"Kişilər vətəni qorumaq üçündür"
Tarix: 27-06-2020, 08:31



“Vətənimizi çox sevirəm və vətən hamı kimi mənim üçün də həyatdan da önəmlidir.  Ona görə də bu çox vacib bir məsələdir ki, gənclərimiz o ruhda böyüsünlər”

Bunu Moderator.az-a açıqlamasında vətənpərvər mahnılarının ifaçısı, müğənni Səyyad Əlizadə deyib. S.Əlizadə bu istiqamətdə daim təbliğat aparmağın önəmli olduğunu bildirib:

“Əlimdən gələn odur ki, mahnılarımla, marşlarımla gənclərimizin vətənpərvər ruhda böyüməsini aşılayım. Vətənimizi çox sevirəm və vətən hamı kimi mənim üçün də həyatdan da önəmlidir. İndi də elə bir vəziyyətdəyik ki, dörd bir yanımız düşmənimizdir və güclü olmasaq, heç kim bizimlə hesablaşmaz. Ona görə də bu çox vacib bir məsələdir ki, gənclərimiz o ruhda böyüsünlər. Özümün tarixə çox marağım var, tarixi kitablar oxuyuram, filmlərə baxıram. Bizim qədim dövlətlərdə də vətənpərvərlik mövzusuna çox önəm verilib. Təəssüflər olsun ki, son zamanlar kütləvi informasiya vasitələri bu məsələlər çox az yer ayırır. Yəni bu şou xarakterli verilişlərdən çox vətənpərvərlik mahnıları öndə olmalıdır. 
Mən uşaq olanda Böyük Vətən Müharibəsi filmləri həddən çox təbliğ olunurdu və bizlər də o ruhda böyüyürdük. Atam müharibə iştirakçısı olub və atamın da dediklərindən çox şeyi öyrənirdik. Həmin vaxt təbliğat çox güclü idi. Hamımız bilirik ki, torpaqlarımızın iyirmi faizi işğal altındadır, bundan da əlavə ölkəmiz tarix boyu müharibələrə məruz qalıb. Kişilər vətəni qorumaq üçündür. Dərsliklərimizdə də vətənpərvərlik mövzularına geniş yer verilməlidir. Bütün bunlarla yanaşı, sonda sözü ordu deyir. Allaha şükür, bizim ən güclü ordumuz var və mən Silahlı Qüvvələr Günü münasibətilə ordumuzu təbrik edirəm. Təbii ki, hamımızın bir arzusu var və o da işağl altında olan torpaqlarımızın azad edilməsidir”.

Paylaş: