma keyfiyyət məsələsinə gəldikdə bu haqda ürəklə danışmaq olmur. Məsələn, Cavanşir Quliyevin “Marş İrəli” mahnısı təxminən otuz ilə yaxındır oxunur. Amma ona bərabər bu günə kimi elə bir marş yazılıbmı, xeyir. Buna görə isə heç kimi qınamaq olmaz, hər kəs öz qabiliyyəti, istedadı çərçivəsində nəsə edirsə, çox sağ olsun. 
Torpaqlarımızın işğaldan azad edilməsi isə ümumilikdə xalqın məsələsidir. Hər kəs öz sahəsində qələbə üçün öz töhfəsini verməlidir. Böyük vətən müharibəsində baş verənlər gözümüzün qarşısında bir ibrət dərsidir. Yarım milyondan artıq azərbaycanlı öz vətənini müdafiə etməyə getmişdi. Orda görürsünüzmü ki, döyüşdə olan əsgərlə, arxa cəbhədə taxıl yığan, corab toxuyan qadın eyni missiyanı daşıyırdı. Biz altmış yaşında insandan uma bilmərik ki, sən niyə döyüşdə deyilsən. Hər kəs öz yerində olmalıdır. O vaxt Səməd Vurğuna əsgər paltarı geyindirib cəbhəyə yollayırdılar, xeyr. Çünki o, cəbhədə lazım deyildi. Amma onun yazdığı şeirlər bir ordunun işini görürdü. Hamı hər şey edə bilməz, onda hamı diletant olar. Yəni mən yarımçıq əsgər ola bilərəm və ya bir əsgər istəsə ki, şeir yazsın, ondan şair çıxmaz. Hərənin öz işi var, hamı öz işiylə məşğul olmalı və heç kəs bir-birinin işinə qarışmamalıdır. Ümumi məqsədin, qələbənin naminə hər kəs öz işini vicdanla görməlidir. Müharibə onsuz da qaçılmazdır. Məşhur bir deyim var ki, “Quran oxumaqla donuz darıdan çıxmaz”. Xalq bunu min il bundan qabaq deyib. Yəqin ki, ən gözəl əsərlər hələ yazılmamış əsərlərdir. O gözəl əsərlər isə müharibədən sonra yazılır. Biz də gözləyirik ki, o qələbə əsərlərini yazacaq gün gəlsin çıxsın. Lələ təpənin alınmasından sonra kifayət qədər əsərlər yazıldı”.

Paylaş: