“Ayıb deyil?.. Bu məddahlıqdır, mahnının içinə 50 dənə...” – Vüqar Əhməd
Tarix: 25-06-2020, 12:02



Nəğməkar şair, filologiya elmləri doktoru, ATV-nin Bədii Şurasının üzvü Vüqar Əhmədin Yenisabah.az saytına müsahibəsi: 
- Vüqar müəllim, son vaxtlar ədəbiyyata, söz sənətinə marağın getdikcə azalması pandemiyanın doğurduğu qorxuyla bağlıdır, yoxsa başqa səbəblər də var? 
- Düzdür, ədəbiyyata maraq getdikcə azalır. Pandemiyanın məsələyə dəxli yoxdur. Ədəbiyyat oxuyan, yazan üçün əksinə şərait yaranıb, evdə oturub oxuya-yaza bilər. Amma yenə də oxuyanlar var, zər qədrini zərgər bilər. Karantin dövründə evdə otura-otura mənim iki kitabım çıxdı. “Son nəfəsədək Azərbaycan” – M.Ə.Rəsulzadəyə həsr etdiyim roman təkrar nəşr olundu. Təkrar nəşri Şirməmməd Hüseynovun xatirəsinə ithaf etdim, ön sözünü də həyat yoldaşı Ülkər Hüseynova yazdı. 
Bundan başqa, “Koroğlu” romanım işıq üzü gördü. Bir müddətdir işləyirdim, yarımçıq qalmışdı, onu tamamladım. Bu əsəri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etmişəm. Şöbəmizin “Mətbuat tarixi və publisistika məsələləri” adlı almanaxı çıxdı. “Koroğlu” romanımın nəşri artıq bitdi, elə öz yaxınlarım gəldi, verdim, bir az da satışa verdim ki, mənimlə əlaqə yarada bilməyənlər də əldə edə bilsin. 
Nisbətən oxucu azalıb, amma yenə də ədəbiyyatsevər insanlarımız var. Televiziyalar mənə nə qədər doğma olsa da, çox istəsəm də deməliyəm ki, burada televiziyaların da günahı var. Sosial şəbəkələrdə biz hamımız ədəbiyyatla məşğuluq. Gənc yazarlar, orta nəsil hekayələrini, şeirlərini, əsərlərini paylaşırlar. Elə mən özüm də. Bir-birimizə rəy yazırıq, dəyər veririk. Belə demək mümkündürsə, “Facebook” sanki bizim ədəbi orqanımıza çevrilib. Amma yaxşı olardı ki, televiziyalarda da sovet dövründəki kimi ədəbi verilişlər çox olsun. Bir neçə il qabaq da bu tip verilişlər vardı. Düzdür, belə verilişlər olur, amma hər il eyni adamların ad günündə. 
Bir də yeni yazarlar arasında istedadlılar çoxdur, amma efirə yaza bilməyəni çağırırlar. Camaat da onu qəbul eləmir. Oxuya bilməyən müğənnilər tamaşaçı toplayan kimi, yazıçının da ağzına gələni danışanını çağırırlar ki, tamaşaçı baxsın. Telekanalların da günahı var. Bir söz deyən kimi başlayırlar qadağalar qoymağa, mənim də heç vecimə olmur. Elə kanal var ki, onu tənqid etdiyim üçün 12 il mənə qadağa qoyub. İndi konkret ad çəkmirəm. Bizdə belədir, kanalların çoxu dövlətindir, hamısının da sahibi var. Bircə dəfə tənqid etdinsə, düşürsən “qara siyahı”ya. 
Yaxud da hansısa şair, yazıçı, müğənniyə desən ki, bunu yaxşı oxumamısan və ya yazmamısan bütün trolları ilə başlayır səni özəldə, “messenger”də söydürməyə. Biz sağlam tənqiddən niyə qaçırıq ki? Hamımız tənqid edilə-edilə gəlib bu yerə çatmışıq. Bu həyatda toxunulmaz heç kim yoxdur. 
- Sizə elə gəlmir ki, ədəbi mühitdə sükutun hökm sürməsi yazarla oxucu arasında münasibətlərin qırılmasına gətirib çıxarır? Hətta Azərbaycan ziyalısının cəmiyyətdə söz sahibinə çevrilə bilməməsini bununla əlaqələndirənlər var... 
- Müəyyən qədər bəli. Etiraf edək ki, oxucular azalır. İndi çoxu “gopa basır”, özünü tərifləyir ki, ay nəbilim mənim belə oxucularım, mənə 1000 dənə zəng gəldi və s. Yaradıcılıq sahəsində belə şeylər edənlər var, necə ki, “İnstagram” səhifəsində pul verib izləyici yığırlar, bu da onun kimi. Belə saxtakarlıq nəyə lazımdır? 
Şübhəsiz ki, belə şeylər oxucu ilə yazar arasında münasibəti zəiflədir. Amma yenə də qələm adamını yaşadan onun oxucularıdır. Vallah insana ruh, motivasiya verən onlardır. Yəni xalqın verdiyi addan böyük ad yoxdur, xalqın məhəbbətindən böyük məhəbbət yoxdur. İstər cənublu, istər şimallı. 
- Qəribə vəziyyət yaranıb: yazarlar kitablarının satılmamasından şikayətçidirlər. Oxucular isə mütaliə etməyə kitab tapmadıqlarını deyirlər. Sizcə, kim haqlıdır? 
- Vallah, qeyri-təvazökarlıq kimi çıxmasın, yazar şikayətlənirsə, bu, onun öz günahıdır. Yaxşı əsər oxunur, satılır. Mən ondan həmişə razıyam. Məsələn, “Son nəfəsədək Azərbaycan” romanım 2013-cü ildə bir həftəyə 500 tiraj satılmışdı, məəttəl qalmışdım. Gərək obyekt də maraqlı olsun, burda söhbət Vüqar Əhməddən getmir, mən bunu öz uğurum saymıram, həqiqəti deyirəm. Yəni xalqın ona olan məhəbbətidir. 500 tiraj satıldı, cəmi iki dənə evdə gizlədə bildim ki, yadigar qalsın. 
2003-cü ildə şeirlər kitabım çıxdı. 1000 tirajla, sonra yenidən çap olundu 2000 tiraja gəlib çıxdı. Sonra gördüm ki, bir nəşriyyat pirat kitablar çıxarıb. Rayonlardan yazanlar vardı ki, bizə də kitab göndərin. Mən heç vaxt oxucumdan, kitab satışından narazı olmamışam. Sadəcə, özümün maddi imkanım icazə vermir ki, tez-tez kitab buraxım. 2008-ci ildə ilk dəfə ali məktəblər üçün “Ədəbiyyatşünaslıq” dərsliyi yazdım. 500 tirajı tələbələr aldı, daha sonra pedaqoji universitetdən müəllimlər gəldi, daha 500 tiraj da buraxdıq. Sonra nəşriyyatın müdiri dedi ki, gəl 1000 tiraj da buraxaq. Adicə dərsliyi deyirəm. Gərək mövzu da maraqlı olsun. 
Məndən inciməsinlər, yazıçının əsəri satılmırsa, öz günahı da var. Bir də bu gün oxucuların çoxu detektiv oxumağı sevir. Professional, zəngin, elitar oxucu həqiqi ədəbiyyat istəyir. Bizdə kinoya baxanda hamı “Kurtlar Vadisi”nə baxırdı. Bir nəfər saymışdı ki, Polad Ələmdar film boyu 44 min adam öldürüb, təsəvvür edirsiniz? Hamı detektivə meyillidir, detektiv əsərlər yazanda dünyada daha çox tanınırsan. Bütün dünya kriminal məzmunlu əsərləri sevir. 
Məsələn, həqiqi oxuyanlar illərlə yaşayırlar, Alim Qasımov kimi. Amma görürsünüz ki, daha çox “tullanan” müğənniləri xoşlayırlar. Oxucunun səviyyəsi deyilən bir şey var. Biri var xalq, biri də var kütlə. 
- Vüqar müəllim, elə biz də söhbəti ora gətirmək istəyirdik. Son illər müğənnilərin repertuarında bayağı mahnılar ciddi musiqiləri üstələyib. Bəzi müğənnilər bunu yaxşı mətnlərin olmamasıyla əlaqələndirirlər. Doğrudanmı, şairlərimizin ilham pərisi yoxa çıxıb? 
- Yox, yox. Şairlərimizin ilham pərisi əladır. İstər yaşlı nəsil, istərsə də gənc nəsil arasında. Gənc şairlərin içində də çox istedadlılar var. Onu deyən müğənnilər yalan danışırlar. Çünki o bayağı sözləri özləri yazırlar. Elə müğənni var ki, ola bilsin şairlik bacarığı olsun. Məsələn, muğam ifaçıları arasında da var belələri, öz yazdığı şeiri oxuyur, görürsən ki, bədii cəhətdən zəif, bərbad haldadır. Elə müğənni var ki, götürür oxuduğu mahnının içinə 50 dənə müğənninin adını salır. Ayıb deyil? Bu məddahlıqdır. Sovet vaxtı bədii şura onu buraxardı? Adam sənəti ilə sevilər. Gənc şairlərə zəng vursunlar, əlaqə saxlasınlar. Amma elə şair də var ki, bədii mətn yaza bilmir, onlar bəstəkarlarla işləməlidirlər. 
- Bayağı musiqilərin populyarlaşmasında telekanalları günahlandıranlar da az deyil. Telekanal rəhbərlərinin pul müqabilində zövqsüz müğənniləri efirə çıxardığı bildirilir. Bayağı müğənnilərin telekanallarda “at oynatmasına” səbəb nədir?
 - Telekanallar bayağı mahnılara üstünlük verirlər. Onları efirə buraxmamalıdırlar. Yalandan Bədii Şura yaradıblar. O Bədii Şuraların sadəcə adı var. Heç bir yerə yığılmırlar, mətnə baxmırlar. Bir də ki, Bədii Şuranın üzvləri də səviyyəli olmalıdır axı. Şurada elə müğənni var ki, heç savadı yoxdur, adını yaza bilmir. Eləsi var ki, Xalq artistidir, amma oxuya bilmir, götürüb onu da Bədii Şuraya salıblar. 
Mən də vaxtilə AzTV-də Bədii Şuranın sədr müavini olmuşam. Amma kimin müavini olmuşam: Ramiz Mirişlinin. Bizim Bədii Şurada rəhmətlik Xalq artisti, bəstəkar Ramiz Mustafayev, İslam Rzayev, Arif Babayev, Fikrət Qoca, Məmməd Aslan kimi şəxslər olub. Bədii Şuraların üzvləri arasına müğənnilər salınmamalıdır, çünki istər-istəməz paxıllıq olur. Həmin müğənni görəndə ki, biri yaxşı oxuyur, dərhal onda aqressiya yaranır. Özü böyük sənətkardırsa, ürəyiaçıq insandırsa, onda olar. Amma orta və ya aşağı səviyyəli müğənni Bədii Şuradadırsa, istedada aqressiv yanaşacaq. 
- Amma siz özünüz də ATV-nin Bədii Şurasının üzvüsünüz...
- Bəli, üzvüyəm, amma adım qalıb. Sonra başqa bir kanalda da Bədii Şura yaratmışıq. Bir dəfə də yığışmışıq. Mən özüm bir neçə telekanalda Bədii Şurada varam. Amma bunların əleyhinəyəm. Ondansa musiqili verilişlərə səviyyəli baş redaktor təyin etsinlər. Professional musiqiçi, gözəl zövqü olan şəxs olsun. O özü götür-qoy etsin ki, bunu efirə vermək olar, ya yox. Açığı, məncə, Bədii Şuralara heç ehtiyac yoxdur. Kanal rəhbərləri dövləti aldadırlar, deməyə çalışırlar ki, guya işləyirəm.

Paylaş: