MTRŞ: Bu il televiziya və radio reklamı bazarının 30 faizədək tənəzzülü gözlənilir
Tarix: 24-06-2020, 11:09



Azərbaycanda ödənişli televiziya xidməti təqribi olaraq 300000 ailə və ya əhalinin 12%-i tərəfindən istehlak olunur. 
Milli Televiziya və Radio Şurasından APA-ya bildirilib ki, əhalinin 80 %-ə yaxını televiziya siqnalını peyk antennaları vasitəsilə qəbul edir, 8-10% arası əhali isə ev antennalarından istifadə etməklə yerüstü yayımdan bəhrələnir.
Bildirilib ki, audiovizual industriya subyektlərinin vəziyyətinin daha təfsilatlı analizi göstərir ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi templərinə uyğun gəlmir.

İndustriyann inkişafını məhdudlaşdıran ciddi faktorlardan biri köhnəlmiş qanunvericilik bazasıdır ki, onun yenilənməsi üzərində iş Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üçün əsas vəzifələrindəndir.
Televiziya reytinqlərinin keyfiyyətli ölçmələrinin və radio kanalların fəaliyyətinin ölçmə mexanizmlərinin ümumən olmaması da sahənin inkişafına neqativ təsir edir.
2019-cu ildə ölkədə təsbit olunan reklam bazarının həcmi Azərbaycanda istehlak səviyyəsinə nisbətdə müqayisə olunmayacaq dərəcədə aşağı, eyni istehlak bazarı olan ölkələrlə müqayisədə isə əhəmiyyətli dərəcədə aşağıdır. Bundan başqa, COVİD-19 pandemiyası nəticəsində əhalinin iqtisadi fəallığının azalması karantin tədbirlərinin davamlılığından asılı olaraq 2020-ci il üçün televiziya və radio reklamı bazarının 15%-dən 30%-dək tənəzzülü gözlənilir.
Ödənişli televiziya xidməti sektorunda abonent bazasının cüzi azalması trendi müşahidə olunur. Bunun əsas səbəbləri xarici kanalların peyk antennaları vasitəsilə ödənişsiz baxılmasının geniş yayılması, sahənin tam tənzimlənməməsi səbəbindən ödənişli televiziya xidməti göstərən qeyri-leqal provayderlərin aktivliyi, ayrı-ayrı hallarda siqnalın son istifadəçiyə çatdırılmasında mənzil-tikinti kooperativləri (MTK) tərəfindən yaradılan texniki problemlərin mövcudluğudur.
Məlumata əsasən, industriyanın ən az inkişaf etmiş seqmenti isə, serial istehsalı istisna olmaqla, müstəqil prodüser qrupları tərəfindən televiziya məzmununun istehsalıdır. Sektorun zəif inkişafının əsas səbəbi uzun illər efir vaxtının prodüser qrupları tərəfindən alınması kimi neqativ praktikanın olmasıdır.
2018-2020-ci illərdə həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi əməkdaşlar ilə şirkətlər arasında əmək münasibətlərinin, həmçinin, kommersiya gəlirlərinin leqallaşdırılması 2019-2020-ci illərdə industriyada müşahidə olunan müsbət trenddir.

Paylaş: